Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərin suallarını cavablandırıb.
Azadmedia.az sual və cavabları təqdim edir.
- Bahar xanım, Ulu öndər Heydər Əliyevin yüzilliyi ilə bağlı siz və komitə əməkdaşları fəxri xiyabanda milli liderimizin məzarını ziyarət etdiniz, fikirlərinizi bizimlə bölüşərdiniz-Bu gün biz növbəti dəfə Ulu öndər Heydər Əliyevin yüzillik yubileyi günündə Fəxri xiyabana – onun məzarı üstünə gəldik. Görürsünüz ki, ona öz ehtiram borcunu, öz minnətdarlıq hissini ifadə etmək, onun xatirəsini yad etmək, ruhu qarşısında onun tövsiyələrinə, vəsiyyətinə əməl edəcəyinə onu əmin etmək üçün yüzlərlə, minlərlə insan bura axışır. Bu da təbiidir. Çünki Heydər Əliyev Azərbaycan xalqının bəşər ictimai-siyasi həyatına, bəşəriyyətin tanınmış, görkəmli şəxsiyyətləri sırasına təqdim etdiyi ən böyük şəxsiyyətdir. O, minillərlə Azərbaycan xalqının müstəqil dövlət qurmaq və öz taleyinin sahibi olmaq istiqamətində arzularını ideyadan reallığa çevirib. Müstəqil Azərbaycan dövlətinin qurucusudur, banisidir. Ölkə prezidenti olduğu dönəmlərdə xalqın bütün təbəqələrini öz ətrafında birləşdirən bir liderdir, ümummilli liderdir. O, öz xalqının övladı olmağın, onun lideri olmağın bir ölkə prezidenti, Ali Baş Komandan olmağın örnəyini, nümunəsini yaradıb. Bütün bunlarla yanaşı isə o, sadə, təvazökar, hər kəsə həssaslıqla yanaşmağı bacaran bir insan obrazının da örnəyini qoyub gedib. Onun özü ailə üzvləri ilə birlikdə Azərbaycana xidmət nümunəsini, Azərbaycan xalqı, dövləti uğrunda fədakarlıqla, qəhrəmanlıqla mübarizə aparmağın örnəyini qoyub. Ona görə də biz onu çox böyük ehtiramla yad edirik, ruhu qarşısında baş əyirik.
- Uşaq sığınacaqlarının Bakı ilə yanaşı bölgələrdə sayının artırılması ilə bağlı Milli Məclisin təklifi olub. Ölkədə dilənçiliyin qarşısının alınması üçün hansı işlər görülür. Dilənçiliklə məşğul olan uşaqlar müəyyən edilib və onların valideynlərinə xəbərdarlıq edilib. Bununla bağlı Komitə olaraq hansı işləri görürsünüz?- Komitə indiyə qədər mövcud qanunvericiliyin bizə verdiyi imkanlar və əsasnaməsində nəzərdə tutulan səlahiyyətləri çərçivəsində bu məsələlərlə məşğul olur. Bütün aidiyyəti qurumlar bu sahədə hər biri öz səlahiyyətləri çərçivəsində əlaqələndirilmiş fəaliyyətlə məşğuldur. Əlbəttə ki, uşaq hüquqlarının təmin olunması, onların müdafiəsi, çətin həyat şəraitində olan uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində əlaqələndirilmiş fəaliyyət həyata keçirilir. Biz bu əlaqələndirməni həyata keçirən bir orqan kimi, bu prosesi daim diqqətdə saxlayırıq. Həm ictimaiyyəti, həm yüksək dövlət orqanlarını, həm də beynəlxalq təşkilatları məlumatlandırırıq. Dövlət Komitəsi BMT-nin 8 Komitəsinin ikisində - Uşaq hüquqları və Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsində dövri hesabatlarla çıxış edir. Ötən il biz hər iki Komitədə bununla bağlı hesabatları təqdim etdik və hazırda müvafiq tövsiyələrimiz var. Həm uşaq hüquqları, həm də ayrı-seçkiliklə mübarizəyə dair BMT Komitəsinin bizim qarşımıza qoyduğu tövsiyələri əlaqələndirilmiş şəkildə dövlət orqanları və ictimaiyyətlə, o cümlədən media ilə həyata keçirməyə çalışırıq. Tövsiyələrdə nəzərdə tutulan məsələlərdən biri də sizin vurğuladığınız məsələdir. O sığınacaqların açılması, idarə olunması və xidmətin təşkil edilməsinə cavabdeh olan müvafiq hökumət orqanları ilə bu istiqamətdə iş aparılır, bu istiqamətdə Dövlət Proqramları var və bu Proqramlar çərçivəsində regionları əhatə etməklə belə mərkəzlərin açılması nəzərdə tutulub. Öz tərəfimizdən onu deyə bilərəm ki, Komitə olaraq biz ötən il, cənab Prezidentin Sərəncamı ilə 2-si işğaldan azad olunmuş ərazilərdə, 3-ü isə digər regionlarda olmaqla ailə mərkəzlərinin açılması və tikintisi prosesi ilə məşğuluq. Hazırda bir istiqamətdə Bakı şəhərində layihə smeta sənədləri artıq hazırdır və biz tikintiyə başlamaq ərəfəsindəyik. Digər istiqamətlərdə isə buna hazırlıq işləri gedir və yaxın illərdə 5 mərkəzin istifadəyə verilməsi ilə biz də bu prosesə öz töhfəmizi verəcəyik.
- Bahar xanım, konkret rəqəm deyə bilərsiniz, insan alverinin qurbanı olan azyaşlıların sayı ilə bağlı?- Qadın alveri, miqrasiya məsələləri ilə bağlı aidiyyəti qurumlar rəqəmlərlə çıxış edirlər. Biz yalnız o rəqəmləri aidiyyəti hesabatlara daxil etməklə məşğuluq. Mən rəqəm söyləyib yanlışlığa yol vermək istəməzdim. Onu deyə bilərəm ki, hər bir qurumun fəaliyyətində bu məsələ ilə bağlı statistikada irəliləmə var. Amma cəmiyyətin bu məsələyə münasibəti isə artan templə gedir ki, bu da normaldır. Mən bunu normal qəbul edirəm. Cəmiyyət, ictimaiyyət, insanlar heç bir zaman köməyə, yardıma ehtiyacı olan, çətin şəraitdə olan insanların, o cümlədən uşaqların taleyinə biganə qala bilməzlər. Təbii ki, onlar bunu çox ciddi şəkildə müzakirə edirlər və müzakirə prosesi bu istiqamətdə tədbirlər görmə prosesini dəfələrlə üstələdiyi üçün belə disbalans yaranır. Amma özlüyündə bu da cəmiyyətin bir dəstəyi və köməyidir ki, hər kəsi – dövlət qurumlarını, bu məsələyə cavabdeh şəxsləri daima ayaqda saxlayır. Həmçinin valideynləri, ailələri - öz övladlarına diqqət yetirməli, onları himayə etməli, onları hər cür təhlükədən qorumalı olan ilk sosial qrupa, cəmiyyətin əsası, nüvəsi olan ailəyə də tövsiyələrini, öz çağırışlarını etməlidirlər ki, onlar da övladlarının taleyinə biganə qalmasınlar, məsuliyyət daşısınlar.
- Bahar xanım, Sumqayıtda idman zalında döyülərək öldürülən uşağın ailəsinə baş çəkdinizmi? Bu məsələ Sizin də nəzarətinizdədirmi? - Bəli, məsələ nəzarətimizdədir. Dərhal biz öz səlahiyyətlərimiz çərçivəsində məsələ ilə məşğul olduq. Əlbəttə ki, aidiyyəti qurumlar müvafiq işləri aparırlar. Ordakı bəzi məqamlarla bağlı biz fikir söyləyə bilmərik. Hər hansı fikrin söylənməsi də məqsədəuyğun deyil. Ümumiyyətlə isə bu qəbuledilməzdir və ağılasığmaz bir hərəkətdir. Ona görə də, mən düşünürəm ki, indiyədək bu məqamların nəzərə alınmadığı uşaqlara xidmət göstərilən bütün sahələrdə müvafiq monitorinqlərin aparılmasını təklif edirik, müvafiq standartların müəyyənləşdirilməsi işini təşkil etməliyik və hazırda biz bu işlərlə məşğuluq. Ümumiyyətlə haradakı uşaqlara xidmət göstərilir orada monitorinq mütləq vacibdir və biz bunun formaları və meyarları üzrərində çalışırıq.