Quduzluğa yoluxma ehtimalı ilə bağlı sosial şəbəkələrdəki narahatlığı, xüsusən heyvanların quduzluğa yoluxmuş olduğu təsdiqlənəndən sonra, həmin ətdən yeyən insanların hazırki psixoloji durumunu nəzərə alaraq, bu sətirləri yazmağı lazım bildim:
1. Rəsmi məlumatda qoyunlara hücumun aprelin 20-dən 21-nə keçən gecə olduğu, yaralanmış heyvanların ətindən isə, aprelin 21-i gündüz saatlarında istifadə olunduğu bildirilir. Yəni heyvanların ətindən hücuma məruz qaldıqdan təqribən 10-15 saat sonra qida kimi istifadə olunub. Bildirirəm ki, quduzluq virusu tək zəncirli RNT əsaslı virus olub, yalnız sinir toxumasına qarşı tropluq göstərir və sinir lifləri ilə baş və onurğa beyininə transformasiya olunur. Virus beyinə çataraq, Babeş-Neqri cisimləri əmələ gətirməklə artıb-çoxalaraq, xəstələnməyə və sonda ölümə səbəb olur. Bu virusların sinir liflərində maksimal hərəkət sürəti 3 mm/saatdır. Yəni quduz heyvanın dişləməsindən sonra viruslar 10-20 saat müddətinə sinir boyu maksimum 3-6 sm hərəkət edə bilər. Odur ki, bu müddətdə virusların beyinə çatma və heyvanın xəstələnmə ehtimalı yoxdur. Başqa sözlə, həmin şəxslərin yediyi ət xəstə- quduz heyvanın deyil, sağlam heyvanın ətidir. Yəni burada xəstələnmə ehtimalı yoxdur.
2. Quduzluq virusu qaynama temperaturunda ani olaraq məhv olur. Odur ki, insan hətta xəstə heyvanın ətini yesə və ya südünü içsə də, quduzluğa tutula bilməz.
3. Quduzluq virusu yalnız sinir toxumasına tropluq göstərdiyindən (bax.1), insan xəstə heyvanın nəinki bişmiş, hətta çiy ətini də yesə və ya çiy südünü də içsə, yenə bu infeksiyaya yoluxa bilməz. Düzdür nəzəri cəhətdən bu ehtimal oluna bilər. Lakin, heyvanlar istisna olunmaqla, bu günə qədər belə bir hal insanlar arasında müşahidə edilməmişdir.
4. Xəstəliyə yoluxmanın ilkin şərti, patoloji aqressiv “reptil fəallıq” səbəbindən, quduz heyvanın insana hücum edərək onu dişləməsidir (virus ağız suyu vasitəsilə zədə nahiyyəsindən birbaşa qana verilməklə yoluxur). Ev heyvanları arasında patoloji reptil fəallıq yalnız quduzluq virusuna xususi həssaslıq göstərən heyvanlarda- pişiklərdə və iri buynuzlu qaramalda olur. Qoyun heyvanının quduzluğa münasibətdə həssaslığı yüksək olmadığından, onlarda xüsusi aqressivlik, yəni insana hücum müşahidə olunmur. Odur ki, bu yolnan da quduzluğa yoluxmaq mümkün deyildir.
5. Quduzluğa yoluxmuş qoyun heyvanından insanın yoluxması yalnız aşağıdakı halda mümkündür. Ölmüş heyvanı kəsələr, onu kəsən şəxsin əlində dəri tamlığının pozulduğu nahiyyə ola və o, heyvanın xüsusən baş və ya onurğa beyinini doğrayaraq əlinə götürsün. Beyin toxuması virusla zəngin olduğundan, şəxsin əlində zədə varsa, kontakt zamanı yoluxma ehtimalı istisna olunmur. Yoluxma həmçinin xəstə heyvanın ağız suyunun şəxsin zədələnmiş dəri və ya selikli qişasına düşdükdə də mümkündür.
6. Bunu da söyləməyi lazım bilirəm ki, quduzluq virusu insandan-insana keçmir. Hətta quduz insan sağlam insanı dişləyib yaralasa belə. Nəzəri cəhətdən bu ehtimal olunsa da, quduzluğun insana məlum olduğu tarixdən (Bizim Eradan 100 il əvvəldən) günümüzə qədər, belə bir hal müşahidə edilməmişdir.
7. Yazdıqlarımı ümumiləşdirərək bildirmək istəyirəm ki, həmin insanların nəzarətə götürülməsi və peyvənd alması arzuolunan haldır. Lakin bunlarsız belə, həmin şəxslərin 6-cı punkt xaric quduzluğa tutulma ehtimalı yoxdur.
Musa QƏNİYEV,
Tibb elmləri doktoru