AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qumara sürəklənən vətəndaşlar, susdurulan qurumlar

  • + A
  • - A
  • 30-11-2023, 11:35

    Qumara sürəklənən vətəndaşlar, susdurulan qurumlar

    Hazırda sözün kobud mənasında qumar oyunları ölkəni bürüyüb. Təəssüfləndirici haldır ki, qumarın gətirdiyi bəlalar bir tərəfə, son dövrlər ölkənin əksər media qurumlarını verdikləri maliyyə ilə susdurmağa nail olmağı bacaran Azərlotereya ASC qumarbazların dili ilə desək cığallıqlara başlayıb. Azadmedia.az faktlarla bunu sübut etsə də, hüquq-mühafizə orqanları, İstehlakçıların Müdafiə Komitəsi heç bir tədbir görmədi. Aldadılan vətəndaşlarla yanaşı, ekspertlərin də mövzuya yanaşmaları olmalı, mediada çıxış edib insanları zərərli vərdişlərdən uzaq olmağa çağırmalı, qumarbazların oyunçuları aldatması faktlarını yayımlamaqda bizlərə dəstək olmalıdırlar. Dövlət qurumlarında işi olan bir neçə iqtisadçı ekspertlə danışıb açıqlama almaq istəsəm də, işlərini itirməkdən qorxub susmağa üstünlük verdilər. Görünür gözünü qumarın haram pulları örtmüş Azərlotereyanın caynaqları çox uzanıb, insanların çörəyi ilə oynamaqdan da çəkinmir.

    "Lotoreyada insanların hər şeylərini uduzmaları sosial faciədir. Bunun səbəblərindən biri sosial-iqtisadi vəziyyətin ağırlığıdır. İnsanlar iş tapa, normal gəlir əldə edə bilmir. Əhalinin əksəriyyəti əlinə düşən son pulları ümidlə lotereyaya verir ki, bəlkə iri məbləğdə uduş əldə edib bu həyatdan qurtula. Xüsusən də işsizlər, yoxsullar bu ümidlə yaşayır". Bu sözləri Azadmedia.az saytına bildirən Hüquqi və Demokratik İslahatlar Mərkəzinin rəhbəri Elçin Bayramlı digər səbəbin psixoloji olmasını bildirib. Ekspertin sözlərinə görə insanların bir qismi asan yolla pul qazanmağa həvəs göstərir. Onların normal gəliri olsa belə rahat və asan vasitələrlə qazanc götürmək istəyirlər. Hər iki qrup da məqsədinə çata bilmir:
    "Kifayət qədər insan var ki, nə vaxtsa az məbləğ qazanıb və şirniklənib. Sonra isə 5-10 dəfə çox uduzub. Evini, maşınını, bütün əmlakını uduzanlar, hətta əlavə kredit götürüb onu da uduzanlar var. Bu qumar oyunları nəticəsində minlərlə ailələr dağılır, insanlar acınacaqlı vəziyyətə düşür, hətta cinayət hadisələri baş verir.
    Bu, sözün əsl mənasında sosial faciədir. Lotereyalar ləğv edilməlidir".


    E.Bayramlı xatırladıb ki, 2000-ci illərin ortalarınadək bu qumar növləri ilə özəl şirkətlər məşğul olurdu, sonra dövlət bu sahəni öz əlinə aldı və “Azərlotoreya” adlı dövlət şirkəti yaradıldı. Həmin dövrdə böyük bir lotoreya bumu yaşandı və milyonlarla insan zərərə düşdü. 2-ci lotoreya bumu isə bir neçə ildir başlayıb də indi də eyni proses gedir.
    Lotoreya adı ilə vətəndaşlarla faktiki olaraq qumar oynanılır. Ən yaxşı halda yığılan məbləğin 50 faizi uduş fonduna gedir, qalanı isə mənimsənilir. Bu, necə deyərlər, mədəniləşmiş qumar növüdür.
    "Şəhərlərin küçələri lotoreya stendləri ilə doldurulub. Təsəvvür edin, təkcə Dəmiryol Vağzalının qarşısında bir-birinə az qala bitişik qoyulmuş 10-15 lotoreya stendi var.
    İnternetdə də müxtəlif elektron qumar oyunları mövcuddur ki, burada da on minlərlə insan aldadılır, soyulur. İnsanları heç bir halda qazanclı çıxmayacaqları bu tip qumar oyunlarından aralı durmağa çağırıram",
    - deyən Elçin Bayramlının sözlərinə görə nə dövlət vətəndaşlarla qumar oynamalıdır, nə də özəl şirkətlərə bu imkan verilməlidir. Hər növ qumar oyunu qəti şəkildə qadağan edilməlidir. Bu biabırçılıq ortadan qalxmalıdır. Bizim cəmiyyət üçün çox təhlükəli və faciəvi haldır, yığışdırılmalıdır. Cinayət məcəlləsində buna görə cəza tətbiq edilməlidir. Əks halda sosial vəziyyət daha da ağırlaşacaq.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR