AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Blinken Ukraynaya, köməkçisi isə Gürcüstana gəldi – ABŞ nədən narahatdır?

  • + A
  • - A
  • 14-05-2024, 15:41

    Blinken Ukraynaya, köməkçisi isə Gürcüstana gəldi – ABŞ nədən narahatdır?


    Bu gün Gürcüstanda çox gərgin bir gün olacaq. Parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirə edəcək və yəqin ki, səs çoxluğu ilə qəbul edəcək.

    Ölkənin Baş naziri İrakli Kobaxidze dünən keçirdiyi brifinqdə bildirib ki, mayın 14-də keçiriləcək plenar iclasda Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü və yekun oxunuşda qəbul edəcək:

    “Gürcüstan parlamenti Gürcüstan əhalisinin əksəriyyətinin rasional iradəsinə uyğun hərəkət edəcək və üçüncü oxunuşda “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edəcək ki, bu da qütbləşmənin aradan qaldırılmasında həlledici rol oynayacaq”.

    Baş nazir həmçinin etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb. Eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarına nümayişçilərin hər hansı zorakılıq təzahürünə maksimum səbirlə cavab verməyi tapşırıb.

    ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen isə Gürcüstana gəlib.

    Nəzərə alaq ki, Vaşinqton agent haqqında qanunun qəbulu əleyhinədir. Bununla bağlı ABŞ rəsmiləri dəfələrlə öz narahatlıqlarına dilə gətirib. Hətta rəsmi Tiflisə hədə də gəlinib ki, əgər bu qanun qəbul edilsə, onda ABŞ Gürcüstana bütün yardımlarını dayandıracaq.

    Təsadüfi deyil ki, məhz bu bəyanatdan sonra Baş naziri İrakli Kobaxidze ABŞ-a səfərini təxirə saldı. İndi isə Ceyms O’Brayen özü durub gəlib Tiflisə. Yəqin ki, ABŞ diplomatı hesab edir ki, Gürcüstan höküməti ilə ortaq dil tapacaq.

    Amma görünən odur ki, Dövlət katibinin köməkçisi öz istəyinə çatmayacaq. Çünki hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvili ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayenlə görüşdən imtina edib. Bunu da ölkənin Baş naziri İrakli Kobaxidze dünənki brifinqdə bildirib.

    Bidzina İvanişvili isə məlum olduğu ki, Gürcüstan hakimiyyətinin “xaç atası”dır. Əgər o ABŞ elçisini qəbul etmirsə, deməli vəziyyət kifayət qədər ciddidir. Rəsmi Tiflis çıxdığı yoldan geri dönmək fikrində deyil.

    Gürcüstanın qətiyyəti və etirazçılarınsa geniş kütləsi isə vəziyyətin yaxşı istiqamətdə inkişaf etmədiyini göstərir. Bu gün yəqin ki, etirazçılarla polis arasında ciddi toqquşmalar olacaq. Təbii ki, hökümət polisə tapşırıq verib ki, təxribatlara uymasınlar və ancaq asayişin bərpasına çalışsınlar. Bununla belə izdihamlı kütlənin nə edəcəyini qabaqcadan proqnozlaşdırmaq çox çətindir.

    Gürcüstan niyə bu duruma gəldi?

    Nəzərə alaq ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əvvəlki illərdə də parlamentin müzakirəsinə çıxarılmışdı. Lakin onda hökumət etirazçılar qarşısında geri çəkildi və 1anun layihəsi parlamentin müzakirəsindən çıxarıldı. Çünki Gürcüstanda 25 mindən artıq QHT var ki, onların da çoxu Qərbdən maliyyələşir. Qərbsə pulu heç kimə bəxşiş kimi vermir.

    Qrant alanlar konkret missiya daşıyırlar. Daha doğrusu, qrant alanlar yerli hakimiyyəti yox, Qərbdəki fondları eşidir, onların dediklərini edir. Bu da təbii ki, Gürcüstanı daxildən sarsıdır. Ona görə də dövlət və milli maraqlar baxımından rəsmi Tiflis yenidən qanun layihəsini gündəmə gətirdi.

    Bu dəfə hökümət öz fikrində xeyli qərarlıdır.

    Yəqin ki, bu gün parlament qanunu qəbul edəcək və qalacaq son mərhələ- Prezidentin qanunun qüvvəyə minməsi üçün Fərman imzalaması. Bu da asan görünmür. Çünki Gürcüstan Prezidenti Salome Zurabişvili qanun əleydarlarından biridir. Amma son günlər o da mövqeyində bir qədər yumşalıb. Hətta iki gün öncə ölkə müxalifətinə müraciət edib.

    O, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarlarını, yəni, müxalifəti “son dərəcə diqqətli” olmağa çağırıb.

    "Mitinq iştirakçılarına müraciət etmək istəyirəm ki, diqqətli olsunlar. Bəzilərinin sizi - müxalifəti təxribata çəkmək planları var. Buna görə də istəyirəm ki, siz çox diqqətli olasınız. Bu, qorxu deyil, ehtiyatlı olmaqdır".

    Yəni çox ehtimal ki, Salome Zurabişvili qanunu imzalayacaq. Əks təqdirdə o öz siyasi sonunu gətirə bilər.

    Bidzina İvanişvili Ceyms O’Brayenlə görüşdən niyə imtina edib?

    Nəzərə alaq ki, ABŞ dövlət katibinin köməkçisinin bu səfəri qabaqcadan razılaşdırılmamışdı. Ona görə də bu səfərdən Gürcüstan hakimiyyəti yaxşı heç nə gözləmir. Hər kəs bilir ki, Ceyms O’Brayen hakimiyyətdən məlum qanun layihəsinin qəbulunun dayandırılmasını istəyəcək.

    Rəsmi Tiflis isə bu dəfə çox qərarlıdır. Çünki Gürcüstan son 30 ildə Qərbdən umduğu heç nəyi ala bilməyib. 1999-cu ildən Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəddir. Yaxın zamanlarda da bu üzvlük məsələsi həll olunana oxşamır. Çünki Aİ deyir ki, Gürcüstan ən yaxşı halda 2030-cu ildə quruma üzv ola bilər. Amma son 35 ildə Qərbin dedikləriylə hərəkət edən Gürcüstan ən azı ərazi bütövlüyünü və suveren hüquqlarını itirib.

    Hazırda Gürcüstanın 20 faiz ərazisi işğal altındadır. Bu illərdə Gürcüstanın qazancı cüzi maliyyə yardımları və Aİ ölkələrinə vizasız gediş haqqı olub. Bu isə Gürcüstanın gözləntiləri fonunda heç nədir. Ona görə də Gürcüstan siyasi kursunu dəyişir. Bu gün Gürcüstan üçün Aİ üzvülüyündən daha əhəmiyyətli məsələ öz ərazi bütövlüyünün və suveren hüquqlarının bərpasıdır. Ona görə də İvanişvili ABŞ-ın elçisini qəbul etmədi.

    Bununla da Gürcüstan hakimiyyəti yeni siyasi dönəmin başlanğıcının anonsunu verdi. Artıq Gürcüstan daha çox regional maraqlardan çıxış edəcək. Bu isə Gürcüstana imkan verəcək ki, qonşu dövlətlərlə, xüsusən də Rusiya ilə münasibətlərə yenidən baxsın.

    Antoni Blinkenin Ukraynaya plansız və qəfil səfəri nədən xəbər verir?

    ABŞ keçmiş SSRİ ölkələrində nüfuzunu sürətlə itirir. Bax, Gürcüstanda baş verənlər də bunun növbəti sübutudur. Bunu Ağ Evdəkilər də yaxşı bilir. Ona görə də Dövlət katibi təcili Kiyevə gəlib. Bu səfərlə ABŞ göstərmək istəyir ki, onlar yenə də Ukraynanın yanındadırlar. Lakin bu səfər nə Ukrayna xalqına yaxşı nəsə vəd edir, nə də ki, Rusiyanın cəbhədəki uğurlarının qarşısını almır. Bu səfər əslində Gürcüstanda baş verən anti-Qərb kampaniyasının inkişafının qarşısını almaq məqsədi daşıyır.

    ABŞ narahatdır ki, Gürcüstandakı proseslər Moldova və Ukraynaya yayılmasın. Ola bilsin ki, yaxın günlərdə daha bir ABŞ rəsmisi Moldovaya səfər etsin. Çünki Vaşinqton bütün vasitələrlə çalışacaq ki, vəziyyəti nəzarətdə saxlasın.

    Bəs, buna nə qədər nail olacaq?

    Bunu artıq zaman göstərəcək…

    Bizim.Media


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR