Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyasında iştirak edir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında mayın 27-də Ümumdünya Səhiyyə Assambleyasının 77-cı sessiyasının açılış mərasimi keçirilir. Builki Səhiyyə Assambleyasının mövzusu “Bütün səylər sağlamlıq naminə, hər kəs üçün sağlamlıq”dır.
Azərbaycan Respublikası Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
77-ci sessiya çərçivəsində Ümumdünya Səhiyyə Assambleyası 2025-2028-ci illər üçün iş proqramının layihəsini, vərəm və poliomielit xəstəliyinin aradan qaldırılması strategiyasını, diqqətdən kənarda qalan tropik xəstəliklərlə mübarizə üzrə yol xəritəsini, dəyişən iqlim şəraitində sağlamlığın qorunması tədbirləri və digər aktual məsələləri nəzərdən keçirəcək.
ÜST-nin əsas illik forumuna dəvət olunan 194 dövlətin nümayəndələrinin diqqəti həmçinin pandemiyanın qarşısının alınmasına dair Saziş üzrə 2021-ci ildən davam edən işlərə yönələcək.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyasının sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayevin plenar iclasda çıxışı, təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşləri və digər işçi tədbirlərin keçirilməsi planlaşdırılır.
Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası iyunun 1-də yekunlaşacaq. Səhiyyə Assambleyası ÜST-nin siyasətini müəyyən edən ali qərar qəbuledici orqanıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.