Prof. İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvü
Xalqımız artıq dördüncü ildir ki, Müstəqillik Gününü qalib xalq kimi qürurla qeyd edir!
Bəli, 28 May – Müstəqillik Günütariximizin ən şanlı və parlaq səhifələrindən biridir.Əlbətdə ki, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin bir nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Sadəcə 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Sözsüz ki, yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Beləliklə, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir..
Beləliklə, yeni qurulan Cümhuriyyətimiz öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Elə ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı.
Ulu Öndər Heydər Əliyev dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.
Ulu Öndərin qeyd etdiyi kimi,
“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Heç şübhəsiz, Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. Olduqca çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər dövlətçiliyimizin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Əlbətdə ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Elə həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Belə bir ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ümummilli Lider dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. O hakimiyyətə qayıtdıqdan sonra dövlətçilik tariximizin yeni inkişaf mərhələsi başlamışdır. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndərin ölkədə uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, ilk növbədə azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Ümummilli liderin vurğuladığı kimi “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir.”
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti cənab İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Bu gün Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dayanmadan inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Belə ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Bütün bunlarla bərabər, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. O da bir həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində, Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Fəxrlə qeyd edə bilərik ki, Prezident İlham Əliyev öz fəaliyyəti ilə Ulu Öndər ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb.
Yaşasın müasir, müstəqil Azərbaycan!