Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Vətəndaş həmrəyliyinin gücləndirilməsi” layihəsi çərçivəsində Zaqatala rayonunun Əliabad kəndində şəhid ailələri, qazilər, veteranlar və yeniyetmə gənclərin iştirakı ilə maarifləndirici tədbir keçirildi.QHT.az xəbər verir ki, tədbirdə ilk öncə 44 günlük Vətən müharibəsində şəhid olan oğullarımızın, eləcə də Əliabad kəndinin şəhidi İsmayıl İrapovun ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri və layihənin rəhbəri Elmira Mehdiyeva açaraq iştirakçıları layihənin məqsəd və məramı ilə ətraflı tanış etdi. O qeyd edir ki, son 4 ildə baş verən ciddi dəyişikliklər hər birimizin həyatına öz təsirini göstərmişdir. Azərbaycan xalqı artıq məğlub xalq deyil, qalib xalqdır. O bu qələbəni döyüş meydanında, şəhidlərin qanı bahasına qazanmışdır. Bu qələbədə milli həmrəyliyimiz müstəsna rol oynayıb. Ölkəmizdə tarixən yaşayan xalqlar vətəndaş birliyini nümayiş etdirərək Ali Baş Komandanın ətrafında sıx birləşib. İndi qarşıda duran məqsəd qazandığımız bu qələbəni əldə saxlamaq, torpaqlarımızın bütövlüyünü qoruyub saxlaya bilməkdir. Bunun üçün qələbənin dərslərini, vətən müharibəsində qələbənin əldə edilməsində göstərilən döyüşçü əzmini, xalq dövlət birliyini, arxa cəbhənin əyilməz inamını və bir çox məziyyətləri gənclərə öyrətməli, onlarda vətənpərvərlik hissləri aşılanmalı, düşmənin mənfur siması tanıdılmalıdır. Müasir dövrün reallığı elədir ki, cəmiyyətdə həmrəylik, birlik olmalıdır.
Layihənin eksperti İbrahim İbrahimov bildirir ki, Azərbaycan xalqının ən qürurlu, ən parlaq Zəfəri, 44 günlük müharibə milli birliyimizin təntənəsi kimi tarixə qızıl hərflərlə həkk olundu. Bütün millətlərin nümayəndələrindən olan igid oğullar silaha sarılaraq döyüşdülər, sinələrini düşmən gülləsinə sipər etdilər. Bu qəhrəman övladların hər biri Azərbaycanı canlarından çox seviblər. Yəhudisi də, ləzgisi də, talışı da, avarı da, saxuru da, ingiloyu da, rusu da, türkü də yaralı yurdumuzun müdafiəsinə qalxdı. Bu ilin sentyabrında antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Əsgəran, bir sözlə, bütün Qarabağ Azərbaycanın nəzarətinə keçdi. Bu günlərdə isə Qazax rayonunun 4 kəndi qaytarılaraq, sərhəd xətti işğaldan əvvəlki yerində quraşdırıldı və ərazi Azərbaycan ordusunun nəzarəti altına keçdi. Bütün bunlar tarixdir və şanlı qələbəmizdir.
Postmüharibə zamanında qalib Azərbaycan cəmiyyətinin daha çox maariflənməsinə, yeni bilgilər, informasiyalarla təmin olunmasına böyük ehtiyac var. Bu məqsədlə Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən, zəfərindən sonra yeniyetmə və gənclərimiz arasında Vətən müharibəsi qələbəsini təbliğ etməliyik. Gənc nəsil 2020-ci ildə 44 günlük müharibədə təkcə qələbəmizdən deyil, hakimiyyət-ordu-xalq birliyi və vəhdətindən də bilgilənməlidir. Dövlətimizin, xalqımızın, ordumuzun yenilməzliyi, cəsurluğu ilə fəxr etməlidir.
Tədbirdə çıxış edən Zaqatala rayon İH-nin Əliabad qəsəbəsi üzrə ərazi nümayəndəsi Həsən Həsənov, mədəniyyət mərkəzinin müdiri Aybəniz Heydərova, Şaiq Əlixanov, qazi qardaşımız Habil Şabanov, Əliabad qəsəbə 3 saylı tam orta məktəbinin müəllimləri Maral Qaflanova və Biçə Mahmudova, yeniyetmə gənc Seymur Haqverdiyev və başqaları layihənin əhəmiyyətini qeyd etməklə yanaşı tarixi qələbəmizdən şövqlə danışdılar və bundan sonra da bu birliyin, həmrəyliyin qorunub saxlanması üçün əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.