AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

11 sentyabr terrorundan 25 il sonra Nyu-Yorkda yeni sənədlər üzə çıxdı

  • + A
  • - A
  • Bu gün, 22:03

    11 sentyabr terrorundan 25 il sonra Nyu-Yorkda yeni sənədlər üzə çıxdı


    11 sentyabr terrorundan 25 il sonra Nyu-Yorkda 170 min səhifəlik sənədlər yayımlandı
    ABŞ-ın Nyu-York şəhərində 11 sentyabr terror aktlarından 25 il sonra Ümumdünya Ticarət Mərkəzinin yerləşdiyi ərazidə hava keyfiyyəti və ətraf mühitin çirklənməsi ilə bağlı 170 mindən çox səhifəlik sənəd ictimaiyyətə açıqlanıb.
    Sənədlər göstərir ki, terror hücumlarından aylar sonra belə ərazidə insan sağlamlığı üçün təhlükəli maddələr, o cümlədən asbest aşkarlanıb. Bu isə həmin dövrdə şəhər sakinlərinə havanın təhlükəsiz olduğu barədə verilən açıqlamalarla bağlı suallar yaradır.

    Sənədlər 20 ildən artıq müddət ərzində şəhər qurumlarından birində 68 qutuda saxlanılıb. Məlumata görə, onlar yalnız ötən il aşkarlanıb. Materiallar arasında hava keyfiyyəti ilə bağlı hesabatlar, çirklənmə məlumatları və şəhər administrasiyasının yazışmaları yer alır.

    Nyu-York meri Zoxran Mamdani 11 sentyabr terrorunun 25-ci ildönümü ərəfəsində sənədlərin xüsusi onlayn portal vasitəsilə ictimaiyyətə açıq yerləşdirilməsinə göstəriş verib. Şəhər administrasiyası qarşıdakı bir il ərzində terror aktlarından sonra yaranan zəhərli maddələrlə bağlı digər materialları da araşdıraraq dərc etməyi planlaşdırır.

    Açıqlanan sənədlər mövcud məlumatların yalnız bir hissəsini təşkil edir. Buna baxmayaraq, sənədlərdə Ümumdünya Ticarət Mərkəzinin dağıdılmış qüllələrinin yerləşdiyi ərazidən 800 metrədək məsafədə terror aktlarından təxminən 10 ay sonra belə asbest aşkarlandığı qeyd olunur.

    Sənədlərdən biri Dünya Ticarət Mərkəzindən 1,6 kilometrdən az məsafədə yerləşən Con küçəsindəki bina ilə bağlıdır. 2002-ci ilin iyulunda burada toz nümunələri götürülüb və hesabatlarda binanın fasadının çıxıntılarında, damın qərb hissəsində və elektrik kabelinin yaxınlığında dəfələrlə asbestin olduğu müəyyən edilib.

    “9/11 Health Watch” təşkilatının icraçı direktoru Ben Çevat bildirib ki, sənədlər şəhər rəhbərliyinin zəhərli maddələrin yaratdığı təhlükədən xəbərdar olduğunu göstərir. Onun sözlərinə görə, buna baxmayaraq, həmin dövrdə ictimaiyyətə havanın təhlükəsiz olduğu barədə məlumat verilirdi.

    Sənədlərin açıqlanması “9/11 Health Watch” təşkilatının təşəbbüsü ilə başlayan məhkəmə prosesindən sonra mümkün olub. Yeni məlumatların 11 sentyabr hadisələrindən sonrakı illərdə xəstələnən insanların kompensasiya almaq üçün müraciətlərinə də təsir göstərə biləcəyi bildirilir. Materiallar həmçinin Nyu-York şəhər administrasiyasına qarşı yeni və ya dəyişdirilmiş məhkəmə iddiaları üçün əhəmiyyət daşıya bilər.
    Şəhər hakimiyyəti sənədlərin araşdırılması, nəticələrin aradan qaldırılması və materialların ictimaiyyətə təqdim olunması üçün 34 milyon dollar vəsait ayırıb.

    11 sentyabr terrorundan sonra zəhərli maddələrə məruz qalmanın insan sağlamlığına təsiri bu gün də davam edir. Məlumatlara görə, sonrakı illərdə terror aktları ilə əlaqəli xəstəliklərdən ölənlərin sayı birbaşa terror hücumlarında həyatını itirən təxminən 3 min nəfərin sayını ötüb.
    Bu xəstəliklər arasında ağciyər və qan xərçəngi, ürək-damar və tənəffüs sistemi xəstəlikləri də var.

    Nyu-York meri Zoxran Mamdani bildirib ki, şəhərin 11 sentyabr terrorundan zərər çəkən ailələrə, sağ qalanlara və xilasedicilərə borclu olduğu ən vacib məsələlərdən biri şəffaflıq və məsuliyyətdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR