Masallı, 25 sentyabr — Azadmedia.az
2024-cü il prezident və parlament seçkiləri müstəqil dövlətimizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirildi. Əlbətdə ki, bu olduqca əhəmiyyətli tarixi hadisədir. Eyni zamanda, II Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi bir hadisədir. Qəhrəman Azərbaycan xalqı güclü iradə və birlik nümayiş etdirərək 30 il davam edən işğala son qoydu. Ən önəmlisi isə, Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz yenilməz ruhunu göstərmiş oldu. Hesab edirəm ki, 2024-cü il bu mənada tarixdə qalan ən möhtəşəm il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərimizdə keçirilərək bir daha xalqımızın əyilməz iradəsini bəyan etmiş oldu.
Bəli, II Qarabağ müharibəmiz, həmçinin antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi Azərbaycan dövləti qarşısında yeni imkanlar, yeni ümidlər, yeni üfüqlər açır. Sözsüz ki, 30 ilin ağrılı işğalı arxada qaldı. Hazırda dövlətimiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyub və bütün bu proseslərin ən müsbət nəticələri də göz qabağındadır. Son yaxın illər ərzində Azərbaycan dövlətinin beynəlxalq əlaqə və mövqeləri daha da möhkəmləndi. Fəxrlə bəyan edə bilərik ki, II Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirə bildik. Ancaq bütün bunlarla yanaşı, bu reallığı qəbul etmək istəməyən ölkələr və dairələr də var idi, təəssüf ki, bu gün də var. Nəzərə çatdırım ki, hər birimiz bəzi xarici qüvvələrin haqsız yanaşmasını çox yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar hələ də davam edir. Lakin bu gördüklərimiz, nə bizim iradəmizə, nə də xalqımızın möhkəm iradəsinə heç cür təsir edə bilməz.
Onu da vurğulayım ki, dövlət suverenliyinin bərpa edilməsindən cəmi 1 il keçir. Ötən gün, böyük qürur hissi ilə biz bu günü bayram günü kimi qeyd etdik. Amma bütün bunlarla bərabər, arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Azərbaycan xalqı bu şanlı Zəfər tarixini əbədi olaraq qəlbində yaşadacaq. Eləcə də bütün gələcək nəsillər bu şanlı Qələbə ilə fəxr edəcəklər. Lakin hər bir halda, cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkə qarşısında duran vəzifələr hər daima reallaşdırılmalıdır ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatı təmin edilmiş olsun.
Eləcə də, COP29-un ölkəmizdə keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən xüsusi vacib amildir. Düşünürəm ki, bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Bizi dəstəkləyən dostlarımızın bütün qitələrdə sayı günbəgün artır. Cənab Prezidentimizin bildirdiyi kimi, II Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparırıq.
Eyni zamanda, cənab Prezidentimizin diqqətə çatdırdığı kimi II Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdürsə, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu gizlətmirlər. Bizim isə siyasətimiz, əslində, uzun illər ərzində bu istiqamətdə aparılırdı. İşğal dövründə, ilk növbədə, hərbi gücümüzün artırılması daim bizim əsas vəzifəmiz idi və biz bunu lazımi səviyyədə bacardıq.”
Bəli, sentyabrın 23-ü, 2024-cü il tarixdə VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi.
Əminliklə bildirə bilərik ki, Milli Məclis və onun millət vəkilləri öz işləri ilə dövlətimizin hərtərəfli inkişafına gərəkli töhfələri bundan sonra da verəcək və ölkəmizin hər daim dayanıqlı inkişafı təmin ediləcəkdir. Qeyd edim ki, VII çağırış Milli Məclis artıq öz işinə başlayıb. Məhz bu münasibət ilə bütün millət vəkillərimizi səmimiyyətlə ürəkdən təbrik edir, bundan sonrakı dönəmdə Milli Məclisin işinə nailiyyətlər arzu edirəm.
Əli Nağıyev