AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Füzuli şəhərinin azad olunması Azərbaycan tarixinin ən mühüm hadisələrindəndir

  • + A
  • - A
  • 18-10-2024, 22:18

    Füzuli şəhərinin azad olunması Azərbaycan  tarixinin ən mühüm hadisələrindəndir

    Nizami Səfərov,
    Azərbaycan Respublikası Milli Məclisinin deputatı


    İkinci Qarabağ müharibəsinin şanlı səhifələri sırasında strateji əhəmiyyətli Füzuli şəhərinin azad olunması xüsusi yeri tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərinə görə, “Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güç verdi. Azərbaycan Silahlı qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək, xilaskarlıq missiyasını davam etdirdi.”
    Əsası 1827-ci ildə qoyulan, Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə təşkil edilən və Qaryagin adlandırılan rayon, 1959-cu ilin aprelində böyük şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılmışdır.
    İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
    Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir və bunun ağır nəticəsi olaraq 663 nəfər şəhid olmuş, 400 nəfərədək insan yaralanmış, 181 nəfər əsir və girov götürülmüş yaxud itkin düşmüşdür.
    Ümummilli Lider Heydər Əliyevin əmri ilə 5 yanvar 1994-cü ildə baş tutmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad edildi.
    Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi strategiyasının qəhraman Azərbaycan Ordusu tərəfindən parlaq formada həyata keçirilməsi nəticəsində 2020-ci il 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad edilmişdir. Ümumilkdə isə Vətən müharibəsinin gedişində rayonun 62 yaşayış məntəqəsi azadlığına qovuşmuşdur.
    Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir.
    Böyük Zəfərimizin əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir və həmin Sərəncama uyğun olaraq 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub.
    Qələbədən sonra Füzulidə nəhənğ bərpa-quruculuq işlərinə start verilmişdir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda, yəni 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın yaşaması planlaşdırılmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR