AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliyev Trampı təbrik etdi

  • + A
  • - A
  • 6-11-2024, 15:07

    Əliyev Trampı təbrik etdi

    Prezident İlham Əliyev ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.

    Təbrikdə deyilir:

    “Hörmətli cənab Tramp,

    Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

    Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.

    Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.

    Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi.

    Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim.

    Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.

    Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

    Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR