Heydər Əliyev – Azərbaycan tarixinin ayrılmaz hissəsinə çevrilmiş dünya şöhrətli siyasi xadim, üfüqdə parlayan bir günəş.
Xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
İnquşetiya Respublikasının Malqabek şəhərində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə İnquşetiya Azərbaycanlıları Şuşa regional Milli-Mədəni Muxtariyyətinin fəxri prezidenti Rəhmətulla Babayev, diaspora üzvüləri ilə bərabər qonaqlar da iştirak edirdilər.
Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bugünkü tarix sübut etdi ki, dahi şəxsiyyətin uzaqgörənliyini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 17 illik prezidentlik fəaliyyəti ilə təsdiqlədi.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır.
Heydər Əliyev siyasi dühası siyasi və hakimiyyət böhranı, iqtisadi problemlər, xarici siyasətdə krizis hallarının aradan qaldırılmasında inkaredilməz faktdır. Azərbaycançılıq ideyasına sadiq olan, onu qoruyan və yorulmaz təbliğatçısı olan Heydər Əliyev ana dilimizin inkişafı, müstəqil dövlətçiliyimizin möhkəmlənməsi sahəsindəki düşünülmüş və məqsədyönlü tədbirləri xalqımızın dünya birliyində layiqli yerinin tutmasına, millətimizin millətlər içərisində liderə çevrilməsinə nail olmuş şəxsiyyətdir.
Məhz həmin gündən dekabrın 12-si xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anım günüdür.
Allah rəhmət eləsin!
İnquşetiya Azərbaycanlıları Şuşa Regional
Milli-Mədəni Muxtariyyəti