Ermənistanın Qərb arzuları bitmir. İndi də Avropa İttifaqına üzv olmaq sevdasına düşüb. Bu o qədər də asan məsələ deyil. Bunu Ermənistan rəhbərliyi də bilir. Buna baxmayaraq, Avropa İttifaqına üzvlük məsələsində iddialıdır. Hətta Ermənistan hökuməti "Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında" qanun layihəsini təsdiqləyib.
Qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün imzaların toplanması 2024-cü ilin sentyabr-oktyabr aylarında həyata keçirilib. Mövcud Konstitusiyaya əsasən, parlament daha sonra sənədi baxılmaq üçün qəbul edib.
Nikol Paşinyan isə məsələ ilə bağlı bildirib ki, bu qanun layihəsi Aİ-yə dərhal daxil olmaq üçün ərizə kimi qəbul edilməməlidir. Bəs hazırkı mərhələdə Ermənistan Aİ-yə üzv qəbul edilməsi nə dərəcədə mümkündür?
Siyasi şərhçi, Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Elnur Kəlbizadə AzadMedia.az-a açıqlamasında deyib ki, yaxın 15 il ərzində Ermənistanın Aİ-yə üzv qəbul edilməsi mümkün olmayacaq:
“Birincisi, Ermənistan Aİ-yə üzv qəbul edilmək üçün mütləq formada bu ittifaqın üzvlərindən biri ilə fiziki və yaxud dəniz sərhədlərinə malik olmalıdır. Belə dövlət Türkiyə ola bilərdi. Amma Türkiyənin Aİ ilə münasibətləri aydındır. Türkiyə bu ittifaqın üzvü deyil və son illərdə proses dayanıb. İkinci halda isə Ukrayna məsələsi var. Ukrayna ilə Gürcüstan arasında Qara dəniz vasitəsilə əlaqə mövcuddur.
Gərək bundan sonra Gürcüstan Aİ-yə üzv qəbul olunsun. Ardınca isə Ermənistan Gürcüstanla ortaq sərhədləri əsas götürərək bu ittifaqa qoşulsun. Hazırkı vəziyyətdə Ukraynadakı vəziyyət bəllidir. Ukraynanın Qara dənizə çıxışı istiqamətində böyük bir ərazi Rusiyanın nəzarətində olduğu bəllidir. Gürcüstanda siyasi proseslər də göz önündədir. Belə bir şəraitdə Ermənistanın Aİ-yə qoşulması mümkün deyil”.
Elnur Kəlbizədə onu da əlavə etdi ki, bir çox dövlətlər hansısa yardımlar almaq üçün Aİ-yə qoşulmaq istəyir. Ermənistanın belə məqsədlərinin olması istisna deyil”
Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, təşkilata üzvlük məsələsi ümumxalq referendumunun keçirilməsi yolu ilə həll edilməlidir. Digər bir məqam Avrasiya İqitsadi İttifaqı ilə bağlıdır. Belə ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun fikrincə, Ermənistanda Avropa İttifaqına üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi İrəvanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı sayıla bilər. Hər halda, proses yeni başlayıb. Yaxın vaxtlarda nələrin baş verəcəyi istisna deyil
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.