Azərbaycan Gürcüstanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə verdiyi töhfəni yüksək qiymətləndirir.
Bunu Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu yubiley iclasının açılışında bildirib.
O, Gürcüstan hökumətinin başçısına COP29 konfransında fəal iştirakına görə təşəkkür edib:
“Biz Gürcüstanın qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə verdiyi töhfəni yüksək qiymətləndiririk. Bu gün İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu yubiley iclasını keçiririk. Əminəm ki, müzakirələrimiz, qəbul edilən qərarlar və protokollar, həmçinin ikitərəfli sənədlər ölkələrimiz arasında münasibətlərin daha da inkişafına xidmət edəcək".
Ə.Əsədov vurğulayıb ki, İrakli Kobaxidzenin səfəri çərçivəsində Gürcüstanın səfirliyinin yeni binası üçün ayrılmış torpaq sahəsinə baxış da planlaşdırılıb.
“Bu torpaq sahəsi Azərbaycan Respublikasının Prezidentinin tapşırığı və Nazirlər Kabinetinin qərarı ilə ayrılıb. Ərazi Bakının mərkəzində, şəhərin ən gözəl yerlərindən birində yerləşir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.