Nüvə texnologiyası ilə bağlı sirlər bir dövlətin deyil, həm də dünyanın təhlükəsizliyi üçün vacib sayılır. Çünki nüvə texnologiyası, silahları Yer kürəsində adi silahlar və hərbi texnikalarla müqayisədə daha böyük fəsad törədə bilər. Buna görə də onlara kütləvi qırğın silahı adı veriblər. Bu baxımdan, nüvə və ona yaxın sahələrə aid sirlərin qorunması, məxfiliyin təmin olunması az qala hər bir dövlətin insanlıq qarşısında vəzifəsidir.
Bu günlərdə Fransada baş vermiş hadisə təhlükəsizlik baxımından vacib məsələlərdən sayılır. “France3” telekanalı bildirib ki, “Neferpitou” təxəllüslü haker hərbi gəmilərin tikintisi ilə məşğul olan Fransanın Müdafiə Nazirliyinə məxsus “Naval Group” şirkətinin daxili məlumatlarına giriş əldə edib.
Kiberoğru 13 gigabayt həcmində məlumatı, o cümlədən Fransanın nüvə sirlərini internetə sızdırıb. Dərc edilmiş məlumatlar arasında ölkənin freqatları və nüvə sualtı qayıqlarında istifadə olunan döyüş sistemlərinin mənbə kodu, silah sistemlərinin proqram təminatı, simulyasiya mühitləri, şəbəkə sxemləri, istifadəçi təlimatları da var.
Kibercinayətkarlıq üzrə ekspert Kleman Dominqo bu məlumatların internetdə dərc edildiyini təsdiqləyib.
"İki mayor" telegram kanalının yazdığına görə, Fransada nüvə silahları yalnız təyyarələrdə və sualtı qayıqlarda yerləşdirilib. Belə silahların daşıyıcıları kimi gəmilər də istifadə oluna bilər. Bildirilib ki, bu məlumat sızıntısı ölkənin nüvə daşıyıcılarının əhəmiyyətli bir hissəsini təhlükə altına qoyur.
Fransa dünyanın iddialı beş nüvə dövlətindən biridir. Bu baxımdan, qlobal miqyasda baş verənlərlə bağlı onun da səsi həlledicilərdəndir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, nüvə texnologiyasına icazə verən beşdən biri, Avropa İttifaqının aparıcı ölkəsi, müxtəlif bölgələrdə münaqişələrin həllində vasitəçiliyi, dünyanın aparıcı gücü olması iddiası və s. çoxsaylı titulları, bəzəkləri olan bu ölkədə belə hadisənin baş verməsi qlobal təhlükəsizlik üçün təhdid mənbəyi ola bilər.
Bu günlərdə ölkənin xarici işlər naziri Jan-Noel Barrou Avropanın İran İslam Respublikası ilə əhatəli saziş istədiyini bildirib. Fransanın nüvə məlumatlarının oğurlanması ilə onun belə danışıqlarda iştirakına, vasitəçiliyinə və aparıcılardan biri olmasına yenidən baxılması məsələsini gündəliyə gətirə bilər.
Məlum hadisənin araşdırılması, onun nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması da vacib sayılır.
İranın nüvə proqramı əldə etməsinə dair müxtəlif versiyalar irəli sürülür. İran bu texnologiyanı necə əldə edib? Bunu kim ona verib? Bu sahədə şəffaflığa əməl etmədiyi üçün 30 ildir İran beynəlxalq ictimaiyyətin təzyiq və məhdudlaşdırıcı tədbirləri ilə üz-üzədir.
İranın nüvə texnologiyası niyə şübhəli sayılır? Çünki onun mənşəyi açıqlanmayıb. Bundan başqa, Tehranın nüvə silahı istehsal etməyəcəyi şübhəlidir. Habelə, bəziləri, o cümlədən rəsmi Paris Tehranı müxtəlif terror hadisələrində ittiham edir. İddia olunur ki, nüvə silahı terrorçuların əlinə keçəcəyi halda onlar dünyanı təhdid edə bilərlər. Beynəlxalq ictimaiyyət hesab edir ki, terrorçuluğu dəstəkləyən İran hakimiyyəti nüvə silahına yiyələnəcəyi halda dünyanı bununla təhdid edər, yaxud ondan öz istəklərini reallaşdırmaq üçün çəkindirici vasitə kimi istifadə edər.
Bu kimi arzuedilməz halların qarşısının alınması məqsədi ilə bu texnologiya üzərində Fransa da daxil olmaqla “beşliyin” monopoliyası mövcuddur.
Baş vermiş kiberoğurluq halında onun başqa dövlətlərə zəmanət verməsi, yaxud yol göstərməsi məsələsi şübhə yaradar, başqa sözlə, Fransa nüvə texnologiyası sirlərini qoruya bilməyən bir dövlət olaraq etibardan düşər.
Fransa mübahisəli nüvə proqramına görə BMT Təhlükəsizlik Şurasında İslam Respublikasına qarşı qəbul edilən qətnamələrin lehinə səs verib. Halbuki Fransada məxfilik də etibarsızdır.
Bir məsələyə diqqət çəkmək istərdik. Tarixdən məlumdur ki, ilk nüvə, atom bombasını ABŞ hazırlayıb. Hətta 1945-ci ilin avqustunda, 80 il öncə Yaponiyanın iki adasına atıb. Bununla da İkinci Dünya Müharibəsinin başa çatmasının “bombalı” anonsu verilib.
Yaponiya faciəsindən sonra ovaxtkı SSRİ daha çox narahat olmağa başlayıb. Atom silahının texnologiyasını ABŞ-dən oğurlayaraq sovetlərə gətirən Jorj Koval olub. O, 1940-cı illərin ortalarında Ştatların məxfi laboratoriyasından nüvə materiallarının istehsalı haqqında toplanan bütün məlumatları Moskvaya ötürüb. Onun sayəsində SSRİ 1949-cu ildə nüvə silahı əldə edib.
ABŞ-də anadan olmuş Koval 1943-cü ildə ABŞ ordusuna çağırılıb. Yaxşı təhsilli, ziyalı mütəxəssis Tennessee ştatının Oak-Ric şəhərciyində xidmətə göndərilib. Orada "Manhettan Layihəsi"nin məxfi laboratoriyası yerləşirmiş. Bu kod adı altında nüvə silahının hazırlanması üzrə Amerika proqramı gizlədilirmiş.
"Etibarlı" mütəxəssis sonralar mərkəzdəki istənilən otağa giriş hüququ əldə etmişdi. Bunun sayəsində o, demək olar ki, bütün sənədlərə, otaqlara birbaşa girə bilirmiş. Onun sovet atom fiziki İqor Kurçatova ötürdüyü ilk işləmə nəticəsində 1949-cu ildə Semipalatinskdə sovet bombasının ilk sınağı keçirilib. Bu, tamamilə ABŞ işləmələrinə əsaslanırdı. Mütəxəssislər bildiriblər ki, sonralar Amerika bombası sovet yanaşması ilə əvəz edilib.
Nüvə texnologiyasına yiyələnən SSRİ iki qütbə bölünən dünyanın bir tərəfinə çevrildi. Bundan sonra Qərblə onun arasında “soyuq müharibə” başladı. SSRİ dünyanın müxtəlif bölgələrində sosialist inqilabları və hərəkatlarını müdafiə etməklə dövlətlərə müdaxilə etdi. Atom və müxtəlif kütləvi qırğın silahına malik olması onun varisi Rusiyanın günümüzdə də iddialı davranışına səbəb olan amillərdəndir.
Belə çıxır ki, dünyanın ikiyə bölünməsinin, SSRİ-nin sonradan Rusiyanın özünü aparıcı göstərməsinin baiskarı Jorj Kovaldır. Yaxud bu böyüklüyün mayasında oğurluq durur.
Bu baxımdan, Fransadan edilən nüvə proqramı oğurluğu da bir müddət sonra hansısa iddialı çıxışa səbəb, yaxud baza ola bilər.
Baş vermiş kiberoğurluq Fransanın təhlükəsizlik sistemində problemin olduğunu göstərir. Sual yaranır – öz təhlükəsizliyini təmin edə bilməyən dövlətə dünyanın taleyini həvalə etmək olar? Əlbəttə, yox! Ona görə də dünyanın taleyinin Fransa da daxil olmaqla beşliyə həvalə edilməsi ümumi təhlükəsizliyə təhdiddir. Onda belə düşünmək olar ki, Yelisey sarayı nüvə texnologiyası sirlərini mühafizə edə bilmir. Bəlkə onun malik olduğu reaktiv maddələrlə bağlı texnologiyalara aid gizlinlərə nəzarət Çinə, yaxud ABŞ-yə verilsin? Onsuz da Fransa ciddi, sanbalı dövlət obrazını Prezident Emmanuel Makronun hakimiyyəti ilə itirir. Bir nüvə sirləri qalmışdı, o da ifşa olundu...(Report)