Laçın obaları kimə əmanət edilib? - Başçıdan şikayət var
Redaksiyamızın elektron poçtuna Laçın rayon sakini, hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında müvəqqəti məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlunun müxtəlif dövlət instansiyalarına ünvanlanmış müraciətinin surəti daxil olub.
Müraciətində Baxşeyiş Xudayarov Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərlini, müvini Tofiq Mirzəyevi və şöbə müdiri Eldəniz Qasımovu müxtəlif qanunazidd əməllərdə, eləcə də korrupsiya faktları ilə ittiham edir. İctimai marağı nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
“Cənab Prezident, icra başçılarına verdiyiniz göstərişlərə baxmayaraq Laçın rayon icra başcısı Aqil Nəzərli və korrupsiyaner mafiyasi qanunsuz əməllərini uğurla davam etdirərək göstərişlərinizdən nəticə çıxarmayıblar. Aqil Nəzərli dövlətin və YAP-ın maraqlarına deyil, şəxsi maraqlarına xidmət edərək biznesini inkişaf etdirir.
Hər il Laçın rayon məcburi köçkünlərin həyat şəratinin yaxşılaşdırılması vərayonun idarə və müəsissələrinin zəruri və əsaslı təmir-bərpa işlərinə, inventar və avadanlıqların alınması üçün dövlət büdcəsindən ayrılan milyon manatlarla vəsaitin bir manatı da təyinatı üzrə xərcləmir. Bu vəsait İcra başcısının və müavinlərinin şəxsi büdcəsinə gedir. Onlar dövlətin Laçın rayonuna ayırdığı vəsaiti rayonun inkişafı adı ilə tar-mar ediblər. Bu pulları şəxsi dədə malı kimi öz aralarında bölüşdürüb və sənədləşmədə rayonun inkişafına sərf olunması adı altında rəsmiləşdiriblər. Reallıqda isə rayonda heç bir quruculuq və abadlıq işləri görülməyib.
Laçın rayon İcra başcısının birinci müavini Tofiq Mirzəyev 3 ildir birinci müavin vəzifəsində işləyir. T. Mirzəyev bu vəzifəyə təyin olunanda Ağcabədi rayon Taxta-Körpü Qəsbəsində Məcburi Köçkünlər üçün tikilmiş qəsəbədə bir evi və VAZ 2106 markalı maşını olub, amma bugun dövlət büdcəsindən oğurladığı milyon manatlarla vəsaitin və aldığı yüzmin manatlarla rüşvətin nəticəsi olaraq Ağcabədi rayonunda və Bakı şəhərində dəyəri milyon manatlarla ölçülən vilaları, Toyota Land Cruiser Prado markalı maşını vəAğcabədi rayonunda dəyəri milyon manatlarla ölçülən fermer təsərrüfatı yaratmışdır.
Laçın rayon idarə və müəssə rəhbərlərinin yol verdiyi ciddi korrupsiya faktları və məmur özbaşınalıqları haqqında Laçın rayon sakinlərinin Cənab prezidentə və aidiyyatı dövlət orqanlarına ünvanladğı müracətlər baxılması üçün aidiyyatı üzrə Laçın rayon icra hakimyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə göndərilsə də şöbə müdri Eldəniz Qasımov idarə və müəssə rəbərlərindən rüşvət alaraq vətəndaşların müracətlərinə baxılmaması üçün şərait yaradır və dövlət orqanlarına yanlış izahatlar verərək vətəndaşların müracətlərini ört-bastır edir. E,Qasımov 2012-ci ildə bənzər əməllərin üstündə və Laçın rayon İcra Hakimiyyətinin tabeliyinde formalaşmış xeyiriyyə fondundan küllü miqdarda vəsaiti yaxın qohumlarının adına yazıb mənimsədiyinə, dövlət sirrini yaydığına görə rayonun sabiq icra başçısı R. Cəbrayılıov tərəfindən vəzifədən qovulmuşdur. Lakin R.Cəbrayılıov işdən çıxarıldıqdan sonra E. Qasımov yüksək məbləğdə rüşvət verərək yenidən İcra HakimiyyətinəSənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdri təyin edilmişdi. Eldəniz Qasımov Aqil Nəzərli üçün əvəzolunmaz kadrdır, çünki Eldəniz Qasımov 10 ildir bu vəzifədə işləyir və saxta sənədlərin tərtib olunması üzrə bir nömrəli mütəxəssisdir”.
Redaksiyadan: yazıda adları hallanan tərəfləri də dinləməyə hazırıq.
Tərəfdar.az