AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu kino ki var, bəs bizdə niyə yoxdur? - ARAŞDIRMA

  • + A
  • - A
  • 17-06-2020, 15:24

    Bu kino ki var, bəs bizdə niyə yoxdur? - ARAŞDIRMA

    Bir müddət öncə 73-cü Kann film festivalına düşən filmlərin siyahısı açıqlandı. Siyahıda erməni rejissoru Nora Martirosyanın çəkdiyi “Əgər külək əsərsə” (Should the Wind Fall) adlı film də var. Ekran əsəri Ermənistan, Belçika və Fransanın birgə istehsalıdır və Dağlıq Qarabağ münaqişəsindən bəhs edir. Kinonun süjet xəttinə görə, fransız auditor Qarabağa gələrək, buradakı hava limanını dəyərləndirir. Səfər zamanı o, balaca oğlanla tanış olur. Amma sonrakı hissədə hadisələrin necə cərəyan etdiyi barədə məlumat yoxdur. Çünki hələlik filmin nə treyleri yayımlanıb, nə də kinoteatrlarda nümayiş etdirilib.

    Amma Dağlıq Qarabağ münaqişəsinin davam etdiyini, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını, iki xalq arasında düşmənçiliyin aradan qalxmadığını nəzərə alsaq, onda erməni rejissorun Qarabağla bağlı filmi hansı rakusdan çəkdiyi, ekran əsərinin ideyasının nədən ibarət olduğunu güman etmək olar. Film ekranlara çıxmadığına görə, bu hələlik gümandır... 

    Reallıq isə odur ki, Qarabağ münaqişəsinin qurbanı azərbaycanlılardır, işğala məruz qalan Azərbaycandır, ermənilər azərbaycanlılara qarşı soyqırımı törədiblər, minlərlə azərbaycanlı əsirlikdə olub, başlarına min bir müsibət gətirilib, erməni mühasirəsinə düşən, aylarla dağlarda gizlənərək sağ qalmağı bacaran onlarla həmvətəminiz var. Yaxud müharibədə itkin düşən adamların taleyi.. Minlərlə ana illərdir oğul yolu gözləyir... 26 ildir atəşkəs olmasına baxmayaraq hələ də itkin düşən sevgilisinin geri qayıdacağı ümidi ilə yaşayan, ailə qurmayıb onları gözləyənlər var... Yəni bunların heç biri dünya tamaşaçısının diqqəti çətən həyat hekayələri deyil?! Bunların heç biri əsasında keyfiyyətli, zövqlü, intelektual film çəkmək olmaz?!  

    Digər tərəfdən, bütün bunlara baxmayaraq Azərbaycan tarixə boylanmır, kin saxlamır, sülh mövqeyindən çıxış edir, münaqişənin dinc yolla tənzimlənməsinə çalışır, azərbaycanlıların ermənilərlə bir yerə yaşamağa hazır olduğunu bəyan edir, Ermənistanla mehriban qonşu kimi yaşamağa hazır olduğunu ən yüksək səviyyədə elan edir...

    Lakin bunların heç biri bədiiləşmir, ekrana daşınmır. O ekrana ki ona ingilis də, alman da, yəhudi də, ərəb də, elə ermənilər də baxmağa məcbur olsun. 

    Kino tənqidçisi Sevda Sultanova “Report”a bildirib ki, erməni rejissorun Qarabağla bağlı kinosuna baxmayıb, çünki internet resurslarında adıçəkilən ekran işi haqqında yalnız qısa bilgi, annotasiya var.

    Ermənistan çəkir, ideoloji üstünlük qazanır

    Onun sözlərinə görə, filmin necə olması, Qarabağa hansı rakursdan yanaşılması hələlik bilinmir: “Filmi axtarışa verdim, amma heç treylerini də tapa bilmədim. Mən müharibə ilə bağlı festival filmlərinin əksəriyyətini izləmişəm. Qayda var ki, əks-təbliğat olmamalıdır. Bu festivalların əsas qanunlarındandır. Buna misal olaraq uzun illərdir davam edən və rejissorlar üçün də aktual olan İsrail-Fələstin münaqişəsi mövzusunda çəkilən filmləri göstərmək olar. Bu münaqişə ilə bağlı çəkilən ekran əsərlərində əks-təbliğat yoxdur. Yəni önəmlisi odur ki, sən müharibəyə necə yanaşırsan. Ona görə də filmə baxmamış heçnə deyə bilmərəm. Bu gün dünya kinosunda ən çox istismar edilən mövzulardan biri müharibədir. Bu mövzuda elə bir film çəkməlisən ki, o dünyanın hər yerində yaşayan tamaşaçı üçün universal olsun. Ümumilikdə isə erməni rejissorun filmində Azərbaycan əleyhinə əks-təbliğat olmasa belə, bütün hallarda Ermənistanın ideoloji mənada üstünlüyüdür ki, Qarabağ haqqında film çəkib".

    S.Sultanova son illərdə azərbaycanlı rejissorların Qarabağ müharibəsi mövzusunda bir neçə film ərsəyə gətirdiklərini söyləyib. Onun sözlərinə görə, həmin ekran işlərindən heç biri ciddi beynəlxalq film festivallarında uğur qazana bilməyib, mükafata layiq görülməyib. 

    Azərbaycanda Qarabağ mövzusunda çəkilən kinoları təhlil edən S.Sultanova bunlar arasında ən çox rejissor Yavər Rzayevin (1998) “Sarı gəlin”ini bəyəndiyini bildirib:

    Kino tənqidçisi xatırladıb ki, bu ekran əsəri 2000-ci ildə Karlovı-Varıda (Çexiya) keçirilən beynəlxalq kinofestivalda nümayiş etdirilib və az iqtisadi vəsaitlə yüksək səviyyədə vizual poeziyaya nail olduğuna görə "Azadlıq" Prizi və pul mükafatına layiq görülüb.

    “Nabat” filmi

    “Nabat” uğurludur, amma Qarabağdan bəhs etmir

    Rejissoru Elçin Musaoğlu olan “Nabat” filmindən danışan S.Sultanova deyib ki, orada konkret Qarabağa eyham yoxdur, ümumi formada müharibə mövzusuna həsr olunub: “Yəni region olaraq Qarabağ haqqında danışılmır. Sadəcə biz onu Qarabağ haqqında olan film kimi qəbul edirik. Film 3 ən nüfuzlu festivaldan biri olan Venesiya festivalının da ikinci proqramına salınıb, yəni əsas müsabiqəyə düşməyib. Ümumiyyətlə nə Kann festivalında, nə Berlində bizim rejissorların heç bir filmi əsas müsabiqəyə düşməyib”. 

    Onun sözlərinə görə, Çingiz Rəsulzadənin “Kuklalar” və Asif Rüstəmovun “Axınla aşağı” kinoları əsas film festivallarından sayılan Karlovı Varıda iştirak etsələr də, mükafat qazanmayıblar. 

    Kinotənqidçi əsas günahkarı göstərir

    Yaxşı xəbər isə rejissor İlqar Nəcəfin “Nar bağı” əsəri ilə bağlıdır. Kino tənqidçisi bu filmin 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlara layiq görüldüyünü vurğulayıb. 

    “Bu gün dünyada müştərək filmlər tendensiyası güclü yayılıb. Eşitdiklərimə görə, müştərək film olanda hətta o film zəif olsa belə, ona mükafat verilir. Müştərək filmləri də çəkmək üçün biz "Eurimages"ə üzv olmalıyıq. Ancaq Mədəniyyət Nazirliyinin “yaxşı” fəaliyyətinin nəticəsində bu quruma üzv ola bilmirik. Bu aralar deyirlər ki, üzv olmalıyıq. "Eurimages" Avropa Şurasının 1988-ci ildə yaratdığı fonddur. Fond bədii, animasiya, sənədli filmlərin çəkilməsinə maliyyə dəstəyi verir, filmlərin müştərək istehsalını, prokatını təşkil edir, distribüsiyasına yardım göstərir. İstehsal olunan filmlər isə nüfuzlu festivallarda nümayiş olunur, mükafatlara layiq görülür. Fondun üzvü olanda ssenarilər daha keyfiyyətli olur, hansısa dövlət qurumunun müdaxilə etmək, öz xoşuna gələn ssenarini keçirmək imkanı olmur. Yəni hər şey obyektiv və şəffaf olur”, - S.Sultanova bildirib.

    “Nar bağı" filmi

    O, Azərbaycanın kino sənayesində yaranan böhrana görə Mədəniyyət Nazirliyini günahkar bilir. Lakin ölkəmizdə özəl kommersiya filmlərinin də keyfiyyətsiz çəkildiyini əlavə edir: “Bizdə özəl kommersiya filmləri var ki, onların da əksəriyyəti keyfiyyətsizdir. Mədəniyyət Nazirliyinin çəkdiyi 3-4 ən yaxşı filmləri də tamaşaçılar görməyib. Yəni çəkirlər və rəfdə saxlayırlar”. 

    Pul yoxdur, Qarabağla bağlı film ssenarisi rejissorun əlində qalıb

    Rejissor Teymur Hacıyevin “Axşama doğru” qısametrajlı filmi 73-cü Kann festivalının ”La Semaine dela Critique” (“Tənqid həftəsi”) proqramına daxil olub. 

    Lakin o, Azərbaycanda Qarabağ müharibəsi mövzusunda tammetrajlı, keyfiyyətli, beynəlxalq festivallarda iştirak edə biləcək filmlərin çəkilmədyini deyib.

    Rejissor bildirib ki, məsələyə ciddi yanaşıb, nəticə göstərən qurum olmalıdır: “Bu işlərlə məşğul olmalı olan Mədəniyyət Nazirliyi bir sıra nöqsanlara yol verib. Amma neçə illərdir buna görə heç bir cəza tədbiri görülməyib, günahkarlar qanun qarşısında cavab verməyiblər. Yəni pullar ayrılır, amma görülən işlər soruşulmurdu. Çünki plan qoyulmurdu. Məsələn, hər il filan işləri görülməlidir, filan festivalda iştirak edilməlidir, bu qədər film çəkilməlidir və s. Bu sistem olmadığına görə heç bir nəticə əldə edilməyib”.

    “Axşama doğru” qısametrajlı filmi

    T.Hacıyev söyləyib ki, əlində Qarabağ mövzusunda beynəlxalq festivallarda iştirak edə biləcək həm sənədli, həm də bədii ssenarilər var. Sadəcə onlar qısametrajlı olmadığı üçün ciddi sərmayə tələb edir: “Onu da öz hesabıma edə bilmirəm. Çünki mən adətən filmləri öz hesabıma və dostlardan xırda yardımlar almaqla çəkirəm. Amma əlimdəki ssenarilər həm ciddi mövzu, həm də tammertajlı olduğu üçün maddi dəstək lazımdır. Biz “Axşama doğru” ilə sübut etdik ki, bacara bilərik. Əslində bunun sistemi də çox asandır. Pul ayırılır, ssenarilər yazılır və vaxt verilir. Festival münsifləri Azərbaycan filmlərinə baxmağı çox istəyir. Sadəcə onlara keyfiyyətli məhsul çatmır. Olanlar da ya köhnə stilli, əyri-üyrü, mənasız, pis aktyor işi olan filmlər olur ki onları da qəbul etmirlər. Yəni onların bizə qarşı xüsusi qərəzi yoxdur. Bizim balaca filmimiz bunu sübut etdi”. 

    Kinoprodüserin arqumentləri

    Amma əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq HətəmovS.Sultanovanın fikirləri ilə razı deyil. M.Hətəmovun sözlərinə görə, Azərbaycanda Qarabağ müharibəsi mövzusunda filmlər çəkilib. O, hətta həmin ekran əsərlərinin beynəlxalq festivallarda iştirak etdiyini söyləyib.

    “Qarabağ mövzusunda çəkilən “Nabat” filmi ilk dəfə üç ən nüfuzlü festivalından biri olan Venesiya Film Festivalında iştirak edib. Bununla yanaşı 30-dək festivalda iştirak edərək 10-dan çox mükafata layiq görülüb. Film 2015-ci ildə Yaponiyada Xirosima faciəsinin 70-ci ildönümü ilə əlaqədar xüsusi beynəlxalq müsabiqədə dünya kino tarixində müharibə mövzusunda çəkilmiş ən yaxşı 6 filmdən biri olaraq seçilib. İkincisi Cənubi Azərbaycan rejissoruna sifariş verdiyimiz “Sıfır saatının qatarı” sənədli filmi dünyanın ən aparıcı televiziyalarında göstərilib. Əlbəttə bunlarla kifayətlənməyib, bu sahədə fəaliyyətimizi davam etdirməliyik”, - M.Hətəmov qeyd edib.

    Mədəniyyət Nazirliyi razılaşmır və rəqəmlər sadalayır

    Mədəniyyət Nazirliyi isə Azərbaycanda Qarabağ müharibəsi mövzusunda keyfiyyətli ekran əsərlərinin ərsəyə gətirilməməsi fikri ilə razılaşmır. Qurumdan bildirilib ki, 2006-cı ildən bugünədək Azərbaycanda dövlət dəstəyi ilə 360 bədii, sənədli və animasiya filmi çəkilib: 

    Rəsmi məlumata görə, bunlardan 71-i dünyanın 59 ölkəsində keçirilən beynəlxalq kino festivallarında 393 dəfə iştirak edib və 164 müxtəlif mükafat qazanıb. 

    Mədəniyyət Nazirliyi həmin filmlərin siyahısını da açıqlayıb: “Nabat”, “Sonuncu”, “Axınla aşağı”, “Nar bağı”, “Çölçü”, “Kuklalar”, “40-cı qapı”, “Ev”, “Üçüncü günün adamı”, “İçəri Şəhər” və s. filmlərimiz bu illər ərzində dünyada mövcud olan A kateqoriyalı 15 festivaldan 10-nun, daha dəqiq desək Kann (Fransa), Venesiya (İtaliya), Karlovi Vari (Çexiya), Tokio (Yaponiya), Montreal (Kanada), Mar del Plata (Argentina), Tallin “Qaranlıq gecələr” (Estoniya), Moskva (Rusiya), Qahirə (Misir) və digər nüfüzlu festivalların müsabiqə proqramlarında (bəzilərində bir neçə dəfə) uğurla iştirak edib”.

    "Üçüncü günün adamı" filmi

    “Təsadüfi deyil ki, Qarabağ müharibəsi mövzusunda çəkilmiş “Nabat” filmi dünyanın üç ən nüfüzlü festivalından biri olan Venesiya Film Festivalı ilə yanaşı 30-dək festivalda iştirak edərək 10-dan çox mükafata layiq görülüb. Film 2015-ci ildə Yaponiyada Xirosima faciəsinin 70-ci ildönümü ilə əlaqədar xüsusi beynəlxalq müsabiqədə dünya kino tarixində müharibə mövzusunda çəkilmiş ən yaxşı 6 filmdən biri olaraq seçilib”, - nazirlikdən bildirilib. 

    "Bəyin oğurlanması" filmində deyildiyi kimi: "Bu kino ki, var, bu çox qəliz məsələdi. Həm qəlizdi, həm də ki, vacib". 


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR