Son 30 ildə həyatıməzda kimləri itirməmişik – əzizlərimizi, məktəb və tələbə yoldaşlarımızı, dostlarımızı, yaxın qohum – qonşularımızı... Bir də Vətənimizin ərazi bütövlüyü uğrunda ölüm-dirim savaşı apararaq həlak olan dağ cüssəli igid əsgər və zabitlərimizi. Yurdumuzun arxa-dayağı olan, "Vətən sağ olsun” deyərək canından keçən Milli Ordumuzun qəhrəman oğullarının hər birinin xatirəsi bizə əzizdir.
Tarix boyu Azərbaycanın mərd, cəsur oğulları ölümün gözünə qorxmadan dik baxıblar. İşğalçı Ermənistanın dinc əhalimizə qarşı yönəlmiş hərbi təxribatına cavab olaraq Azərbaycan ordusunun əks-hücumu ilə başlayan Vətən müharibəsində şəhid olan zabitimiz Ceyhun Aydın oğlu Həsənov da belə igidlərin cərgəsindədir. Bu günlərdə Kapitan Ceyhun Həsənovun üçrəngli bayrağımıza bürünmüş cənazəsini Xətai rayonunun ictimaiyyət nümayəndələri, sadə vətəndaşları böyük bir qələbəliklə qarşıladı. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Müdafiə Nazirliyinin nümayəndələri, rayonun gəncləri şəhidin cənazəsini vaxtilə yaşadığı binanın qarşısından fəxri qarovulun və izdihamın müşayiətilə son mənzilə yola saldılar.
Azərbaycan Respublikasının Himninin sədaları və fəxri qarovul dəstəsinin yaylım atəşi altında ikinci Fəxri xiyabanda - general mayor Polad Həşimovun məzarının yaxınlığında torpağa tapşırılandan sonra şəhid zabitimizin tabutu üzərindəki Azərbaycanın üçrəngli bayrağı atası Aydın Həsənova təqdim edildi. Şəhidimizin məzarı üstünə tər qərənfil və qızılgüllər düzüldü. “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Başını dik tut, şəhid anası!”, “Başını dik tut, şəhid atası!” şüarları və alqışlar səsləndi.
Ceyhun 1985-ci ildə Tovuz rayonunun Çeşməli kəndində dünyaya göz açmışdı. Hələ uşaqkən ailəsi Bakıya köçmüşdü. Əvvəlcə o, C. Naxçıvanski adına hərbi liseyi bitirmiş, sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsil almışdı. Hərbi sirlərə dərindən bələd
olduqdan sonra Naxçıvanda xidmətə başlamışdı. Ceyhunun dayısı Məstan Novruzov 90-cı illərdə Qarabağ uğrunda döyüşdə həlak olmuşdu. Hazırda Tovuzun Çeşməli tam orta məktəbi şəhid Məstan Novruzovun adını daşıyır. Məktəbin qarşısında şəhidin xatirəsinə abidə ucaldılmışdır. Ceyhunun daha iki yaxın qohumu Qarabağ uğrunda döyüşlərdə şəhid olmuşdular. Doğma Vətəni bütün varlığı ilə sevən kapitan Ceyhun Həsənov da düşmən əlində əsir qalan, nalə çəkən Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Elə bu arzu ilə də son vaxtlar hərbi xidmətini ön cəbhədə davam etdirirdi. Bu dünyada iki əmanətinin -ekiz övladları Cahid və Cavidanın bir yaşını yenicə qeyd edib, qulluq etdiyi hərbi hissəyə dönmüşdü.
Əmisi Balakişi Həsənov deyir: “Acımız böyükdür, heç vaxt yaddan çıxmaz, amma inanırıq ki, Ceyhun kimi igid oğulların qanı yerdə qalmayacaq...”
Atası Aydın özündə bu yeganə oğlunun itkisinə dözüm tapıb, həm özünə, həm də başsağlığına gələnlərə təsəlli verir: “İndi o, tək bizim ailənin deyil, Vətənin övladıdır.” Ailənin yaxın qohumu, ağsaqqal Tapdıq kişinin oğlu istehkam bölüyünün komandiri İlqar Verdiyev 8 il əvvəl şəhid olub. Uzun illər Müdafiə Nazirliyi mətbuat xidmətinin zabiti vəzifəsində çalışmışdır. Nazirlik sistemində ən bacarıqlı, savadlı və təcrübəli zabitlərdən hesab olunurdu. Türkiyədə NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində dil kurslarını müvəffəqiyyətlə bitirmişdi. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı və "Qüsursuz xidmətə görə" üçüncü dərəcəli medalla təltif edilmişdi. Rus, ingilis, türk dillərinə yiyələnmişdi. Kiçik qardaşı Samirlə, xalası nəvəsi Ceyhunun da hərbi sənəti seçmələrinə İlqarın uğurları həvəsləndirmişdi. Ceyhun yeniyetmə çağlarından Vətənə xidmət yolunu tutmuşdu, Qarabağı azad elmək arzusu ilə yaşayırdı. .
Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq, ruhlarına dualar oxumaq hər azərbaycanlının vətəndaşlıq borcudur. “Sevərək yaşayanlar, sevilərək ölənlər”in adları, xatirələri yaddaşlarda əbədi yaşayacaq.
Bəli, əgər bu gün Ceyhunun yaşıdı olanlar, Azərbaycanın könüllüləri silaha sarılıb şəhidlərimizin qisasını almaq üçün çalışırsa, deməli, bu millətin igid oğullarının qələbə əzmi tükənməzdir. Bu gün torpaqlarımız kəndbəkənd azad olunduqca şəhidlərin ruhu da “Gözün aydın, Vətən!” deyir.
Nurəddin Muğanlı,