Anar MƏMMƏDOV
Milli Məclisin deputatı
Ermənistanın baş naziri Nikol Paşinyanın və onun komandasının uğursuzluğu artıq davamlı xarakter alıb. Bu gün işğalçı ölkədə cərəyan edən proseslər, ölkəsini fəlakətə məhkum etmiş rəhbər kimi Paşinyanın onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırması, onlara təzyiqlər və təhdidlər olunması birbaşa bu nazirin qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarının sona çatdığını nümayiş etdirir. Əslində isə bütün bu baş verənlər heç də təəccüblü deyil. Çünki Ermənistanın mayası, necə deyərlər, diktatura, irqi, milli, dini və siyasi azadlıqların təqib olunması prinsipləri ilə yoğurulub. Hətta qərb dairələrinin uzun müddət 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim etməsinə baxmayaraq, Ermənistan bu gün kriminal şəxslərin, neofaşistlərin yuvasına çevrilib. Ona görə də hakimiyyətdə kimin olmasından asılı olmuyaraq, ölkədə mövcud olan diktatura rejimi mahiyyət etibarilə dəyişməz qalır.
Populist çıxışları ilə tanınan Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra “demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi hər kəsə məlumdur. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir. Heç kim unutmayıb ki, Paşinyan hakimiyyətinin hələ 7-ci ayında siyasi motivlərlə həbsə atılmış Haynews.am saytının məsul əməkdaşı Mger Yegiazaryan aclıq aksiyası keçirərək həbsxanada vəfat etdi, eyni zamanda ölkədə dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanması qadağan edildi.
Müharibədəki rəzil məğlubiyyətdən sonra isə Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb. Bu gün müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur, baş nazirin istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri həbs edilib, eyni zamanda müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir. Belə tənqidə görə isə artıq Ermənistanda 1200 avrodan başlayan cərimələr qanuniləşdirilib. Buna görə də bu gün sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığı və cinayətlərini tənqid edə bilmirlər.
Bütün bunların fonunda isə işğalçı ölkədə yaşananlar indi Azərbaycanda olsaydı, Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan hüquq təşkilatı qalmayacaqdı. Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsi və sıradan çıxarılması isə Qərbdə susqunluqla qarşılanır. Nədənsə Qərb bu hadisələri görməzdən gəlir. Konkret olaraq özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Halbuki, bu, işğalçı ölkədə cərəyan edən heç də ilk belə hadisə deyil. Bu ikili standartlar nə üçündür və bu ədalətsizlik, selektiv münasibət nə vaxta qədər davam edəcək? Prezident İlham Əliyevə feyk məlumatlar əsasında guya Azərbaycanda bir nəfərin sülh tələb etdiyinə görə həbs edilməsi barədə sual verənlər bu gün Ermənistandakı kütləvi həbsləri, təqibləri görməzdən gəlir, heç nə baş verməmiş kimi davranır, bu barədə Paşinyana heç bir sual ünvanlanmırlar? Siyasi məhbusların ölümünə səbəb olan, siyasi rəqibləri həbslər, fiziki məhvetmə ilə aradan götürən, üstəlik də Bərdə, Gəncə terroru ilə günahsız insanları qətlə yetirən Paşinyanın cinayətlərinə necə göz yummaq, bunun əvəzində isə Azərbaycana və onun liderinə qarşı uydurmalar söyləmək olar? Göründüyü kimi, Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun reaksiya vermir, atılan hər bir addımı demokratiyanın vacib elementi kimi təsdiqləyir, hətta dəstək bəyanatları ilə çıxış edirlər. Belə olan təqdirdə isə dünya dövlətlərinin demokratiya anlayışına “fərqli” yanaşmaları təəccüb doğurmaya bilməz. Görünür onların demokratiyasının fəlsəfəsi cinayətə göz yumub, ona ortaq olmaq deməkdir.