AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk dünyasının qılınc və söz sərkərdələri

  • + A
  • - A
  • 14-12-2020, 11:30



    Nurəddin ƏDİLOĞLU yazır:

    Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində möhtəşəm Qələbəsini təmin edən “Dəmir yumruq” əməliyyatının uğurla başa çatması münasibəti ilə keçirilən Zəfər paradı, həm də Azərbaycan-Türkiyə birliyinin təntənəsi kimi yaddaşlarda əbədi yaşayacaq...

    Zəfər paradından əvvəl hər iki dövlət başçısının Şəhidlər Məscidində çiyin- çiyinə, könül - könülə namaz qılıb, dua etmələri bir daha “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini bariz şəkildə əks etdirdi və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olacağının rəmzi oldu.

    Qardaşlığın, sədaqətin rəmzinə çevrilən Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları barədə təbii ki, hər iki ölkənin, eləcə də dünya kütləvi informasiya vasitələrində çox yazılar dərc olunur və mülahizələr söylənilir. Azərbaycan vətəndaşı olaraq hamımızın gözlədiyi bu əlamətdar gündə dövlət başçılarının çıxışında 30 illik intizarın çalarları dolğun şəkildə öz əksini tapdı. Azərbaycan –Türkiyə qardaşlığı təkcə etnik anlamda deyil, siyasi varislik, müasirlik, mədəniyyətlilik və geosiyasi mənalarda bir-birinə bağlıdır.

    Son 30 ildə türk dünyasının nəhəng qələm sahibləri Çingiz Aytmatov, Oljas Süleymenov və başqaları Ermənistanın Azərbaycan xalqına qarşı apardığı terror siyasəti barədə yüksək kürsülərdən fikir söyləyiblər və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin tanınmış nümayəndələrinə ehtiramlarını gözəl şəkil ifadə ediblər. Ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkdilli dövlət başçıları arasında yeganə siyasi xadim və tarixi şəxsiyyətdir ki, həmişə çıxışlarında Azərbaycana sevgisini xalqımızın dünyaya bəxş etdiyi görkəmli ədəbiyyat və incəsənət xadimlərinin dili ilə ifadə edir.

    Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfalar diləyən Ərdoğanın xalq şairimiz Bəxtiyar Vahabzadənin “Torpaqdan pay olmaz” şeirindən seçib söylədiyi poetik fikirlər Zəfər paradını izləyənlərin çoxunu duyğulandırdı, riqqətə gətirdi:

    Hardan sənin oldu bizim Qarabağ?

    Adı sahibini demirmi aşkar?

    Xoşluqla verməzlər torpağı, ancaq

    Qanla möhürləyib, zorla alarlar.

    İsa bulağının zümzüməsini,

    Cabbarın, Seyidin, Xanın səsini,

    Dalğalı Qarabağ şikəstəsini,

    Babək türbəsini necə pay verim?


    Bu şeirin ardınca Türkiyə Prezidenti Dədə Qorqudsayağı dedi: ”Qarabağı 30 illik həsrətin ardından Ana Vətənlə qovuşduran Azərbaycan Ordusunun üzvlərini dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm...”

    Əlbəttə, qalib ölkənin vətəndaşı olmağın sevincini yaşamaq böyük xoşbəxtlikdir. Amma Ərdoğan kimi dünya liderlərindən birinin dilindən mənsub olduğun xalqın dahilərinin və qəhrəmanlarının adını eşitmək də ayrı bir xoşbəxtlikdir: “Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru Paşanın, Ənvər Paşanın, Qafqaz İslam Ordusunun igidlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür”.

    “Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən bizim üçün də bir sevgidir. Bu sevgini də yaşamaq istəyirik” deyən Ərdoğan çıxışında vurğuladı ki, Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur: “Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha

    gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır.”

    Bu şeirin ardınca Türkiyə Prezidenti uluların ulusu Dədə Qorqudsayağı belə dedi: ”Qarabağı 30 illik həsrətin ardından Ana Vətənlə qovuşduran Azərbaycan Ordusunun üzvlərini dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm...”

    Əgər xatırlayırsınzsa, iki il öncə - Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradda Ərdoğan çıxışı zamanı "Lalələr” mahnısı haqda danışaraq bəstədə türk ordusunun 1918-ci ilin sentyabrında Gəncədən Bakıya yürüşünün və şəhərin xilasının ifadə edildiyini bildirmişdi: "Azərbaycanın məşhur "Lalələr” mahnısının kədərli hekayəsi var. Bu, qardaşlarımızın çəkdiyi əziyyətin və Qafqaz İslam Ordusunun könüllərdə səbəb olduğu gözəlliyin təmsilidir. Gəncə bölgəsinə axın edən minlərlə əsgər başlarındakı qırmızı rəngli fəs və fəsin ucundakı saçaqlarla uzaqdan gəlincik tarlasına bənzəyən bir görüntü yaradıb. Gəlincik Azərbaycan dilində lalə deməkdir...”

    Türk dünyasının söz sərkədəsi haqlı idi. Sözləri Aslan Aslanova, musiqisi Telman Hacıyevə məxsus mahnıda "Yazın əvvəlində, Gəncə çölündə" sözləri Qafqaz İslam Ordusunun Gəncəyə 1918-ci il may ayında daxil olduğunu bildirir. Bizim bu günəcən ən çox Rəşid Behbudovun ifasında eşitdiyimiz mahnının sonunda “Nə vaxtdır Rəşidin gözü yoldadır" kimi səslənən sözləri əslində "Nə vaxtdır Bakının gözü yoldadır, bir qonaq gələsiz bizə lalələr"dir. Bu fikir çətin vəziyyətdə olan xalqımızın türk ordusunu həsrətlə gözlədiyindən soraq verir. Beləliklə, bu mahnının türk ordusunun Azərbaycana köməyə gəlməsinin şərəfinə yazıldığını və Nuru Paşa Gəncəyə gələndə azərbaycanlı uşaqların bir ağızdan məmnunluqlarını ifadə etdiyi:

    Qatar gəlib yan verir,

    Gəncəliyə şan verir.

    Gəncənin cavanları,

    “Bakı!” deyə can verir.


    nəğməsini də ilk dəfə möhtərəm Ərdoğanın dilindən eşitdik.

    Onu da qeyd edim ki, üç il əvvəl Ərdoğanın BMT-nin 5 daimi üzvünün veto haqqını tənqid edərkən söylədiyi “Dünya 5-dən böyükdür” sözlərinə “The World Is Bigger Than Five” adlı mahnı da yazıldı. İstanbullu millət vəkili Əziz Babuşçunun dəstəyi ilə mahnıya çəkilən klipdə müsəlman coğrafiyasında baş verən qanlı faciələrin görüntülərinin yer alması Ərdoğanın Qərbdən əsən ikili standartlar rüzgarlarına sərt etirazı idi.

    Sonda onu da qeyd edim ki, mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadə Zəfər paradında atasının şeirini səsləndirməsinə və Əhməd Cavadın nəticələri Anar və Cavad Axundzadələr türk dünyasının böyük şairi, Əhməd Cavadın adını çəkdiyi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini bildiriblər.

    Yeri gəlmişkən, çalışdığım “İki sahil” qəzetinin oxucularının diqqətinə çatdırım ki, Türkiyədə Bəxtiyar Vahabzadənin adına böyük məktəb, Ankarada park, Adanada lisey, Elazığda prospekt var. TRT kanalı isə “Əhməd Cavad: Bir millətin ruhu” bədii-sənədli filmi istehsal edib. Bakıdakı Zəfər paradına xüsusi olraraq hazırlanan Azərbaycanın Milli istiqlal şairi Ə. Cavadın 1919-cu ildə yazdığı “Bən bulmuşam” şeirinə bəstələnən və Xalq artisti Mələkxanım Eyyubovanın ifa etdiyi mahnının video-çarxı Türkiyə telekanallarında yayıma verilib.

    Yaşasın Azərbaycan və Türkiyə! Allah əbədi və sarsılmaz olan qardaşlığımızı qorusun!..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR