Deputat Əliabbas Salahzadə: Türkiyə-Azərbaycan dostluğu bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Bildiyimiz kimi sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdiyini qeyd edən dövlətimizin başçısı bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və ehtiramla yad edildiyini, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib.
15 sentyabr 1918-ci il hadisələri bir daha ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini əks etdirir və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olduğunu təsdiqləyir. Bu fikirləri Azadmedia.az saytına Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib. Deputat daha sonra 102 il bundan əvvəl Nuru Paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad etməsini yada salaraq qeyd edib ki, məhz həmin tarixdə erməni soyqırımına məruz qalan azərbaycanlıları qaniçən Şaumyanın başçılıq etdiyi ermənilərdən xilas edən Qafqaz İslam Ordusunun əsgərləri sözün əsl mənasında azərbaycanlı qardaşlarına kömək oldular.
Ə.Salahzadə daha sonra bildirib ki, təsadüfi deyil ki, belə qardaşlıq telləri ilə bağlanan, illərin sınağından şərəflə çıxan Türkiyə-Azərbaycan dostluğu bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: "Dövlətimizin başçısı möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası birliyinin əsasını qoyan Mustafa Kamal Atatürk-Heydər Əliyev ideyalarına sadiqlik Türkiyə-Azərbaycan qardaşlığını və dostluğunu daha da möhkəmləndirir. Hər iki dövlətin qətiyyəti, siyasi iradəsi əsasında reallaşdırılan enerji layihələri nəinki iştirakçı, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına dəstəkdir. Yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərən, Azərbaycanın mövqeyini ən yüksək səviyyələrdə dəstəkləyən Türkiyə işğalçı dövlətlə sərhədlərin açılması məsələsi gündəmə gətiriləndə daim Dağlıq Qarabağ probleminin ədalətli həllini əsas şərt kimi irəli sürür. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir" fikirləri bir daha bu birliyin, həmrəyliyin sarsılmazlığının nümayişidir. Bu birlik regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən qardaş Türkiyəyə dəstəyini böyük qətiyyətlə ifadə etməsi dost ölkədə böyük rəğbətlə qarşılandı. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük.
Bütün sınaqlardan şərəflə çıxan Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına, əbədiliyinə söykənərək inamla demək olar ki, hələ qarşıdakı illərdə bu birlik əsasında daha böyük layihələr reallığa çevriləcək, bu layihələr öz növbəsində xalqlar, dövlətlər arasında körpünü daha da möhkəmləndirəcək.