ÖLÜM HAQQ OLSA DA...
Tələbə yoldaşım Mayis Səfərlinin əziz xatirəsinə
Dekabrın 7-də “Media və mülki cəmiyyət” İctimai Birliyinin sədri,
“ilkxeber. org” saytının rəhbəri Xanoğlan Əhmədovun “Facebook”
səhifəsində paylaşdığı xəbər məni çox sarsıtdı. “Bu səhəri çox acı
xəbərlə açdıq. Gözəl dost, əziz insan, Yurddaş Partiyasının sədri Mayis
Səfərli bu gün dünyaya gözlərini əbədi yumdu. Bacısı Gülayə xanım bu
xəbəri telefonda deyəndə gözlərimdə yaş selə döndü. Çox heyif,
Azərbaycanın bir dəyərli, ləyaqətli oğlunu korona əlimizdən aldı...”
İç dünyamızı göynədən, dilimizdə ağıya, gözlərimizdə yaşa çevrilən
vaxtsız ölüm daha bir tələbə yoldaşımızın yoxluğu ilə bizi pərişan elədi.
Bir anlıq 42 il əvvələ qayıtdım, tələbəlik illəri kinolenti kimi
gözlərimin önündən keçdi. Kimi yaxşı saz çaldığına, kimi yumor
hissinə, kimi mənsur şeirlər yazdığına görə xatirimdə qalıb. Mayis isə ilk
gündən partiya tarixi fənnində falllığına və natiqlik məharəti ilə
hamımızdan seçilirdi. Çox zövqlə geyinirdi. Özü də Nərimanov rayon
partiya komitəsinin təşkilat şöbəsində çalışırdı. Belə bir müdrik kəlam
var: “İnsanın xarakteri onun taleyini müəyyənləşdirir.” Jurnalistika
fakültəsində təhsil aldığımız vaxtlar Mayisin xarakteri haqqında ilk
təəssüratım təqribən belə idi: “Ağayana görünüşü olsa da, sifətində
dövrün partiya işçilərinə xas olan sərt ifadə var. Bir az da qaraqabaqı,
adətən, yazıçılar belə adamların bədii portretini yaradanda
“adamayovuşmaz” ifadəsini işlədirlər...”
Amma düz deyirmişlər, ilk təəssürat çox vaxt aldadıcı olurmuş. Mənim
də, tələbə yoldaşım haqqında ilk təəssüratım çox çəkmədi ki, heçə-puça
çıxdı. Ali məktəb auditoriyasından daha yüksək kürsülərə qalxan Mayis
1988-ci ilin payızında başlanan Azərbaycan milli-azadlıq hərəkatının
öncülləri sırasında yer aldı. İctimai-siyasi fəaliyyətə başladı, 1993-cü
ildə Yurddaş Partiyasını yaratdı. İlk dəfə Azərbaycanda ingilis dilində
nəşr olunan “Baku Times” adlı qəzetin baş redaktoru oldu. 42 yaşında
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçildi.
Ölkəmizin siyasi səhnəsində daha da tanındı. Zəhmətsevərliyi, hadisələrə
obyektiv münasibəti, istiqanlılığı, səmimiliyi onu KİV-də çalışan
jurnalist həmkarlarına sevdirdi.
...Bir dəfə İçərişəhər metrosunun qarşısındakı küçədən ötüb -keçəndə
məni görcək maşınını saxlatdırdı. Pəhlivan cüssəlli bir nəfərlə mənə
yaxınlaşanda Mayis ona: “tələbə yoldaşımdır, qayıt maşında otur!” dedi.
Fəhmlə başa düşdüm ki, bu adam onun şəxsi mühafizəçsidir. O gün
Mayis mehribancasına keçmiş tələbə yoldaşlarımizdan kimlərlə yaxın
əlaqə saxladığımı soruşdu. Ordan-burdan söhbət edib xudafizləşdik.
Sonra dəfələrlə görüşdük. Həmişə görüşəndə çöhrəsindən təbəssüm
əskik olmayan Mayis tələbə yoldaşlarımzla görüş təşkil etməyi təklif
etdi.
...Bir neçə il əvvəl Bilgəh Kardioloji santoriyasında BDU-nun
Beynəlxalq jurnalistika kafedrasının professoru Nəsir Əhmədliylə
görüşdük. Tələbə yoldaşlarımızdan Əli Nəcəfxanlını, Həzi Həsənlini,
Səadət Qarabğlını, Bəhlul Eminlini, Sərraf Talıbı, Elşən Məmmədovu
çox yaxşı xatırladığını söylədi. Mayisdən söz düşəndə dedi ki, o,
Vətənin, xalqın sevincinə, acısına şərik olan, fəaliyyətini dövlət və
dövlətçiliyimizin qorunmasına həsr edən yetkin siyasətçidir.
Deyir, həyat beşiklə məzar arasındakı sınaq müddətidir. Bizim 80 – ci
illərin nəsli son 30 ildə çox sınaqlara məruz qaldı. 20 Yanvar faciəsi,
Xocalı soyqırımı, dövlət çevrilişi, Gəncə qiyamı, müharibə, pandemiya...
Son vaxtlar Mayis Səfərli bəşəriyyəti cənginə alan koronavirusla bağlı
KİV-də çoxlu müsahibələr verirdi. Koronovirusun dəfələrlə təhlükə
olduğunu bildirərək deyirdi: “Görünən daga bələdçi lazım deyil.
Gəlin, özümüzün, doğmalarımızın, əzizlərimizin, sevdiklərimizin,
xalqımızın sağlamlığını, genefondumuzu qoruyaq!.. Qayda və
tövsiyələrə əməl etmək təkcə borcumuz deyil, həm də bizi xilas edən
yoldur...”
...Həyat nə qəribədir. Düz İki ay əvvəlin sözüdür, Mayisin bizim “İki
sahil” qəzetinin redaksiyasında fəaliyyət göstərən internet televiziyasına
müsahibə verməyə gələcəyini eşidəndə çox sevindim. Ona hədiyyə
vermək üçün ötən il nəşr olunmuş “Taxt və tabut” kitabımı özümlə
götürdüm... Amma koronavirusa yoluxmuş və ağır vəziyyətdə
xəstəxanaya yerləşdirilən tələbə yoldaşımın çox çəkmədi ki, ölüm
sorağını eşitdim. Beşiyi Qubadlı rayonunda yırğalanan Mayisin ən
böyük arzularından biri içğaldan azad olunmuş doğma ata-baba yurdunu
görmək idi... Bacısı Gülay deyir ki, Mayisin tezliklə sağalıb Qubadlıya getməyi üçün nəziri vardı. Əfsus ki, arzular, xeyir-dualar, nəzir-niyazlar
alnımıza yazılan taleyi dəyişdirməyə qadir deyil...
Mayisin ruhu Qələbə müjdəli bu payız günü göy üzündə köç edən durna
qatarının karvanına qoşuldu... Hıçqırtısı icini göyüm-göyüm göynədən
Gülay xanımın dilində “Axı Qubadlıya getməyin vaxtıydı, qardaş,
vaxtsız ölümün ağuşuna yox!..” sözləri ağıya döndü... Bakını ələk-
vələk eləyən küləklərin “dilində” isə sanki bu misralar səsləndi:
Bu dünya bazarında
Ölümdən ucuz nə var?!
Nəfəs-can arasında
Bircə an məsafə var...
Bəli, bu dünyada hərəmiz qismətimizə yazılan bir ömür payı yaşayırıq.
Kimi qısa, kimi uzun ömür sürür. Amma insanın ömür yolu uzunluğu ilə
yox, əhəmiyyəti ilə ölçülür, deyiblər. Ölməzlik ölümdən sonra yaşamaq
bacarığıdır! Bir də deyirlər ki, ömür yarımçıq qalmır!.. Əminik ki, bu
gün Mayisin ocağında müqəddəs odu qoruyanlar onun yarımçıq qalmış
ömrünün davamı olacaqlar və öz əməlləri ilə Azərbaycanda sayılıb –
seçilən mərhum tələbə yoldaşımın ruhunu hər zaman şad edəcəklər.
Tələbə yoldaşları adından Mayisin ruhuna ehtiramla
Nurəddin Ədiloğlu,
yazıçı-publisist.
P.S: Tələbə yoldaşım Mayis Səfərlinin dünyasını dəyişdiyini ilk xəbər
verən jurnalist həmkarımız Xanoğlan Əmədovu da hazırda ölüm mələyi
qılığına girmiş “taclı virus” hədəfə alıb. Allahdan Maiyis Səfərliyə
rəhmət, Xanoğlan Əhmədova acil şəfalar diləyirik.