Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vətən müharibəsində iştirak edən nazirlik əməkdaşları ilə görüşüb.
ƏƏSMN-dən verilən xəbərə görə, nazir bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dünya hərb tarixinə həkk olunan yüksək səviyyədə döyüş qabiliyyəti nümayiş etdirərək erməni faşizmini məhv etdi. 30 ilə yaxın işğal altında qalmış doğma yurd yerlərimiz cəmi 44 gün ərzində azad olundu. Tarixə qızl hərflərlə qəhrəmanlıq salnaməsi kimi yazılan bu möhtəşəm Zəfər xalqımıza sonsuz sevinc, iftixar duyğuları yaşadır.
S.Babayev qeyd edib ki, dövlət başçısının 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq səfərbərlik çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemindən də müxtəlif vəzifələrdə çalışan 84 əməkdaş İkinci Qarabağ müharibəsinə qatılıb. Tarixi Zəfərimizin qazanılması uğrunda şərəfli döyüş yolu keçən, Zəfərimizə öz töhfələrini verən bütün qəhrəman Vətən övladları ilə qürur duyuruq. Onlar Azərbaycanın haqq savaşında yüksək vətənpərvərlik göstərərək, şücaətlərlə zəngin şanlı tarix yazdılar.
S.Babayev diqqətə çatdırıb ki, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarından 27 nəfəri Prezident İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar. Onlardan bir qismi iki, bəziləri üç medala layiq görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.