3 oktyabr: Azərbaycanın öz taleyinə sahib çıxdığı gün

Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru
3 oktyabr 1993-cü il Azərbaycan xalqının taleyinə, dövlətin gələcəyinə, milli yaddaşa həkk olunan tarixlərdəndir.
Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin son dərəcə ağır siyasi, iqtisadi və hərbi sınaqlarla üz-üzə qalmış Azərbaycanın taleyində mühüm dönüş nöqtəsi kimi yadda qalıb. Həmin gün xalq öz iradəsini ortaya qoyaraq Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Oktyabrın 10-da isə Ulu Öndər dövlət başçısı kimi and içərək həyatının bundan sonrakı mərhələsini Azərbaycanın taleyinə, dövlət müstəqilliyinin qorunmasına və ölkənin gələcək inkişafına həsr etdi.
Bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək 3 oktyabrın tarixi-siyasi mahiyyətini tam ifadə etmir. Çünki söhbət həmin dövrdə təkcə hakimiyyətin dəyişməsindən deyil, dövlətin özünün qorunub saxlanılmasından gedirdi. Azərbaycan müstəqilliyinin ilk illərində olduqca mürəkkəb sınaqlardan keçirdi. Ermənistan-Azərbaycan münaqişəsinin doğurduğu ağır nəticələr, ərazilərin işğalı, iqtisadi böhran, siyasi qarşıdurmalar, idarəetmədə xaos, müxtəlif silahlı qrupların meydana çıxması və vətəndaş qarşıdurması təhlükəsi dövlət müstəqilliyinin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradırdı.
Belə bir tarixi şəraitdə Azərbaycan cəmiyyətinin böyük dövlətçilik təcrübəsinə malik siyasi xadimə üz tutması təsadüfi deyildi. Onun adı artıq uzun illər ərzində peşəkar idarəçilik, siyasi iradə və dövlətçilik anlayışları ilə bağlı idi. Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasəti, respublikanın iqtisadi və sosial potensialının artırılması, milli kadrların yetişdirilməsi, daha sonra isə Sovet İttifaqının rəhbərliyində tutduğu yüksək vəzifələr ona böyük siyasi təcrübə qazandırmışdı. Müstəqilliyin ilk illərində yaranmış böhranlı vəziyyətin mürəkkəbliyini dərk etmək və bu böhrandan çıxış yolları müəyyənləşdirmək üçün belə zəngin təcrübə mühüm əhəmiyyət daşıyırdı.
1993-cü ilin iyununda Ulu Öndərin Bakıya qayıdışı ölkənin siyasi həyatında yeni mərhələnin başlanmasına səbəb oldu. Qarşıda dayanan ilk vəzifə hakimiyyət uğrunda mübarizəni daha da dərinləşdirmək deyil, dövlətin dağılmasının qarşısını almaq, ölkədə sabitliyi bərpa etmək, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək və cəmiyyətin gələcəyə inamını qaytarmaq idi. O, son dərəcə mürəkkəb vəziyyətdə siyasi məsuliyyəti üzərinə götürdü və dövlətçilik naminə ən çətin qərarları qəbul etdi.
Həmin dövrdə söylədiyi bir fikir onun siyasi düşüncəsinin əsas mahiyyətini aydın şəkildə ifadə edirdi: “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.”
Bu fikir onun bütün siyasi fəaliyyətinin əsas məntiqini özündə əks etdirirdi. Azərbaycan öz taleyinin sahibi olmalı idi. Dövlət müstəqilliyi formal anlayışdan real siyasi və iqtisadi suverenliyə çevrilməli, dövlətin qərarları milli maraqlara əsaslanmalı, ölkənin gələcəyi kənardan deyil, məhz Azərbaycanın özü tərəfindən müəyyən edilməli idi.
1993-cü ilin oktyabrında xalqın böyük etimad göstərərək Ulu Öndəri dövlət başçısı seçməsi də məhz belə mürəkkəb şəraitdə baş verdi. Azərbaycan xalqı qarşısında dayanan əsas məsələ sabit və işlək dövlət qurmaq, müstəqilliyi qorumaq və gələcək inkişaf üçün möhkəm təməl yaratmaq idi.
Prezident seçildikdən sonra andiçmə mərasimində xalqa müraciət edən görkəmli dövlət xadimi demişdi: “Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
Bu sözlər qarşıdakı onilliyin siyasi fəaliyyətinin əsas istiqamətini müəyyənləşdirən bir vəd idi. Qarşıda böyük və çətin işlər dayanırdı. İlk növbədə ölkədə sabitlik yaradılmalı, dövlət institutları möhkəmləndirilməli, hüquqi dövlət quruculuğunun əsası qoyulmalı, iqtisadiyyatın dağılmasının qarşısı alınmalı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yeri təmin edilməli idi.
Ən böyük vəzifələrdən biri isə müstəqilliyin özünün qorunması idi.
Ulu Öndər üçün dövlətçilik anlayışı yalnız dövlət aparatının fəaliyyəti demək deyildi. Dövlətçilik milli iradənin, milli maraqların, ərazi bütövlüyünün, hüquqi sistemin, milli-mənəvi dəyərlərin və gələcək nəsillərin təhlükəsizliyinin qorunması idi. O deyirdi: “Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır.”
Bu baxış sonrakı dövlət quruculuğu proseslərində öz aydın ifadəsini tapdı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın Konstitusiyasının ümumxalq səsverməsi ilə qəbul edilməsi dövlətçilik tariximizin mühüm hadisələrindən birinə çevrildi. Əsas Qanun Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının hüquqi əsaslarını müəyyənləşdirdi, hakimiyyət bölgüsü prinsipini təsbit etdi, insan hüquq və azadlıqlarının dövlət tərəfindən qorunmasını fundamental norma kimi müəyyən etdi.
Ümummilli Liderin “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq” sözləri onun dövlət quruculuğu fəlsəfəsinin mahiyyətini aydın göstərirdi. Demokratiya, hüquqi dövlət və dünyəvilik Azərbaycanın müstəqil inkişaf yolunun mühüm dayaqları kimi təqdim olunurdu.
Demokratiya haqqında söylədiyi başqa bir fikir də diqqətəlayiqdir: “Demokratiya bizim üçün xaricdən gətirilmə bir dəyər deyildir, bu, Azərbaycan xalqının öz istəyidir, onun özünün müəyyən etdiyi, getmək istədiyi yoldur.”
Bu yanaşmada milli dövlətçiliklə ümumbəşəri dəyərlər qarşı-qarşıya qoyulmur, əksinə, onlar bir-birini tamamlayan anlayışlar kimi nəzərdən keçirilirdi. Milli maraqlar, dövlətçilik, insan hüquqları, hüququn aliliyi və dünyəvilik vahid dövlət quruculuğu fəlsəfəsinin mühüm sütunlarına çevrilirdi.
Müstəqil dövlətin siyasi dayaqları ilə yanaşı, iqtisadi dayaqları da möhkəmləndirilməli idi. Azərbaycanın qarşısında duran ən mühüm məsələlərdən biri ölkənin zəngin enerji resurslarını milli inkişaf strategiyasına çevirmək idi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” bu baxımdan Azərbaycanın müasir tarixində yeni səhifə açdı.
Bu müqavilə Azərbaycanı beynəlxalq enerji layihələrinin mühüm iştirakçısına çevirdi. Xarici investisiyaların ölkəyə cəlb edilməsi, neft hasilatının və ixracının genişləndirilməsi, yeni nəqliyyat və enerji marşrutlarının yaradılması ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artırdı.
Bakı-Novorossiysk, Bakı-Supsa və daha sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanın enerji siyasətinin praktiki nəticələrinə çevrildi. Beləliklə, Xəzərin enerji resursları yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də milli və regional inkişaf siyasətinin mühüm alətinə çevrildi.
Ulu Öndərin neft strategiyasının uzaqgörənliyi sonrakı illərdə daha aydın göründü. Prezident İlham Əliyev də müxtəlif çıxışlarında Azərbaycanın iqtisadi və siyasi imkanlarının formalaşmasında həmin strategiyanın mühüm rolunu vurğulayıb.
Dövlət başçısının “Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir” fikri də bu tarixi varislik kontekstində xüsusi məna daşıyır. Çünki müasir Azərbaycanın siyasi, iqtisadi və institusional əsaslarının formalaşmasında Ulu Öndərin fəaliyyətinin mühüm yeri olduğu vurğulanır.
Milli dövlətçilik konsepsiyasının digər mühüm istiqaməti azərbaycançılıq ideologiyası idi. Dahi şəxsiyyət Azərbaycan dövlətinin milli ideologiyasının əsasını azərbaycançılığın təşkil etdiyini bildirirdi: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir.”
Azərbaycançılıq ideyası milli mənsubiyyət, dil, mədəniyyət, tarix, milli-mənəvi dəyərlər və dövlətçilik anlayışlarını vahid məfkurədə birləşdirirdi. Bu ideya Azərbaycanın sərhədləri daxilində yaşayan insanlarla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları da ümumi milli kimlik ətrafında birləşdirən ideoloji dayağa çevrildi.
2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında Ümummilli Lider deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.”
Bu sözlər milli dövlətçilik anlayışının mahiyyətini açıq şəkildə göstərirdi. Dövlət yalnız siyasi institutlar sistemi deyil, həm də xalqı birləşdirən mənəvi məkandır. Milli yaddaş, dil, mədəniyyət və mənəvi dəyərlər dövlətçilik şüurunun ayrılmaz hissəsinə çevrilirdi.
Dahi liderin siyasi fəaliyyətinin digər mühüm istiqaməti Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi idi. Müstəqilliyin ilk illərində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini yenicə müəyyənləşdirirdi. Qarşıda duran əsas vəzifələrdən biri ölkənin müstəqil xarici siyasət kursunun formalaşdırılması, müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərin qurulması, Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə müdafiə edilməsi idi.
Görkəmli dövlət xadimi bu siyasəti tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kimi qurmağa çalışırdı. Azərbaycanın enerji və nəqliyyat layihələrində iştirakı, beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafında rolu və müxtəlif dövlətlərlə münasibətlərin qurulması ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə təsir göstərdi.
Qarabağ məsələsi də onun xarici siyasətinin əsas istiqamətlərindən biri idi. Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi beynəlxalq təşkilatların gündəliyində saxlanılır, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün diplomatik səylər göstərilirdi.
Bu siyasi fəaliyyətin miqyasını yalnız Azərbaycanın daxili həyatı ilə məhdudlaşdırmaq mümkün deyil. O, beynəlxalq siyasətdə də özünəməxsus üslubu ilə seçilən dövlət xadimi kimi tanınırdı. Siyasi portretində güclü yaddaş, geniş dünyagörüşü, diplomatik çeviklik, hadisələrin mahiyyətinə nüfuz etmək bacarığı və milli maraqları qorumaq iradəsi xüsusi yer tuturdu.
Dünya siyasətçilərinin onun haqqında söylədiyi fikirlər də bu nüfuzun ifadələrindən biri kimi yadda qalıb. Rusiya Prezidenti Vladimir Putin Ulu Öndəri “böyük dövlət xadimi” və “siyasi nəhəng” adlandırmışdı. Bu ifadələr onun siyasi fəaliyyətinin yalnız Azərbaycan çərçivəsində deyil, daha geniş coğrafiyada da diqqət çəkdiyini göstərən qiymətləndirmələrdən biridir.
Onun siyasi məktəbi həm də natiqlik mədəniyyəti ilə seçilirdi. Mürəkkəb məsələləri sadə və anlaşıqlı şəkildə ifadə etmək, müxtəlif auditoriyalarla ünsiyyət qurmaq, fikrini konkret və məntiqli şəkildə çatdırmaq bacarığı siyasi portretinin mühüm cəhətlərindən idi. Çıxışlarında dövlətçilik, müstəqillik, milli birlik və Azərbaycanın gələcəyi mövzuları xüsusi yer tuturdu.
Bəlkə də bu siyasi düşüncənin ən güclü tərəfi gələcəyə baxışda idi. O, yalnız öz dövrünün problemləri haqqında danışmır, gələcək Azərbaycanın necə bir dövlət olmalı olduğu barədə də düşünürdü.
“Bizim, Azərbaycan dövlətinin çox gözəl gələcəyi var. Biz bu gələcəyi müstəqillik yolunda görürük. Azərbaycan üçün dövlət müstəqilliyi tarixi nailiyyətdir, ən böyük sərvətdir”, — deyirdi.
Bu fikirdə onun bütün siyasi fəaliyyətinin ana xəttini görmək mümkündür: müstəqillik, dövlətçilik, milli birlik, inkişaf və gələcəyə inam.
1998-ci ildə andiçmə mərasimində də Azərbaycanın gələcəyinə nikbin münasibətini ifadə etmişdi: “Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir.”
Bu gələcək təsəvvürü sonrakı illərdə Azərbaycanın siyasi və iqtisadi həyatında həyata keçirilən proseslərlə davam etdirildi.
2003-cü ildən sonra həmin siyasi xəttin davam etdirilməsi məsələsi Azərbaycan dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Prezident İlham Əliyev də çıxışlarında atasının siyasi irsini Azərbaycanın müasir inkişafının mühüm əsaslarından biri kimi xarakterizə edib.
Dövlət başçısının “Biz Heydər Əliyev siyasətinə sadiqik” fikri siyasi varislik anlayışını ifadə edən mühüm tezislərdən biridir. Bu yanaşmanın əsas məzmununda dövlət müstəqilliyinin qorunması, iqtisadi potensialın artırılması, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və dövlət quruculuğu proseslərinin davam etdirilməsi dayanır.
1993-cü ildə qarşısında dayanan Azərbaycan ilə sonrakı illərdə formalaşan Azərbaycan arasında böyük tarixi məsafə var. Lakin həmin dəyişikliklərin başlanğıc nöqtələrindən biri kimi 3 oktyabr 1993-cü il xüsusi əhəmiyyət daşıyır.
O gün Azərbaycan xalqının qarşısında duran məsələ yalnız yeni prezident seçmək deyildi. Qarşıda dövlətin taleyi dayanırdı.
Ölkənin sabitliyə ehtiyacı vardı. İqtisadiyyatın dirçəldilməsinə ehtiyac vardı. Hüquqi dövlət qurulmalı, dövlət institutları möhkəmləndirilməli, Azərbaycan dünyaya özünü müstəqil dövlət kimi təqdim etməli, milli birlik və dövlətçilik ideyası daha da gücləndirilməli idi.
Bu böyük siyasi missiya bir-biri ilə əlaqəli istiqamətləri vahid dövlətçilik konsepsiyasında birləşdirdi.
“Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır”, — deyən Ulu Öndər müstəqilliyin qorunmasını həyatının ən mühüm siyasi məqsədlərindən biri kimi təqdim edirdi.
Bu gün 3 oktyabr 1993-cü il haqqında düşünərkən həmin tarixi yalnız keçmişin bir səhifəsi kimi deyil, Azərbaycanın müasir dövlətçilik tarixinin formalaşmasında mühüm mərhələ kimi xatırlamaq mümkündür.
Çünki tarix yalnız baş verən hadisələrin ardıcıllığı deyil. Tarix həm də qəbul edilmiş qərarların, müəyyən edilmiş siyasi kursun və gələcəyə yönəlmiş iradənin nəticəsidir.
Ulu Öndərin siyasi fəaliyyətinin Azərbaycan tarixində ən mühüm cəhətlərindən biri də məhz budur: müstəqilliyi yalnız əldə edilmiş tarixi nailiyyət kimi deyil, hər gün qorunmalı və möhkəmləndirilməli olan milli sərvət kimi qəbul edirdi.
“Azərbaycanın suverenliyi hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir”, — deyirdi.
Bu sözlər dövlətçilik fəlsəfəsinin mahiyyətini ifadə edir.
Azərbaycanın müstəqilliyi onun üçün siyasi məqsəddən daha böyük məna daşıyırdı. Bu, xalqın milli iradəsinin ifadəsi, tarixi yaddaşın nəticəsi və gələcək nəsillər qarşısında məsuliyyət idi.
Ulu Öndərin siyasi irsi haqqında müxtəlif ölkələrin və müxtəlif siyasi məktəblərin nümayəndələri tərəfindən çoxsaylı fikirlər səsləndirilib. Lakin onun öz sözləri bu irsin mahiyyətini daha aydın ifadə edir:
“Bizim məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir.”
Bu məqsədin arxasında bir dövlət xadiminin bütün siyasi həyatını müəyyənləşdirən əsas düşüncə dayanırdı: Azərbaycanın müstəqil, güclü və gələcəyə inamla baxan dövlət kimi yaşaması.
3 oktyabr 1993-cü il də məhz bu böyük dövlətçilik yolunun yadda qalan tarixlərindən biridir.
O tarixdən ötən illər ərzində Azərbaycan dövlətçiliyinin müxtəlif mərhələləri yaşanıb, ölkənin siyasi, iqtisadi və beynəlxalq həyatında mühüm dəyişikliklər baş verib. Lakin müasir Azərbaycanın siyasi tarixində Ulu Öndərin adı ilə bağlı olan 1993-cü il mərhələsi dövlət quruculuğunun əsas dönüş nöqtələrindən biri kimi yadda qalır.
Bu tarix bizə bir daha xatırladır ki, müstəqillik yalnız qazanılmır — qorunur, möhkəmləndirilir və gələcək nəsillərə ötürülür.
Milli Liderin siyasi irsinin əsas qayəsi də elə bundan ibarət idi: müstəqil Azərbaycan dövlətini yaşatmaq, onun dayaqlarını möhkəmləndirmək və gələcək nəsillərə daha güclü dövlət miras qoymaq.
Onun sözləri ilə desək:
“İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur.”
Və bu fikrin ardınca söylədiyi sözlər Azərbaycan dövlətçiliyi haqqında düşüncənin ən təsirli ifadələrindən biri olaraq qalır:
“...bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”
3 oktyabr 1993-cü il tarixinin siyasi və tarixi mənası da məhz bu dövlətçilik düşüncəsi ilə bağlıdır. Həmin tarixdən başlayan mərhələ Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, öz siyasi və iqtisadi yolunu müəyyənləşdirməsi, milli ideologiyasını formalaşdırması və beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirməsi ilə yadda qaldı.
Bu baxımdan 3 oktyabr yalnız bir seçkinin tarixi deyil.
Bu, müstəqil Azərbaycan dövlətçiliyinin taleyində mühüm dönüşün tarixidir.
Bu, sabitliyə, quruculuğa və inkişaf perspektivinə aparan siyasi mərhələnin başlanğıcıdır.
Bu, Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin müasir Azərbaycanın siyasi həyatında yeni mərhələyə çevrildiyi tarixdir.
Və ən əsası, bu tarix Azərbaycanın öz gələcəyini özü müəyyən etmək iradəsinin tarixidir.
Çünki müstəqil dövlətin ən böyük gücü yalnız onun iqtisadi imkanlarında, ordusunda və beynəlxalq mövqeyində deyil. Onun ən böyük gücü öz taleyinə sahib çıxan xalqının iradəsindədir.
3 oktyabr 1993-cü il də Azərbaycan xalqının həmin iradəsinin tarixə yazıldığı günlərdən biridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.