AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suqovuşanın azad olunması qələbəmizi sürətləndirdi

  • + A
  • - A
  • 6-10-2021, 18:45


    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı

    2020-ci il 3 oktyabr tarixində Suqovuşan qəsəbəsi işğaldan azad edildi. 3 gün öncə böyük qürur hissi ilə Suqovuşan qələbəsinin ildönümünü qeyd etdik. Məhz Suqovuşan qəsəbəsinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyətə malik olmuşdur.

    Qəsəbənin azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi.

    Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurdur və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəbidir. Xatırlayaq ki, Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi.

    Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc və ruh yüksəkliyi verdi. Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində əldə olunmuş üstünlüklər Böyük Qələbə Zəfərimizi sürətləndirdi.

    Çünki bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Suqovuşandan danışarkən su anbarının strateji əhəmiyyətini xüsusi qeyd etmək lazımdı. Suqovuşan qəsəbəsinin əhəmiyyəti ondadır ki, burada Suqovuşan su anbarı yerləşir.

    Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. Elə yuxarıda sadaladığım səbəblərdən Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdən sonra Ermənistan ordusu dərin mənəvi-psixoloji sarsıntı içində idi. Onların gözü qorxmuşdu və bundan sonrakı dövrdə - oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Erməni mənbələri məlumat verirdi ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi.

    On min fərarisi olan ordu, təbii ki, müqavimət göstərə bilməzdi; Düşmən tərəfindən yayılan dezinformasiyalar rəsmi İrəvanı və Ermənistan ordusunu daha çətin vəziyyətə salırdı. Düşmən müharibənin ilk günlərindən başa düşməyə başladı ki, onların bütün təbliğatı, bütün yalanları, sadəcə olaraq, uydurmadır. Düşmənin təbliğatı taktiki geriləmə haqqında gecə-gündüz yalan informasiyalar yayırdı, bu haqda cəfəng məlumatlar ötürürdü. Bu, dünya hərb praktikasında yəqin ki, bir yenilikdir. Onlar orada artıq götürdüyümüz şəhər və kəndlərimizi döyüş gedən kənd və şəhərlər kimi təqdim edirdilər. Ancaq real həyatda, real döyüşlərdə artıq hər kəs hər şeyi görürdü. Heç bir yalan təbliğat Qələbəmizə mane ola bilmədi. Ali Baş Komandan Müzəffər Ordusu ilə strateji əhəməyyət kəsb edən Suqovuşanı və tarixi adını xalqımıza qaytardı.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR