Nəqliyyatda gediş haqqının artırılması haqqında verilən qərar yenə də sadə insanın cibinə zərbədir. “Cəmi 10 qəpikdir” deyib məsələni yumşaltmaq istəyənlər var. Amma gəlin soruşaq: tələbənin cibindəki 10 qəpiklə, təqaüdçünün ayın sonuna saxladığı 10 qəpiklə kimin haqqı var oynamaga?
Bir ailədən iki-üç övlad hər gün dərsə gedirsə, o “cəmi 10 qəpik” aylıq onlarla manata çevrilir. Tələbə aldığı 200 manata çatmayan təqaüdlə gününü birtəhər başa vurur, indi isə yolpulu daha da çoxalır. Bəs təqaüdçü? 280-300 manatla ayı güclə başa vuran yaşlı insan üçün 10 qəpiklərin yığılması çörəyin, dərmanın hesabına çıxır.
Daha acınacaqlısı budur ki, heç kim insanların real vəziyyətini nəzərə almır. Heç kim soruşmur: “Bu artımı əhali necə qarşılayacaq?” Sadəcə bir ucdan qiymətlər qalxır. Maaşlar eyni, təqaüdlər dəyişmir, amma hər şey bahalaşır. Bu ədalətdirmi?
Unutmayaq ki, nəqliyyatda qiymət artımı yalnız avtobus və metroya aid deyil. Zəncirvari təsir göstərəcək: ərzaq daşınması bahalaşacaq, bazarda qiymətlər artacaq, gündəlik xidmətlər yenə od qiymətinə olacaq. Axırda isə yükün hamısı yenə kasıbın, tələbənin, təqaüdçünün çiyninə düşəcək.
Ona görə də “cəmi 10 qəpik” deyib məsələni ört-basdır etmək olmaz. Həmin 10 qəpiklər insanların gündəlik həyatında böyük fərq yaradır. Və bu fərqin acısını məhz ən zəif təbəqələr – tələbələr, təqaüdçülər və çoxuşaqlı ailələr yaşayır.
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.