Politoloq Ülkər Piriyeva Azadmedia.az-da son bir neçə gündə Qazaxıstanda baş verənləri dəyərləndirib.
Təəssüf ki, bir neçə gündür Qazaxıstan münaqişə xəbərləri ilə gündəmdədir. Ölkənin sabiq paytaxtı Almatıda hökumətə qarşı etirazlara qatılan insanlarla polis arasında toqquşmalar davam edir.
Qazaxıstanda yanacağın bahalaşmasından sonra bir çox şəhərlərdə etirazlar dalğası başladı və artmaqdadır. Deyərdim ki, maye qazın bahalaşması ilə küçələrə çıxan etirazçıların hökumət binalarına basqın edərək onları yandırmasından sonra Qazaxıstan, son illərin ən böyük böhranını yaşamaqdadır. Beləliklə, ölkədə fövqəladə vəziyyət elan edildi.
Hər kəsə məlumdur ki, ölkənin qərbində yerləşən Janaozen şəhərində maye qazın artırılmasına qarşı çıxan sürücülərin etirazları bütün ölkəyə yayıldı. Taldıkorqan şəhərində etirazçılar, ölkənin ilk prezidenti Nursultan Nazarbayevin heykəlini kəndir bağlayaraq sökdüər.
Hətda baş nazir Əsgər Maminin rəhbərlik etdiyi hökumətin ölkədə maye qazın qiymətlərinin artırılmasına etirazlar səbəbindən istefa verdiyi də açıqlandı. Nəhayət, Rəyasət Heyətindən verilən açıqlamaya görə, daha əvvəl baş nazirin müavini vəzifəsini icra edən Əlixan Smailovun baş nazirin müavini vəzifəsini icra edəcəyi bildirildi.Bəs, Qazaxıstanda son 48 saatda nələr baş verdi?
İlk növbədə, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev etirazların şiddətlənməsindən sonra hökuməti istefaya göndərdiyini açıqladı.
Paytaxt Nur-Sultanda 5-19 yanvar tarixləri arasında fövqəladə vəziyyət elan edildi.
Eyni zamanda, fövqəladə vəziyyət rejimi dövründə şəhərdə saat 23:00-07:00 saatları arasında komendant saatı tətbiq edildi.
ATƏT Qazaxıstanda vəziyyəti yumşaltmağa və etirazçılarla hakimiyyət arasında dialoq başladılması çağırışını etdi.
Ölkədə baş verən etirazlara görə, Qazaxıstan media saytlarına xaricdən daxil olmaq artıq mümkün deyil. Xüsusilə http://zakon.kz, http://tengrinews.kz və http://vlast.kz və Sputnik Qazaxıstan səhifəsindən istifadə etmək olmaz. Həmçinin dövlət qurumlarının internet saytlarına giriş kəsilib, lakin bir neçə saat sonra yenidən açılıb.
Ölkədə kütləvi toplantılara qadağa qoyuldu.
Qazaxıstan Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Toktar Aubəkirov dövlət televiziyasına açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bütün üzvlərini qoşun göndərməyə çağırdı. (Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Belarusiya, Ermənistan)
Qazaxıstan prezidenti KTMT dövlət başçılarından kömək istədi. Qasım-Jomart Tokayev açıqlamasında qeyd etdi ki, o, ölkədə baş verənləri “xarici təcavüz aktı” kimi görür.
Həmçinin Rusiya Qazaxıstanın yardım istəyinə müsbət cavab verdi. Beləliklə, KTMT-nin təsdiqi prosesi 30 dəqiqədən az bir vaxt çəkdi. Rusiya ilk növbədə Qazaxıstan qüvvələrinə kömək etmək üçün ölkəyə xüsusi əməliyyatlar və terrorla mübarizə üzrə ekspertlər göndərəcəyini bildirdi.
Ermənistanın baş naziri Paşinyan Qazaxıstandakı vəziyyətlə bağlı KTMT-yə üzv ölkələrin başçıları ilə məsləhətləşmələrə başladığını açıqladı. O, həmçinin Qazaxıstan prezidenti Tokayevlə də telefon danışığı apardığını bildirdi.
Bundan başqa, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov bəyan etdi ki, Rusiya, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin KTMT-yə üzv dövlətlərə yardım çağırışına cavab verməlidir.
Qazaxıstan prezidenti Tokayev, illərdir müxalifət fəallarını həbs edən daxili Kəşfiyyatın rəhbəri Kərim Məsimovu vəzifəsindən azad elədi.
KTMT Qazaxıstana sülhməramlılar göndərmək qərarına gəldi. Belə ki, ölkəyə ilk olaraq rusiyalı mütəxəssislərin daxil olduğu bildirilir.
Rusiyanın başçılıq etdiyi KTMT Qazaxıstanda baş verən şiddətli iğtişaşların qarşısını almaq üçün birgə sülhməramlı qüvvələr göndərməyə razılaşdı.
Eyni zamanda, iddia olunurdu ki, Tokayevin KTMT-ni köməyə çağırması, Qazaxıstanda başlayan etirazları öz ordusu ilə yatırmaq gücünə malik olmasına baxmayaraq, əslində Qazaxıstanda elitalar arasında münaqişəyə işarə edir.
Ancaq elit hakimiyyət mübarizəsində sanki Rusiya tərəfdarları qalib gəldi.Bəlkə də etirazçıların narazılığı yanacağın qiymətindən daha geniş məsələlərlə bağlıdır.
Beləliklə, hadisələrdən sonra Qazaxıstana qoşun göndərən Rusiya qanadından yeni açıqlama gəlib. Rusiya Xarici İşlər Nazirliyi Qazaxıstanda baş verənləri “kənardan dövləti zəiflətmək cəhdi” kimi qiymətləndirib. Digər tərəfdən KTMT-nin rəsmiləri bildiriblər ki, Qazaxıstandakı sülhməramlı qüvvələrin əsas vəzifəsi dövlət və ordu obyektlərini qorumaqdır. Artıq Qazaxıstanda sülhməramlı qüvvələrin avanqard bölmələri fəaliyyətə başlayıb. Bildirilir ki, sülhməramlı qüvvələrdə Rusiya, Belarus, Tacikistan və Ermənistandan olan əsgərlər iştirak edir. KTMT rəsmiləri qeyd ediblər ki, hazırda Rusiya Hərbi Hava Qüvvələrinin hərbi yük təyyarələri Rusiyanın Qazaxıstana sülhməramlı qüvvə kimi göndərəcəyi qoşunları daşıyır və Sülhməramlı qüvvələrə Rusiyanın hava-desant qoşunlarının bölmələri daxildir. Ermənistan rəsmiləri də sülhməramlı qüvvələrin tərkibində Qazaxıstana 70-ə yaxın əsgər göndərdiklərini bəyan ediblər.
KTMT sülhməramlıları Qazaxıstan prezidenti Qasım Jomart Tokayevin xahişi ilə ölkədə zorakılığa çevrilən etirazların yatırılmasına kömək etmək üçün ölkəyə göndərilir.
Qeyd edim ki, bəzi yerlərdə təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçdiyini nəzərə alsaq, baş verənlər barədə aydın təsəvvür əldə etmək müşkül görünür, çünki vəziyyət nəzarətdən çıxıb, insanlar artıq hakimiyyətə qarşı zorakılıq tətbiq etməyə başlayıblar.
Hələlik, vəziyyət ürəkaçan görünməsə də, qısa bir müddətə Qazaxıstanda hər şeyin qaydasına düşməsi diləyi ilə.