Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi
Elnur KələntərovŞəhid övladlarının Elnur əmisi..Ötən ilin iyul ayında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün “Qaliblər düşərgəsi” fəaliyyətə başlamışdı. 13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etmək idi. Şüvəlan qəsəbəsi Humanitar Fənlər Təmayüllü Gimnaziyada 14 gün davam edən düşərgədə müxtəlif mövzuları əhatə edən təlimlər, fərdi dərslər, əyləncəli və intellektual oyunlar, idman və incəsənət sahələri üzrə dərslər təşkil olundu. 76 nəfərlik düşərgə iştirakçıları üçün Bakının görməli yerlərinə ekskursiyalar təşkil olundu və əyləncə proqramları keçirildi. Layihə çərçivəsində yeniyetmələr tanınmış ictimai xadimlər, idman, təhsil və mədəniyyət sahəsinin məşhur simaları ilə görüşdülər.
“For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşan düşərgənin bitməsindən xeyli vaxt ötsə də, əks-sədası hələ də səngimir. Layihənin əməliyyat komitəsinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, “Qaliblər”in Elnur əmisi - Elnur Kələntərovla həmsöhbət olduq. Elnur Kələntərov öncə layihə haqqında daha aydın təsəvvür yaratmaq üçün bizə düşərgədən şəkil və videolar göstərdi. Onları təsvir edərkən həmsöhbətimin keçirdiyi qürur və fəxr hissini səsindən də aydın duymaq olurdu.
- “Qaliblər düşərgəsi” nə ilə yadda qaldı? Bu böyük məsuliyyətli işin öhdəsindən layiqincə gələ bildinizmi?
- Düşərgə “For Azerbaijan” Xeyriyyə Təşkilatının rəhbəri Samir Süleymanovun təşəbbüsü ilə baş tutdu. Samir Süleymanov Beynəlxalq Valyuta Fondunun (BVF) sədrinin baş müşaviridir. Fəxrlə deyə bilərik ki, BVF-də çalışan yeganə azərbaycanlıdır. “For Azerbaijan” Xeyriyyə Təşkilatı Amerikada yaradılıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlılardan ibarətdir. Təşkilat şəhid və qazi ailələrinə müxtəlif yardımların təmənnasız çatdırılması üçün Azərbaycanda partnyor axtarışlarına başlamışdı. Müharibə dövründə müxtəlif yardımların çatdırılmasında, şəhid və qazi ailələri ilə görüşdə birlikdə çalışdıq. Bu minvalla qərara alındı ki, şəhid uşaqları üçün düşərgə təşkil edək.
Təşkilati işləri isə Dövlət Miqrasiya Xidməti öz üzərinə götürdü. Beləcə 78 uşağı yığdıq. Həqiqətən də, böyük məsuliyyət idi. Düşünün ki, müharibə yeni bitib və ailələrdə sosial və psixoloji vəziyyət bir o qədər də yaxşı deyil. Ailələrin uşaqlarını rahat göndərməsi üçün hər şərait yaradılmışdı. Bəzi uşaqlar analarından ayrılıb gəlmək istəmirdi. Çünki analarına çox bağlanmışdılar. Çox çətin bir vəziyyət idi. Biz onlara demişdik ki, tam ürək rahatlığı ilə uşaqlarınızı göndərin. Təki bu uşaqlar həmin ağır ortamdan bir anlıq da olsa, uzaqlaşsınlar. Artıq açılışa sayılı günlər qalmışdı. Özümüz də həyəcanlanırdıq ki, görəsən, necə olacaq... Nəhayət, uşaqları Bakıya göndərdilər. Onları böyük sevinclə qarşıladıq. Beləcə 14 günlük proses başladı. Layihə çox böyük əks-səda doğurdu. Bu dərəcədə gözləmirdik. Biz? dəstək olan bütün tərəfdaşlarımıza təşəkkür edirik.
- Şəhid övladlarının təhlükəsizlik və gündəlik baxım məsələsi ilə bağlı hansı işlər görülmüşdü?
- Uşaqların hər birindən test götürüldü. Uşaqların təhlükəsizliyi isə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun özünün birbaşa nəzarətində idi. Dövlət Miqrasiya Xidmətinin Daxili Təhlükəsizlik İdarəsi təhlükəsizliyi qoruyurdu. Həmçinin onlarla bilavasitə könüllülər məşğul olurdu. Bu ərəfədə Azərbaycan Könüllülər Təşkilatının 50 könüllüsü bizimlə birlikdə çiyin-çiyinə çalışırdı. Ay yarım psixoloq könüllülərlə işlədi. Uşaqlarla kim işləyə bilər deyə testlər etdik. Çünki bu layihə çox böyük məsuliyyətdir və bizə uşaqlarla işləyə biləcək gənclər lazım idi. Hamısı öz işinin əjdahası idi. Uşaqların qidalanması, təmizliyi, qalacağı yer - hər bir məsələ diqqətə alınmışdı. Ailələrin əlaqə saxlaması üçün qaynar xətlər vardı. Təşkilati işlər qurulmuşdu. Layihə çərçivəsində bir sıra müsabiqələr keçirdik. Qaliblər planşet ilə mükafatlandırıldı. Ad günlərini qeyd etdik.
- Uşaqların həyatına toxundunuz. Balaca bədənlərində böyük yük daşıyan bu uşaqların bir anlıq belə olsa, yükünü xəfiflətdiniz, həyatlarının ağrı-acılarından uzaqlaşdırdınız, onlara sevinc bəxş etdiniz. Bunu uşaqların simasından da görmək olur. Onların Elnur əmisi oldunuz. “Qaliblər düşərgəsi” sizin üçün necə başladı?
- Müharibə başlayanda mən də könüllü getmək istəmişdim, amma yaşıma görə, bu, mümkün deyildi. Gələn şəhid xəbərləri adamı sarsıdırdı. Sosial şəbəkələrdə şəhidlərimizin şəkillərini, videolarını, son anlarını gördükcə ürəyimiz dağa dönürdü. İçim yanırdı, amma heç nə edə bilmirdim. Həmişə arzulayırdım ki, bir vətəndaş kimi bu insanlara bir xeyrim dəysin. Bu ərəfədə düşərgə haqqında müzakirələr gedəndə öz təşəbbüsümlə bu layihədə iştirak etmək istədiyimi dedim. Nəticədə mən əməliyyat komitəsinin rəhbəri oldum. Sonradan gördüm ki, iş təkcə təşkilati məsələləri həll etməklə bitmir. O istək adamın öz içindən gəlməlidir. İlk gün çox çətin idi. Şəhid övladları özləri də haraya gəldiklərini bilmirdilər. Ətrafa sual dolu nəzərlərlə tamaşa edirdilər. O, atasına layiq olmaq üçün böyüyür. Bu ali zirvəyə çatmış insanların övladlarını qəbul etmək çox məsuliyyətli idi. Onun atası sənin üçün öz canından keçib və bu uşaq indi 14 gün ərzində əmanətindədir. İstəyirdik ki, uşaqlar o ab-havadan çıxsınlar. Başa düşürsən ki, onlar ataları şəhid olmadan öncə bütün uşaqlar kimi idilər. Aralarında nadinci də, sakiti də vardı. İndi də həmin uşaqlardır. Sadəcə olaraq, onlar indi şərəfli bir statusu daşıyırlar. Düşərgədə çox gərgin, stressli, özünəinamı olmayan uşaqlar vardı. Hamısı individual yanaşma tələb edirdi. Onları bir fakt birləşdirirdi - şəhid övladı olmaq. Bununla da fəxr edirdilər. Özlərini ad soyadlarından öncə “Mən qalib” deyə təqdim edirdilər.
- Arzuları nələrdir? Gələcəkdə hansı peşəyə yiyələnmək istəyirlər?
- Çoxu hərbçi olmaq istəyir. Hətta eləsi var ki, valideynləri başqa sahəyə yönəltməyə çalışsa da, hərbçi olacağını deyir. Baxırsan ki, gözlərində qorxu yoxdur. Uşaqlar çox həssas və vətənpərvər idilər. “Mənim atamın rütbəsi sənin atanın rütbəsindən böyükdür” kimi aralarında fərq qoymurdular. “Biz, sadəcə şəhid övladlarıyıq və fəxr edirik” deyirdilər.
- Şəkillərdən də görünür ki, uşaqlar sizi çox sevirlər. Bu sevgini necə qazandınız? Yəqin ki, asan deyildi?
- Yox... asan deyildi. Düşün ki, 14 gün uşaqlarla bir yerdəsən. Sən orada unutmalısan ki, məmursan. Mən məmur deyil, dövlətin qulluqçusuyam. Uşaqlara da qulluq etmək mənim üçün böyük şərəfdir. Hamısı sənin qardaşın uşaqlarıdır. Uşaqlar çox həssasdı?lar. Onlar sevgini dərhal hiss edirlər. İnanırsınız, düşərgə bitdikdən sonra da biz bir-birimizdən qopa bilmirdik. Bir dəfə onları pizza bişirməyə aparmışdıq. Özləri bişirib, özləri də yedilər. (Şəkilləri göstərir) Görürsünüz, uşaqlar öz əlləri ilə məni yedirdir. Çox da dadlı alınmışdı (gülür).
- Hamısının adını, simasını xatırlayırsınız?
- Bəs necə?! Hər kəsin fərdi psixologiyasına görə yanaşmağa çalışırdıq. Biz düşərgədən öncə ailələrə anketlər göndərmişdik. O anketlərdə uşaqlar haqqında həm məlumatları, həm də istəklərini toplayırdıq. Uşaq hansı yeməyi sevir, hansını sevmir? Nəyə qarşı allergiyası var? Dərman qəbul edir, ya etmir? Hansı idman növü ilə məşğul olmaq istəyir? Bu kimi suallar vermişdik. Uşaqların hər birinə uyğun əyləncəli proqram hazırlanmışdı.
- Uşaqların psixologiyaları necə idi? Ev üçün darıxmırdılar?
- Düşərgəni təxmini 74 uşaqla bitirdik. Çünki elə uşaqlar vardı ki, atalarının şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü idi və qayıtmaq məcburiyyətində idilər. Elə uşaq da vardı ki, analarından ayrı qala bilmirdi.
- Layihə bitdi. Amma uşaqlar düşərgədəki günlərini xatırlayacaq, yəqin ki, həmin diqqəti gözləyəcəklər...
- Dövlət Miqrasiya Xidməti və “For Azerbaijan” təşkilatı birgə qərara gəldi ki, bu uşaqları yetkinlik yaşına çatana qədər nəzarətimizdə saxlayaq. İstər psixoloji, istər təhsil, istər???? sosial məsələlərdə hər zaman yanlarında olaq. Hazırda ailələri ilə “whatsapp” qrupumız var. Uşaqların vəziyyəti ilə tez-tez maraqlanırıq. Qeyd etdiyim kimi, düşərgə, sadəcə onlarla tanışlıq məqsədi daşıyırdı. Həmin uşaqlar 18 yaşına kimi bizim nəzarətimizdə olacaqlar. Psixoloqlarımız bu günə qədər əlaqə saxlayırlar. Problemləri ilə yaxından maraqlanırlar. Dərk edirlər ki, sabaha daha inamla baxmaq lazımdır. Düşərgənin də əsas prioritetlərindən biri dövlətin qayğısını, sevgisini onlara hiss etdirmək idi. Görsünlər ki, tək deyillər. Onların yanında dövlətimiz var.
- Problemi olan uşaqlara hansı yardımlar edilib?
- Gəncədə yaşayan bir övladımızın qulağının pərdəsində problem var idi. Düşərgə zamanı hərarəti yüksəlmişdi. Çox narahat olduq. Həkim diaqnoz qoydu ki, uşaq əməliyyat olunmalıdır. “For Azerbaijan” sayəsində onun əməliyyatını həyata keçirdik. Səhhəti ilə bağlı məktəbdə dərslərindən çox geri qalmışdı. Səhhətindən sonra onun təhsil məsələsini də həll etməyə çalışdıq. Övladımız üçün xüsusi təlim mərkəzi tapdıq. Gəncədə indi onunla individual şəkildə məşğul olurlar. Layihə müddətində Dövlət Miqrasiya Xidməti tərəfindən şəhid qızı Nurgül Əlizadənin şeir kitabını da çap etdirdik. Özünə sürpriz etdik. Sevincindən göz yaşlarını saxlaya bilmirdi.
- Hansı xatirələri bizimlə paylaşa bilərsiniz?
- O qədər epizodlar vardı ki, heç vaxt mənim yadımdan çıxmayacaq. Uşaqlar bəzən elə cümlələr qururdular ki, o cümlələrin qarşısında aciz qalırdım. Bir dəfə dovğa bişirilmişdi. Ömər dedi ki, mən dovğa yeməyəcəyəm. Soruşuram niyə? Deyir, mən dovğa yemirəm. Mənim atam dovğanı çox sevirdi. Atam şəhid olandan sonra bizim evdə dovğa bişmir. Yesəm, ancaq öz anamın bişirdiyi dovğanı yeyərəm. Soruşdum bəs mənim anam dovğa bişirsə, yeyərsən? Soruşdu ki, sizin ananız mənə dovğa bişirəcək? Dedim, tək sənə yox, hamınıza. Ömərə anlatdım ki, bu dovğanı bişirən insan da anadır. Razılaşdı. O uşaq növbəti gün ilk dəfə hamı ilə birlikdə dovğa yeyirdi. Bu cür epizodlar çox olurdu. Uşaqlar yatırdı, amma biz gecə yarılarına qədər oturub sabahkı planı müzakirə edirdik. Xəbər gəldi ki, bir nəfər yatmır və atası yadına düşdüyü üçün ağlayır. Bunu görənlər də ona qoşulub ağlayırdılar. Gedirdim onların otağına, bir saata yaxın söhbət edirdim ki, sakitləşsinlər. Övladlarımız üçün nağıl da danışmışam ki, gecəni rahat yata bilsinlər. Yeri gələndə onlarla əsgərlik xatirələrimi də bölüşürdüm. Bizdə Nicat vardı. Futbolu çox sevirdi, amma baxmırdı. Deyirəm, niyə uşaqlarla birgə futbola baxmırsan? Deyir, mən həmişə futbola atamla birgə baxardım. Atamdan sonra heç vaxt baxmamışam. “Yuventus”un formasını əynimdə görəndə çox xoşuna gəlmişdi. Dedim, xoşuna gəlirsə, bunu sənə bağışlayacağam. Amma bir şərtim var ki, sən bu formanı geyinib futbola baxacaqsan. Nicat o formanı geyindikdən sonra futbola baxdı və bundan sonra da baxacağına söz verdi.
- Sosial şəbəkə hesabınızda tez-tez o uşaqlarla paylaşımlarınızı görürəm. Bildiyimə görə, düşərgədən sonra da görüşürsünüz. Hətta ailəvi istirahət zamanı şəhid övladımızdan birini də özünüzlə aparmışdınız...
- Elədir. Nicat Aprel şəhidimiz Rahim Tağıyevin oğludur. Nicat demişdi ki, Elnur əmi darıxıram. Həqiqətən də, mən də Nicat üçün çox darıxırdım. Uşaq düşərgədə olarkən səhəri mənlə açırdı, gecə yatana qədər yanımdan ayrılmırdı. Bir-birimizə çox isinmişdik. Elə oldu ki, mən məzuniyyətə çıxanda Nicatı bizə qonaq çağırdım. Bir həftə bizdə qaldı. Gedib şəhəri gəzdik. Nicat mənə söz verib ki, məktəbdə qiymətləri yaxşı olacaq.
- Uşaqlarınız necə qarşıladılar?
- Könüllülər sırasında qızım Rübabə də vardı. Rübabə piar qrupunda işləyirdi. Hər kəs kimi o da testlərdən keçmişdi. Düşərgədə heç kəs bilmirdi ki, Rübabə mənim qızımdır. Son gün bu barədə xəbər tutdular. Digər övladlarım isə hələ balacadırlar. Düşərgə zamanı onları görə bilmirdim. Dəfələrlə təkid edirdilər ki, onları da düşərgəyə gətirim. Mən də istəyərdim ki, uşaqlar qaynaşsın, dost olsunlar. Amma birdən qızım qaçıb məni qucaqlayar, bu isə uşaqlarda hansısa hisslər yaradar deyə qorxurdum. Çünki digər uşaqlar görəcəkdi ki, bu uşağın atası var, mənim isə... Nicat bizə gələndə uşaqlar çox sevinmişdilər. Birlikdə oynayırdılar. Müharibə dövründə onlar evdəki ab-havanı görürdülər. Bilirdilər ki, qələbəni bizə yaşadan şəhidlərimiz var. O şəhidlərin də övladlarının hər biri bizim bacı-qardaşlarımızdır. Artıq uşaqlarda hiss yaranmışdı ki, evə gələn qonağın atası bizə görə şəhid olub. Onlara deyirdim ki, Nicatın atası olmasaydı, mən də sağ olmayacaqdım.
yeniazerbaycan.com
Müşfiqə Bayramlı