MÜXTƏLİF MÖVZULARDA-
Ulu Öndər Heydər Əliyevin 99 illiyinə həsr edilir
Azadmedia.az - YAP Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibəti ilə Heydər Əliyev Mərkəzi, Bədəlan və Qızılavar ərazi partiya təşkilatlarında “Heydər Əliyev müasir inkişaf strategiyasının banisidir”, “Heydər Əliyev irsi milli sərvətimizidir”, “Müasir Azərbaycanın banisi” mövzularında fəallarla görüş keçirilmişdir.
Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və təşkilatın əməkdaşları iştirak etmiş, türk dünyasının böyük oğlu, ümummilli liderimiz, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında bildirdi ki, Ümummilli liderin şah əsəri olan Azərbaycan onun ideyaları əsasında günbəgün möhkəmlənir, inkişaf edir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırır, bir sözlə, Cənubi Qafqazın parlayan ulduzu kimi tanınaraq, inkişafın Azərbaycan modelinin mövcudluğunu dünyaya nümayiş etdirir. Heydər Əliyev siyasətinin təntənəsi kimi dəyərləndirilən bu uğurlar dahi şəxsiyyətə sevgi və ehtiramın böyüklüyündə öz təsdiqini tapır. Ulu öndərin 99-cu ildönümünün yüksək əhval-ruhiyyədə keçirilməsi də bu sevgi və ehtiramdan qaynaqlanır.
Seyfəddin Əliyev qeyd etdi ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir.
Ölkədə nəhəng quruculuq işlərinin təşəbbüskarı məhz Ulu Öndər olmuşdur.
Seyfəddin Əliyev çıxışında vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Çıxışının sonunda Seyfəddin Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilmiş rayonlarımızı, şəhər və kəndlərimizi azad edib: “Noyabrın 8-də, Dövlət Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, milli musiqimizin beşiyi, qürur ünvanımız olan Şuşa şəhərinin işğaldan azad edilməsi İkinci Qarabağ Müharibəsində Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə düşən hadisə oldu. Ali Baş Komandan mənəvi paytaxtımızı özümüzə – xalqımıza qaytardı, sınmış qürurumuzu bərpa etdi. Vətən Müharibəsində qələbənin müəllifi olan Prezident İlham Əliyev xalqımızın 28 illik həsrətinə son qoydu. Heç bir qələbə asan başa gəlmir və tarix sübut edir ki, düşünülmüş siyasi xətt olmadan müharibəni qələbə ilə başa vurmaq mümkün deyil. Prezident İlham Əliyev ötən illərdəki uğurlu fəaliyyəti, inkişaf və yüksəliş siyasəti, beynəlxalq miqyasda Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi, diplomatik qələbələri ilə torpaqlarımızın güc yolu ilə azad edilməsinin tarixini yetişdirdi”.
Görüşlərdə iştirak edən Bədəlan ərazi partiya təşkilatının sədri Arif Mehtiyev, Qızılavar ərazi partiya təşkilatının sədri Rakit Həmidov, Dadaş Muxtarlı, Ceyhun Fəttayev, Aytən Şükürova, Mətanət Paşayeva, Cəbarayıl Əlili, Aynurə Həmidova, Şəfa Xəlilova, Elçin Ağayev və başqaları Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışmış, Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs etmişlər.
ƏLİHÜSEYN ŞÜKÜROVÜlkər Piriyeva