Məşhur Məmmədov
Millət vəkili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri dünyada baş verən son hadisələr - Rusiya-Ukrayna müharibəsi, dəyişən güc balansı, qida, su, və yanacaq böhranı, eyni zamanda türk birliyi istiqamətində atılacaq addımlar baxımından diqqət çəkir.
Yaxın keçmişə nəzər salsaq, Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal zirvə görüşündə Özbəkistan Prezidenti Şövkət Mirziyayevin Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə isə Özbəkistan Prezidenti Şövkət Mirziyayev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirmişdi.
Prezidentin Özbəkistana səfəri zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılışının olması da rəsmi Daşkəndin Bakı ilə münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu göstərir.
Görüşün əhəmiyyətli sazişlərindən biri iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıqdır.
Bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək, addımlarımızı planlaşdıracağıq.
Bu sazişlə iki ölkənin hərbi resursları qarşılıqlı cazibə yaradacaq. Həmin sənəd silah idxal-ixracı prosesini başlada və orduları bir-birinə inteqrasiya edə bilər.
Birgə hərbi təlimlərin keçirilməsindən tutmuş, hərbi təhsil sahəsinə qədər məsələlər stimullaşdırılacaq.
Özbəkistan ordusu nüfuzlu “Global Firepower”in indeksində 142 ölkə arasında 52-ci yerdə qərarlaşıb.
Özbəkistanın atəş gücü içərisində Azərbaycan üçün cəlbedici olan çay donanmasıdır.
Özbəkistanda dəniz donanması olmasa da, Daşkənd çay donanmasını inkişaf etdirib. Çayların hərbi təhlükəsizliyinin təmin edilməsində Özbəkistan nümunəsi Azərbaycanın marağına səbəb ola bilər.
Özbəkistan ordusunün gücü Mərkəzi Asiya regionu üzrə üstün dəyərləndirilir.
Mərkəzi Asiya uğrunda qlobal emosiyaların coşması Özbəkistanı yeni çağırışlar qarşısında qoyduğu üçün o, tərəfdaş ölkələrlə hərbi əlaqələrini genişlətmək istəyir.
Proseslərin beynəlxalq münasibətlər sistemindəki təsir gücünə də diqqət ayıraq.
Türk Dövlətləri Təşkilatında Azərbaycan-Türkiyə-Qazaxıstanın hərbi təlimlər keçirməsi barədə razılıq əldə edilib. Görünən odur ki, bu prosesə Özbəkistan da cəlb edilir.
TDT-nin digər üzvü Qırğızıstanla da hərbi əməkdaşlıq zərurətə çevrilir və bu, Özbəkistan-Qırğızıstan sərhədindəki insidentləri də aradan qaldıran formulu meydana çıxarar.
TDT-də ortaq hərbi təşkilat yaradılması istiqamətində aparılan işlər yalnız kollektiv müdafiə səyləri əsasında inkişaf etdirilir.
Bu, dəyişən dünya nizamına verilən operativ və çevik regional reaksiya yaradan alternativ platforma rolunu oynaya bilər.
Nəticə etibarilə Prezident İlham Əliyevin Özbəkistana səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verməklə yanaşı, Türk dövlətləri birliyi təşkilatının inkişafina gətirib çıxaracaq.