Bir zamanlar dünyada fenomenə çevrilən “Gangnam Style” mahnısının ilk dəfə yayımlanmasının 10 ili tamam olub. 2012-ci il iyulun 15-i yutubda yayımlanan mahnı və onun rəngarəng klipi yayımlanmasının elə ilk günlərindən bütün dünyada böyük populyarlıq qazana bilmişdi. Belə ki, sözügedən klip yutubda 2 milyard izlənmə sayını ötən ilk video olub. Bununla yanaşı, mahnı bir il ərzində üç “Guinness” rekordunu qırıb.
“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, mahnının müəllifi və ifaçısı Cənubi Koreyalı müğənni Park Çji Sun (PSY) mahnının ona qazandırdığı məşhurluq və bu müddət ərzində gördüyü işlər barəsində danışıb.
Onun sözlərinə görə, əgər müğənninin mahnısı hitə çevrilirsə, onun sonrakı mahnılarının da hit olması lazımdır.
44 yaşlı müğənni geridə qoyduğumuz bu 10 ildə üç albom buraxıb. Onun “Gangnam Style”dan sonra yayımladığı “Gentleman” mahnısı yutubda 1,4 milyard izlənmə toplaya bilib. Lakin, Cənubi Koreyalı müğənninin digər mahnıları böyük uğur qazana bilməyib.
Buna baxmayaraq, PSY “P Nation” adlı musiqi şirkəti yaradıb və Cənubi Koreyalı gənc müğənnilərlə çalışmağa başlayıb.
O bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq “Summer Swag” adlı konsert seriyasına fasilə versə də, bu il səhnələrə dönəcək.