Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Cənub Qaz Dəhlizi Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığının mühüm nümunəsidir.
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 2022-ci ildə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ölkəmizin Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamasının ciddi təsdiqi olmuşdur.
Enerji məsələləri üzrə Avrokomissar Kadri Simson illik qaz təcizatını 10 milyard kubmetrə catdırılması ilə bağlı çağırış edərək, Azərbaycanı etibarlı tərəfdaş adlandırmışdır. Ümumiyyətlə ötən il Azərbaycan təqribən 19 milyard kubmetr təbii qaz ixrac edib, bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 faiz çoxdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında qeyd etmişdir ki, Anlaşma Memorandumunun icrası istiqamətində Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə səylər həyata keçirilir, itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerjisi və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında bəzi yubanmalar olmuşdur, artıq onun genişləndirilməsi məsələsi müzakirə predmetidir.
TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrədək genişləndirilməsi nəzərdən keçirilir, bunlar isə alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu və enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir.
Mühüm məsələlərdən birini də, Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı 470 meqavat həcmində iki sərmayə layihəsinin həyata keçirilməsidir. Yaxın zamanlarda BP şirkəti ilə birlikdə mühüm layihənin icrası gözlənilir. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Atılan addımlar yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcək.
Qeyd edilənlər bir daha nümayiş etdirir ki, mürəkkəb geosiyasi hadisələrin cərəyan etdiyi zaman Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi, Avropa dövlətlərinə enerji resurslarının dayanıqlı şəkildə çatdırılmasında mühüm rol oynayır və ən etibarlı tərəfdaşdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.