General nədən "şübhələnir"? - Aydın Əliyevin əndişəsi
"Dövlət Gömrük Komitəsi Azərbaycandan ixrac olunan məhsulların dəyərinin ölkə ərazisinə gətirilməsinə daha ciddi nəzarət edəcək. Çünki xaricdə satılan Azərbaycan malları üzrə valyutanın bir hissəsinin ölkəyə vaxtında daxil olmadığına dair şübhələr yaranıb”.
Miq.Az xəbər verir ki, bunu bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
"Təklifimizi... hökumətə təqdim etmişik”
Komitə sədri əvvəllər belə bir qaydanın olduğuna diqqət çəkib: "İxracatçı pulu qabaqcadan ödənilməyən vəziyyətdə bankdan zəmanət məktubu alıb gömrük orqanına təqdim edirdi. Sonradan bu sənədin təqdim edilməsi ləğv olundu. Məqsəd - sənədlərin azaldılması, ticarətin sadələşdirilməsi idi. Amma biz hiss edirik ki, bu pulların xaricdən gec gətirilməsinə, xaricdə dövriyyəyə buraxılmasına şərait yaradır. Biz yenidən zəmanət məktubu alınıb gömrük orqanlarına təqdim edilməsinin bərpasını istəyirik və bu barədə təklifimizi hazırlayıb hökumətə təqdim etmişik. İndiki valyuta qıtlığı şəraitində satılan məhsulların pulunun ölkəyə gətirilməsi çox vacibdir”-deyə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
Sahibkarın alıb -satdığı maldan, puldan kimə nə?
Maraqlıdır, sahibkar malını aparıb xaricdə satırsa, o pulu bura gətirib-gətirmədiyinin və ya harda necə xərcləməsinin kimə nə aidiyyatı var? Aydın Əliyevin verdiyi bu açıqlama bilirsinizmi nəyə oxşayır? Sanki hansısa sahibkar Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin aldığı əməkhaqqını yalnız Əfqanıstanın Dora-Bora dərəsində xərcləməsi ilə bağlı məsələ qaldırır... ki, mütləq gömrük generalı aldığı əməkhaqqını göstərilən ünvanda xərcləməlidir. Sizcə Dora-Bora məsələsi nə dərəcədə reallığa oxşayırsa, sahibkarların və iqtisadçıların da verdiyi açıqlama eynən gömrük generalının mətbuat konfransındakı verdiyi açıqlamanın mümkünsüzlüyünü göstərir. Bir sözlə, sahibkarın alıb -satdığı maldan, puldan və onun harda necə xərcləməsindən kimə nə?
Bəs görəsən, sahibkarlar və iqtisadçılar bu açıqlamaya nə deyir.
İqtisadçı ekspertlər DGK sədrinin fikirlərini birmənalı qarşılamayıblar. Komitə sədrinin təklifi ilə razılaşmayanlar bunu sahibkara təzyiq kimi dəyərləndirirlər.
"Qərarı hansısa qurum deyil, sahibkarın özü verməlidir”
İqtisadçı ekspert Vüqar Bayramov Azadlıqradiosuna bildirib ki, DGK sədrinin məsələyə baxışıyla razılaşmır: "Məgər, iş adamları qazandıqları pulu harada və necə xərcləməklə bağlı hansısa qurumdan icazə almalıdırlar? İqtisadiyyatın fundamental qanunu sahibkarın əldə etdiyi puldan istifadəyə sərbəst qərar verməsidir. Onu xaricdə də xərcləyə bilər, daxildə də. Amma bütün hallarda qərarı hansısa qurum deyil, sahibkarın özü verməlidir”.
Ekspert sahibkarların öz biznes fəaliyyətlərini davam etdirmək üçün ixrac nəticəsində qazandıqları pulun bir hissəsini bütün hallarda ölkəyə gətirdiklərini söyləyir: "Onsuz da, pulun bir hissəsi xaricdə xərcləndiyi hallarda da, ixracat ölkəyə valyuta qazandırmaq deməkdir”.
"Komitənin nəyinə lazımdır ki…”
İqtisadçı ekspert Natiq Cəfərlinin də fikrincə, sahibkarın öz qazancını necə xərcləməsinə dövlət qurumu qarışmamalıdır: "Komitənin nəyinə lazımdır ki, mən, məsələn, öz torpağımda, öz əlimlə əkdiyim kartofu Rusiyada satıb, əldə etdiyim valyutadan necə yararlanıram? Şəmkirdən Moskvaya xiyar vurub-satan, dollar qazanan özü bilər, öz qazancını necə istifadə edəcək. Bu nə yanaşmadır?”.
"Belə açıqlamalar sahibkarları qorxuda bilər”
Ekspert bənzər açıqlamaların sahibkarları qorxuda biləcəyini düşünür: "Başa düşmürlər ki, hər belə bəyanat, "nəzarət” sözü olan hər bir sənəd, iş adamlarını, biznesi qorxudur. Biznes "ürkək ceyran” kimidir, qorxutdun, gedib başqa yerdə özünə məskən salacaq. Belə bəsit məsələləri anlamayan məmurlarımız var, ona görə də bu gündəyik”.
Yeri gəlmişkən, dünən Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Miq.az onu da xəbər verir ki, sərəncama əsasən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğlu Əliyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.
Biz inanmaq istəyirik ki, general-polkovnik Aydın Əliyev gömrükdə baş verən bütün neqativ hadısələrin qarşısını alacaq və sahibkar-məmur münasibətləri ən yaxşı səviyyədə olacaq. Biz buna inanmaq istəyirik, həm də ən azından ona görə ki, DGK-nin sədri dünən ölkə başçısı cənab İlham Əliyev tərəfindən ona verilən gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsinin etimadını doğrultmaq xatirinə...