ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzrə danışıqları davam etdirir. Azadmedia.az xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.
“Biz sülh sazişi haqqında danışmağa davam edirik və hələ də sülh razılaşmasının əldə olunacağına inanırıq” dedi.
Miller qeyd edib ki, dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderləri ilə razılığa gəlməyə kömək etmək üçün hələ də danışıqlar aparır.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərində yerləşən Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ikitərəfli danışıqlar aparıblar. Onlar Vaşinqtonda olarkən dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər.
Nazirlər və onların komandaları sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi üzərində işi davam etdiriblər. Onlar əlavə maddələr üzrə razılığa gəliblər və saziş layihəsi üzrə qarşılıqlı anlaşma əldə ediblər, eyni zamanda, bəzi əsas məsələlər üzrə mövqelərin əlavə işlənib hazırlanmasını tələb etdiyini etiraf ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.