Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsi, Qəzzaya humanitar yardımın çatdırılması, eləcə də Ukrayna və Qarabağ kimi məsələləri müzakirə etmək üçün bir araya gəlib.
Azadmedia.az TRT-yə istinadən xəbər verir ki, Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısı öncəsi açıqlama verən Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell "Həmas"ın İsrailə hücumu və ardınca İsrailin Qəzzanı bombardman etməsindən sonra bölgəyə təcili humanitar yardım göndərilməsinin vacibliyini bildirib.
Belə ki, Borrell xatırladıb ki, son toqquşmalardan əvvəl gündə 100-dən çox yardım maşını Qəzzaya daxil olub.
Həmçinin hazırda gündə 20 yük maşınına icazə verilməsinin kifayət etmədiyini vurğulayan Borrell gözləyən yük maşınlarına dərhal icazə verərək yanacaq, su və elektrik ehtiyacının ödənilməsinin vacibliyinə diqqət çəkib.
Borrell xarici işlər nazirlərinin bugünkü iclasında Avropa İttifaqı Komissiyasının humanitar yardımdan məsul üzvü Janez Lenarçiçin də iştirak edəcəyini bildirib.
Qeyd edək ki, humanitar yardımın çatdırılması üçün qarşıdurmaların dayandırılmasına toxunan Borrell deyib:
"Bu gün biz həmçinin Birləşmiş Millətlər Təşkilatının hərbi əməliyyatların dayandırılması çağırışını müzakirə edəcəyik. Bu, girovlar üçün də lazımdır".
Borrell bildirib ki, onların prioritetləri humanitar vəziyyətdir, daha sonra uzun müddət kənarda qalan Orta Şərq Sülh Prosesini necə canlandırmaq barədə düşünmək lazımdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.