Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib.
Bu, Nazirlər Kabinetinin qərarı ilə “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə (cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində çalışanlar istisna olmaqla) və çoxnövbəli iş rejiminə görə əlavə haqq “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 74 nömrəli Qərarına əsasən ödəniləcək.
Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə vaxtı yerinə yetirilən işin hər saatına görə əlavə haqq aşağıdakı qaydada ödənilir:
a) həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar avtomobillərinin sürücülərinə (o cümlədən avtonəqliyyat müəssisə-
lərinin və başqa təşkilatların ştatında olan) - saatlıq vəzifə (tarif) maaşının 50 faizi miqdarında;
b) digər işçilərinə - vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə ödəniləcək.
İndiyə qədər tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar avtomobillərinin sürücülərinə (o cümlədən, avtonəqliyyat müəssisələrinin və başqa təşkilatların ştatında olan) gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi, digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilirdi.
Tibb müəssisələrinin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilən digər işçilərinə, habelə çoxnövbəli iş rejimində çalışan işçilərinə gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əlavə haqq qüvvədə olan mövcud qanunvericiliyə əsasən ödənilirdi.