Qırğızıstan Prezidenti Sadır Japarov ölkədən guya gizli yolla qızıl çıxarılması ilə bağlı rezonans doğuran videonu şərh edib.
Belə ki, Sadır Japarov “Kabar” informasiya agentliyinə müsahibəsində hökumətə məxsus bütün qızıl mədənlərində və “Qara-Balta” zavodunda videokameralar quraşdırıldığını və çəkilişin gecə-gündüz kompüterə yazıldığını deyib.
Dövlət başçısı sosial şəbəkələrdə yayılan videonu saxta adlandırıb və onu təkzib edən misal kimi qızıl hasilatı sektorunda mənfəətlə bağlı statistik məlumatları göstərib. Belə ki, “Qırğızaltın” müəssisəsinin 2020-ci ilədək xalis mənfəəti cəmi 340 milyon som olduğu halda, 2023-cü ildə bu göstərici 12 milyard 600 milyon soma çatıb. Sadır Japarov yüksək gəlirlərin təkcə “Qırğızaltın” müəssisəsində və “Kumtor” yatağında deyil, gömrük və vergi sistemlərində də qeydə alındığını vurğulayıb.
“Müstəqilliyin əldə edildiyi 1991-ci ildən 2020-ci ilədək ölkənin milli qızıl ehtiyatları cəmi 16 ton idi, hazırda isə 52 tondur. Bu, yalnız son üç ildə əldə edilən uğurdur. İlin sonunadək bu göstərici daha da artacaq”, - deyə prezident bildirib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Qırğızıstan qızılının gizli şəkildə xaricə çıxarıldığını əks etdirən video geniş rezonans doğurub. Videoda qızıl qaçaqmalçılığında prezidentin böyük qardaşı Sabır Japarovun əli olduğu iddia edilir. AZƏRTAC
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.