Mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar.
Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.
Səfər çərçivəsində nazirlər Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, o cümlədən üçtərəfli formatda görüşüblər.
Nazir Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.