Azərbaycan müstəqilliyini 106 ildə ilk dəfə ərazi bütövlüyü təmin olunmuş halda qeyd edib
Dövlət başçısı İlham Əliyevin 28 May - Müstəqillik Gününü hər il işğaldan azad olunmuş bir bölgədə qeyd etməsi artıq ənənə halını alıb. O, iki il əvvəl bu günlə bağlı Zəngilan rayonunun Ağalı kəndinə, ötən il Laçına, bu il isə Xocalıya səfər edib.
Bu şəhər işğal dövründə böyük məhrumiyyətlərə, ermənilərin və havadarlarının törətdiyi vəhşiliklərə, dinc və silahsız sakinlərin işgəncə və soyqırımına məruz qalıb.
Prezident İlham Əliyev şəhərə köçən sakinlərlə söhbəti zamanı bu məsələyə toxunaraq bildirib ki, fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək: “Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın".
Prezident Xocalıda memorial kompleksin yaradılmasını həmişə istədiyini bildirib. O, Bakıda “Ana fəryadı” abidəsi yanında bu məqsədlə yer seçildiyini, hətta layihə hazırlandığını da söyləyib: “Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu memorial kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik”.
Dövlət başçısı torpaqların işğaldan azad olunması istiqamətində yürütdüyü siyasətin və görülən işlərin uğurlu sonluğunu da vurğulayıb.
Son zamanlar Ermənistanda Xocalı soyqırımını törədən və təşkil edən Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın himayədarlıq etdiyi “Vətən Tavuş uğrunda” yürüş keçirilir. Bu aksiyaya keşiş Baqrat Qalstanyan başçılıq edir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu Robert Koçaryan və Serj Sarqsyan barədə axtarış elan edib. Onlar 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə Xankəndi şəhərinin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçirib, Qarabağın ermənilərə məxsus olduğunu və orada yalnız ermənilərin yaşamalı olduğunu bildirib, azərbaycanlıları işdən qovub, Dağlıq Qarabağdan zorla köçürərək evlərini yandırmağı təbliğ ediblər. Həmin şəxslər qondarma “Dağlıq Qarabağ Respublikası”nın elan olunması barədə qanunsuz qərar qəbul etdiklərinə və digər cinayətlər törətdiklərinə görə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər.
Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarının əsl mahiyyəti həm də Koçaryan, Sarqsyan və əlaltılarının cinayət məsuliyyətindən xilas olması, yaxud yayınması məqsədi daşıyır. Çünki bu aksiyanın hədəfi tam bəlli olmayıb, sonradan hədəf olaraq baş nazir seçilib.
Koçaryan və Sarqsyan 2008-ci ilin martında Ermənistanda keçirilən dinc aksiyanın silah və zorakılıq yolu ilə yatırtmaqda da suçlu bilinirlər. Bundan başqa, 1999-cu il oktyabrın 27-də ölkə parlamentinə silahlı hücumu təşkil etməkdə Koçaryan və Sarqsyanın adı əsas fiqur olaraq hallanır.
Azərbaycan Prezidentinin Xocalı faciəsi ilə bağlı ”Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir” ifadəsi qatillərin cəzalanması üçün bir ismarışdır.
Çünki onlar 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsinə, 8 ailənin tamamilə məhv edilməsinə, 25 uşağın hər iki və 130 uşağın valideynlərindən birini itirməsinə, 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmasına və 1275 nəfər əsir götürülməsinə görə cinayət məsuliyyətinə cəlb olunmaqla ədalət bərqərar olar. Əsir götürülən 150 nəfərdən 68 qadın və 26 uşaq olmaqla bu günədək məlumat yoxdur. Ancaq soyqırımı qurbanlarının sayı daha çoxdur. Bu ilin fevralında Azərbaycan Respublikası Baş Prokurorluğu yaydığı açıqlamada bildirib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar olunub. Bu vaxtadək aparılan işlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı dörd nəfərə (onlardan biri azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.
Yeri gəlmişkən, bu gün “müsəlman təəssübkeşliyindən” hikkə və iddia ilə danışanlar ermənilərin Qarabağda, ətraf rayonlarda o cümlədən Xocalıda törətdikləri soyqırımı yada salmırlar. Bunu yad etmək istəyənlər isə həmin iddialı ölkələrdə təqib olunurlar.
Prezidentin Xocalıdan verdiyi açıqlamadan aşağıdakı qənaətə gəlmək olar:
- İşğaldan azad edilmiş ərazilərdə həyat bərpa olunur;
- Azərbaycan bütün istiqamətlər üzrə bölgəyə nəzarət edir;
- regionların təhlükəsizliyi təmin olunub;
- keçmiş qaçqınlar köçdükləri ərazidə əmin-amanlıq şəraitində yaşaya bilər;
- dağıdılmış, məhv edilmiş ərazilər işğalçı Ermənistanın və havadarlarının vandallığını bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirir;
- Azərbaycan torpaqlarını işğal edənlər və orada soyqırımı törədənlərin məsuliyyətə cəlb olunacağı ismarışını verir;
- Ermənistan normallaşmanın uğurla davam etməsi üçün bu cinayətlərə görə üzr istəyəcək, caniləri cəzalandıracaq və s.
Artıq Xocalıda da həyat davam edir. Bu şəhərdə Azərbaycanın müstəqilliyi qeyd olunur. İndiyədək burada 66 ailə, 257 nəfərin daimi məskunlaşması təmin edilib.(Report)