Masallı, 5 iyun — Azadmedia.az
Azərbaycanda hər il keçirilən Bakı Enerji Həftəsi beynəlxalq müstəvidə böyük maraqla qarşılanır. Bu tədbir bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana cəmləşdirir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu təsdiqləyir. Eyni zamanda, dünyanın aparıcı ölkələrinin liderlərinin, beynəlxalq qurumların rəhbərlərinin ünvanladıqları məktublar da onların bu tədbirə vacib əhəmiyyət verdiklərini göstərir.
Bu il Bakı Enerji Forumunda 37 ölkədən 300-dən artıq şirkət iştirak edib. Enerji sənayesinin liderləri məhz Bakıda bir araya gələrək enerji təhlükəsizliyi, enerji istehsalı, yaşıl enerji və digər vacib məsələləri müzakirə edirlər.
Enerji Həftəsi özündə üç mühüm tədbiri birləşdirir: Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu.
Bu il Bakı Enerji Həftəsi bir sıra əlamətdar hadisələrə təsadüf edir. Belə ki, Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Ölkəmizin yeni enerji strategiyasının müəllifi, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın dünyanın neft ixracatçılarından birinə çevrilməsində mühüm rol oynayıb.
Ümumiyyətlə, Azərbaycanın dünyanın enerji siyasətində, enerji təhlükəsizliyindəki rolu beynəlxalq ictimaiyyət tərəfindən etiraf olunur. Bu mənada ABŞ Prezidenti Co Baydenin məktubu da xüsusi diqqət çəkir. Bu, həftə ərzində Baydenin Azərbaycana ünvanladığı ikinci məktubdur.
Məktubda deyilir ki, Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məmnunluq doğurur. Qeyd edilib ki, regional sabitlik və əlaqələr Birləşmiş Ştatlar üçün prioritet məsələlərdir. Onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək.
ABŞ liderinin nadir hallarda belə enerji toplantılarına təbrik göndərməsi, Azərbaycan-ABŞ münasibətlərinin əhəmiyyətini və ikitərəfli əlaqələrin inkişafını göstərir. Bu məktub həm də Azərbaycan-ABŞ əlaqələrinin pozulduğunu iddia edənlərə tutarlı cavabdır. Əlaqələri pozmağa çalışan erməni lobbi dairələri heç nəyə nail olmadılar. ABŞ bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qorusa, Bakı-Vaşinqton əlaqələri daha da inkişaf edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunda isə vurğulanıb ki, uzun illərə əsaslanan və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur layihələri ilə taclandırdığımız əməkdaşlığımız təkcə Türkiyə və Azərbaycana deyil, bölgənin və Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfələr verib: “Bərpaolunan enerjidə, yeni texnologiyalarda və enerji mənbələrinin şaxələndirilməsində iki ölkə olaraq əməkdaşlığımızı gücləndiririk. Naxçıvan vasitəsilə elektrik enerjisi ixracı və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrini ən yaxın zamanda başa çatdırmağı hədəfləyirik. Cənubi Qafqazda davamlı sülh və sabitlik əsasında yüksələcək əmin-amanlığın və rifahın təmin olunması üçün fəaliyyətimizi qətiyyətlə davam etdiririk. Azərbaycan və Ermənistan arasında son dövrlərdə əldə edilən müsbət yenilikləri məmnunluqla qarşılayır və imzalanacaq sülh müqaviləsini bölgənin gələcəyi baxımından tarixi fürsət olaraq gördüyümüzü bir daha bildirmək istəyirəm”.
Bakı Enerji Həftəsi çərçivəsində “Masdar” şirkətinin ölkəmizdə inşa edəcəyi üç elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.
Üç elektrik stansiyasının ümumi qoyuluş gücü 1000 MVt olacaq. “Masdar” şirkəti Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək.
Göründüyü kimi, Azərbaycanın beynəlxalq aləmdə əlaqələrinin və əməkdaşlıq coğrafiyasının genişlənməsi, ölkənin qlobal aktor kimi rolunu gücləndirir. ABŞ, Aİ, Türkiyə və ərəb-islam dünyası ilə əlaqələr bu əməkdaşlığın əsas istiqamətləridir. Burada əlbəttə ki, Azərbaycanın etibarlı tərəfdaş olması da öz sözünü deyir. Prezident İlham Əliyev tədbirdəki nitqində bu məqama da diqqət çəkərək deyib: “Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.
Ülvi Rufullayev-Masallı rayonu Binə Xocavar kəndi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.