“Fiziki məhdudiyyətli 6 yaşlı oğlumun anafilaktik şok keçirmə riski var idi. Abşeron rayon Təcili Tibbi Yardım stansiyasına zəng vurdum. Mənə "sizdən qabaq 20 çağırışımız var, bir maşın tapın, uşağı özünüz aparın xəstəxanaya" dedilər”.
“40 dərəcə qızdırmada təcili yardım çağırmışam. Gecikməyi bir yana, məni borclu çıxartdı ki, niyə qızdırmaya görə təcili yardım çağırmışam, özüm iynə vurum, bitsin”.
“Təcili yardım briqadası bütün avadanlıqla təchiz olunub, amma içinə həkim qoymaq yaddan çıxıb. 60 dəqiqədən çoxdur ki, müraciət etmişik, deyirlər, maşınımız var, həkim yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bu, son günlərdə təcili yardıma müraciətlə bağlı səsləndirilmiş şikayətlərdən sadəcə bir neçəsidir. Elə bir neçə gün əvvəl jurnalist Xoşqədəm Hidayətqızı hadisə yerindən canlı yayım açaraq 103 xidmətinə zəng etsə də, təcili tibbi yardım avtomobilinin 40 dəqiqə sonra gəldiyini bildirmişdi.
Daha sonra Səhiyyə Nazirliyi məlumat yayaraq Təcili tibbi yardım avtomobilinin 40 dəqiqəyə çatması barədə yayılan məlumatın həqiqətəuyğun olmadığını, 15 dəqiqə sonra tibbi əməkdaşların hadisə yerində olduğunu qeyd edib.
Ancaq çoxsaylı şikayətlərdən görünən odur ki, problem sadəcə tibbi briqadaların gecikməsi yox, həm də səsləndirdikləri səbəblərdir.
Yuxarıda qeyd etdiyimiz şikayətlərə bir qədər geniş baxaq. Fiziki məhdudiyyətli yazar Samir İmanov oğlunun səhətində problem olduğu üçün gecə saat 01:07-də Abşeron rayon Təcili Tibbi Yardım stansiyasına zəng vurub. Ona bildirilib ki, kifayət qədər briqada olmadığından maşın göndərmək mümkün deyil:
“Mənə dedilər ki, bir maşın tapıb uşağı özüm xəstəxanaya aparım. Abşeron rayonu kimi əhalisi çox olan yerin təcili yardım stansiyasında niyə kifayət qədər həkim briqadası yerləşdirilməyib? Niyə insanların həyatını təhlükəyə atırlar? Oğlumun anafilaktik şok olma ehtimalı olduğu halda niyə təcili yardım gəlməməlidir axı? Fiziki məhdudiyyətli 6 yaşlı uşağın həyatını heçə saydılar”.
Nəsimi rayonu, Cavadxan küçəsi 44 ünvanında yaşayan Pərvanə Rzayeva isə 40 dərəcə hərarəti olduğu üçün təcili tibbi yardıma müraciət edib. Onun sözlərinə görə, həkim briqadası qeyd olunan ünvana 1 saat sonra çatıb:
“Gec gəlməyi bir yana, hələ məni borclu çıxartdı ki, niyə qızdırmaya görə təcili yardım çağırıram, özüm iynə vurum, bitsin. Başa düşə bilmirəm, bu təcili tibbi yardımı hansı hallarda çağırmaq lazımdır?”
Yeganə Quliyeva da atasının səhhətində yaranmış problemə görə müraciətinin eyni qaydada gecikdirildiyini söyləyir:
“Təcili yardım briqadası bütün avadanlıqla təchiz olunub, amma içinə həkim qoymaq yaddan çıxıb. 60 dəqiqədən çox idi ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsinə təcili yardım çağırmışdıq, gəlmək bilmirdi. 103-dən bildirildi ki, maşın var, həkim yoxdur. Nəysə ki, xəstəyə əlimizdən gələn ilk yardımı göstərib yatmağa hazırlaşırdıq ki, gəldilər. Həkim deyir ki, sizin çağırış 00:01-də qəbul olunsa da, bizə 00:52-də bildiriblər”.
Məlumat üçün bildirək ki, ötən il səhiyyə üçün 1 milyarddan çox maliyyə ayrılıb ki, onun 118 milyonu poliklinikalar və ambulatoriyalar, 374 milyonu xəstəxanalar, təqribən 7 milyonu səhiyyə sahəsində digər xidmətlər, 5 milyonu səhiyyə sahəsində tətbiqi tədqiqatlar və son olaraq 539 milyonu isə səhiyyə sahəsinə aid edilən digər xidmətlər üçün nəzərdə tutulub.