AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Hasilatın azaldılması neft bazarına təsir edir" — Yeni energetika naziri

  • + A
  • - A
  • 20-10-2017, 12:17

    "Hasilatın azaldılması neft bazarına təsir edir" — Yeni energetika naziri














    "Azərbaycan yalnız OPEC ilə deyil, bütün beynəlxalq öhdəliklərinə hər zaman çox ciddi yanaşır".

    "APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.

    "Azərbaycan Respublikasında uzun illərdir ki, islahatlar aparılır. Bu islahatların nəticələri bir çox mötəbər təşkilatların hesabatlarında öz əksini tapıb. Sözsüz ki, bütün bu islahatlara ölkə başçısı İlham Əliyev rəhbərlik edir. Bu gün dünyada bir çox sahələrdə, o cümlədən energetika sahəsində də çağırışlar var. Bu çağırışların öhdəsindən gəlmək üçün və dinamik dəyişən dünya ilə ayaqlaşmaqdan ötrü hər zaman dəyişikliklərə və islahatlara ehtiyac var. Bizim də qarşımızda konkret hədəflər durub. Bu yolda dəyişikliklərə, islahatlara ehtiyac olduqda, sözsüz ki, onlar həyata keçiriləcək", - deyə nazir vurğulayıb.
    Nazirin sözlərinə görə, Azərbaycan neft bazarının stabilləşməsində maraqlıdır: "Bizdə olan məlumata görə, cari ilin noyabr ayına OPEC-də Nazirlər Şurası səviyyəsində növbəti iclasın keçirilməsi nəzərdə tutulur. Azərbaycan tərəfinə dəvət gəldiyi halda, müvafiq razılaşdırılmadan sonra bu tədbirdə iştirak edə bilər. Sözsüz ki, neft bazarında tarazlığın əldə olunmasına yalnız bir ölkə nail ola bilməz. Bu baxımdan beynəlxalq formatda əməkdaşlığa ehtiyac var. Azərbaycan neft hasilatının azaldılmasına dair təşəbbüsə qoşulub. Düşünürük ki, bundan sonra da bu istiqamətdə ata bilərik. Ümumiyyətlə son dövrlərin tendensiyası göstərir ki, atılan addımlar özünü doğruldur. Bu gün biz deyə bilərik ki, neft bazarı nisbətən tarazdır, stabildir. Bu isə böyük nailiyyətdir. O ki qaldı yeni razılaşmaya, dediyim ki, Nazirlər Şurasının iclasında müzakirələr aparılacaq, ötən dövr təhlil olunacaq və gələcək addımlar haqqında da düşünüləcək", - deyə nazir vurğulayıb.

    Bundan öncə Energetika Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, Azərbaycan OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini sentyabr ayında da yerinə yetirib. Nazirlik Azərbaycanın sentyabr ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, cari ilin sentyabr ayında respublika üzrə gündəlik neft hasilatı 785,7 min barrel olub. Bunun 733 min barrelini xam neft, 52,7 min barrelini kondensat təşkil edib. Gündəlik 627 min barrel xam neft, 52,7 min barrel kondensat, 19,3 min barrel isə neft məhsulları ixrac edilib.

    Qeyd edək ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda 796,7 min barrel, avqustda isə 734,8 min barrel olub.

    Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barrel azaldılaraq 32,5 mln. barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində kartelə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR