Elə istəyirəm bir mesaj yazım...
Xeyli var "sabahın xeyir" yazmıram.
...vallah, şairlik də eləmirəm heç-
nə vaxtdı bir misra şer yazmıram.
Əlimə bir şer parçası düşmür
aparım...ölçünü dərzimi versin?
...çəkə qulağını şerlərimin-
bir ustad yoxdu ki dərsini versin.
...bilmək olmur sözəm, yoxsa ki sözçü!
...hər imza gününü qollamaq olmur.
...neylim, az yazdım, azğın yazmadım;
çox yazıb şeri də korlamaq olmur.
*
Canım Göycə, yol üstəsən, buz üstə?
...düz ilqarlı, daş biləkli oğullar.
Ac könlümü doyurmağa nəyin var?
Canım-gözüm, az könlümü oğurla!
...zəmanəmi, yoxsa mənmi-kim dönük?
...divarları quru hördü, nə oldu?
Mənim kimi bir qulun da olmasın!
Ələsgər tək qulun öldü, nə oldu?
...dost kimidi-dərd bir olar ya iki!
Gedib çatsın yüzə qoyma dərdimi.
...canım-gözüm, göndərirəm yol üstü
qoynuna qoy, buza qoyma dərdimi.
*
Kərəmi yandıran hansı oduydu?
...dünya gediləndi-köç hara işlər.
Bu odu görəsən kim fikirləşib,
kimin icadıdı Qara keşişlər?
...kimin töhfəsidi bu qəmli yazı?
Məni zümzümədən, pəsdən elədi.
...Kərəmi yandıran hansı oduydu?
Yandırıb aləmə dastan elədi.
...yağışdan sonrakı nəmişlikdimi?
Ağzı yanıqlara su deyildimi?
...düymələr açılmır səhərə qədər!
Kərəmi yandıran bu deyildimi?
Paşa Talıblı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.