Evlənmək üçün "Facebook"da ehtiraslı qız axtaran Samir — "Məleykə Əsədova xoşuma gəlir"
Sosial şəbəkələrdə, xüsusən "Facebook"da çox aktivdir. Yazdıqlarına belə anlaşılır ki, əsas məqsədi ürəyinə yatan, hündürboy, gözəl qızla tanış olmaqdır. Statuslarına gələn rəylər isə bir sıra məşhurlara gələn rəy sayından çoxdur.
Beləliklə, "Ölkə.Az"-ın suallarını son günlər sosial şəbəkələrin fenomeninə çevrilmiş Samir Hüseynov cavablandırır.
- Sosial şəbəkələrdə çox məşhursunuz. Özünüz haqda məlumat verərdiniz.
- 1990-cı ildə anadan olmuşam, Tovuzun Əlimərdanlı kəndində yaşayıram. Mal-qara saxlayırıq, başqa məşğuliyyətim yoxdur.
- "Whatsapp"da çox qızla danışırsız?
- Mənlə görüntülü danışmayanlara inanmıram. Çünki çoxu oğlan olur. Amma görüntülü danışdıqlarım da olur.
- "Whatsapp"da qızlarla nə haqda danışırsız?
- Bizim ölkədə qızlar oğlanlara danışmaqdan çəkinirlər.
- Amma "Facebook"da Aysel adlı xanıma təşəkkür etmişdiniz.
- O mənim qız dostumdur, heç kimə dəyişmərəm. Keçmişdə sevgili olmuşuq. Onun kimi qız yoxdur. Qızlar o qədər təzyiq görüblər ki, görüntülü danışmaqdan qaçırlar.
- Aysel də Tovuzda yaşayır?
- Xeyr, Aysel Türkiyədə musiqi müəllimidir. Başqa heç kimlə danışmıram, inanmıram. Bu dünyada saxta olmaq lazımdır, ay qardaş. Gərək hamıya kələk gələsən.
- Ayseli şəxsən görmüsünüz?
- Üzbəüz görüşməmişik, amma bizə qonaq gələsidir.
- Onun neçə yaşı var?
- İyirmi altı.
- Ola bilərmi ki, "Facebook"da, "Whatsapp"da tanış olduğunuz qızla ailə qurasınız?
- Evlənərəm, amma gərək özü mənimlə yazışsın, yalan danışmasın. Yalandan deyə bilmərəm ki, varlı adamam. Atam kasıb adamdır. Olanı demək lazımdır. Haqq nazilər, üzülməz.
- Real həyatda sevgiliniz olubmu?
- Olub, amma ayrılmışıq. O qız mənlik deyildi. Məni onun-bunun ayağına verdi, ayrıldım.
- Özünüzdən 15 yaş böyük xanımı sevə bilərsinizmi?
- Üç-dörd yaş böyük, üç yaş da kiçik ola bilər. Gərək həyatı qana bilsin.
- Yəqin ki, şeir də yazırsınız?
- Yazmıram.
- Saz çala bilirsiniz?
- Bacarmıram.
- Sevdiyiniz qızı necə təəccübləndirə bilərsiz?
- Qəşəng şeir yaza bilərəm.
- Bəs deyirsiniz ki, şeri yazmırsınız?
- Sevdiyim qızlara yazıram da.
- O da şeir sayılır da. İstərdim bir bənd deyəsiniz.
- Həyatım, ölürəm sənsiz,
Bir dənəm, yaşamam sənsiz.
Sən mənim ömrümün mənasısan, canım
Sənsiz ölərəm, ölərəm, canım.
- Bu şeirlərdən kitab çap etdirmək fikriniz varmı?
- Xeyr.
- Elza Seyidcahanın şeirlərini oxumusunuzmu? Həm də şeirlərinizdə tərz yaxınlığı var
- Elza xanımın yaxşı səsi var, təəssüf ki, özünü güldürür.
- Sevgili olmaq istədiyiniz müğənni varmı?
- Müğənnilərdən yox, amma aktrisalardan var. Məleykə Əsədova çox xoşuma gəlir, ideal qadındır.
- Məleykə xanımda ən çox nə diqqətinizi çəkir?
- Enerjili qadındır. Hər qadında enerji olmur. Bura istər zahiri, istər intim tərəfi aiddir. Ona görə də Məleykə xanımı çox bəyənirəm.
- Son olaraq, sevənlərinizə son sözünüzü bilmək istərdim.
- Son sözüm odur ki, mənə yalan danışmasınlar. Qız adından yazan oğlanları da yoxlayacam. Mən uşaq deyiləm. Sizdən də bir istəyim var. Məni ATV-dəki Zaurun yanına çıxardasan. Evlənmək istəyirəm.