AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dr. Sübhan Talıblı - "Meşəli faciəsi tariximizdə silinməz iz qoyub" - ÖZƏL

  • + A
  • - A
  • 9-08-2023, 00:43

    Dr. Sübhan Talıblı - "Meşəli faciəsi tariximizdə silinməz iz qoyub" -


    AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Azadmedia.az-a Meşəli faciəsi və ermənilərin azərbaycanlılara qarşı müxtəlif zamanlarda törətmiş olduğu soyqırım aktı, qeyri-insani davranışlar, qətl və cinayətlərlə bağlı danışıb.


    “Təcavüzkar Ermənistanın silahlı qüvvələri, hərbi birləşmələri və onları xaricdən dəstəkləyən qüvvələr tərəfindən Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Başgüneypəyə, Qaradağlı, Başlıbel kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib.

    Azərbaycan Respublikası Baş Prokrorluğunun məlumatına əsasən, Ermənistanın silahlı qüvvələri və hərbi birləşmələri tərəfindən 1988-94-cü illərdə azərbaycanlı mülki əhali hədəfə alınmaqla törədilən 38 terror hücumu zamanı 10 sərnişin avtobusu, 11 minik avtomobili, 1 minik avtomobili karvanı, 2 yük avtomobili, 6 sərnişin qatarı, 2 metro qatarı, 2 helikopter, 1 təyyarə və 1 dəniz bərəsində törədilən partlayışlarda 1105 nəfər həlak olub, 1180-dən çox adam yaralanıb.

    23 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının Xocalı rayonunun Meşəli kəndində törədilən Meşəli soyqırımında – 25 nəfər öldürülüb, 2 nəfər girov götürülüb, 41 yaşayış evi və digər tikili yandırılıb, 358 nəfər kənd sakini daimi yaşayış yerini tərk etməyə məcbur olub. Xocalı rayonunun Meşəli kəndinin 430 nəfər sakinləri Goranboy rayonunun eyniadlı qəsəbəsində məskunlaşıblar. Qətliam nəticəsində Meşəli kəndinə 5,496,900 manat məbləğində maddi ziyan dəymişdir.

    Meşəli faciəsi Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən araşdırılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, sübutlar toplanılıb, cinayət törətmiş şəxslərin bir qismi müəyyən edilməklə məhkəmə məsuliyyətinə verilib. Onların barələrində ədalətli məhkəmə hökmləri çıxarılıb. Hadisələri törətmiş 9 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

    Xaçaturyanın cinayət və terror əməllərinə əməllərinə gəldikdə isə, Birinci Qarabağ müharibəsindəki cinayətlərini əks etdirən çoxlu sayda fotofaktlar, yazılar, əsirlərin müsahibələri, V.Xaçaturyanın cinayət əməlləri ilə bağlı şahidlərin, zərərçəkənlərin verdikləri ifadələr də onun azərbaycanlılara qarşı qeyr-insani davranışını, vəhşi və qorxunc cinayətlərini sübutu haqda əsaslı, qanuni və faktlara söykənən məlumatlar mövcuddur. Belə ki, Vaqif Xaçaturyan 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlının öldürülməsində, 14-nün yaralanmasında, 358-nin isə didərgin salınmasında iştirakçı oldu qeyd olunur.

    Bu səbəbdən V.Xaçaturyanın törətdiyi soyqırımı və əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətləri haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə,milli, etnik və dini zəmində törətdiyi əməlləri 1948-ci il 9 dekabr tarixli “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin və 1966-cı il 10 dekabr tarixli qəbul olunmuş “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın da pozulması ilə cinayət işi açılıb.

    Rəsmi məlumatlara əsasən, Ermənistan Azərbaycana hərbi təcüvüzü nəticəsində 1988-1994-cü illərdə 3890 nəfər itkin düşüb ki, onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-nin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur. Əsir və girovluqdan azad edilmiş 1480 nəfər şəxsdən 378-i hərbi qulluqçu, 1102 nəfər mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-i qadın, 225-i qoca olub. Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-i kişi, 105-i qadın olub.17 fevral 2021-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfərə məxsus meyit qalıqları, 28-29 mart 2022-ci il tarixdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkar edilən meyit qalıqları, 23-26.02.2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfər şəxsə aid (biri qadın olmaqla) insan meyit qalıqları, 15-29 sentyabr 2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində baxış zamanı aşkar edilmiş kütləvi məzarlıqdan 18 nəfər şəxsə aid insan meyit qalıqları çıxarılaraq götürülüb.

    XX əsrdə ermənilər və onları dəstəkləyən qüvvələr tərəfindən Azərbaycan xalqına qarşı 1905, 1918, 1920, 1948-1953, 1988-ci ildən törədilmiş bütün etnik təmizləmə və soyıqırımlar, köçürülmə siyasi, Xocalı faciəsi kimi hadisələrin baş verməsinə, fakt, sənəd, elmi ədəbiyyat və s. olmalarına baxmayaraq bugünə kimi bir sıra beynəlxalq təşkilatlar məsələyə ikili standartlardan və öz maraqları baxımından yanaşırlar. Fakt, sənəd, haqq Azərbaycanın tərəfində olsa da təəssüf ki, zama –zaman erməni kartından, faktorundan Azərbaycan və Türkiyəyə qarşı istifadə ediblər. Bu siyasət bu gündə davam etməkdədir.

    Hər bir azərbaycanlı tutduğu məqamdan, olduğu məkandan asılı olmayaraq, Azərbaycan həqiqətlərini dünya ictimaliyyətinə çatdırılması istiqamətində fəal olmalı, onu daim beynəlxalq hüquqa, sənəd, fakt, mənbələrə istinad edərək təbliğ etməlidir.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR