AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Doç. Dr. Sübhan Talıblı - Ermənistan adlı dövlət Azərbaycanın tarixi torpaqları üzərində qurulub və bu, faktlarla, təsdiq olunur - ÖZƏL

  • + A
  • - A
  • 31-03-2023, 14:46

    Doç. Dr. Sübhan Talıblı -  Ermənistan adlı dövlət Azərbaycanın tarixi torpaqları üzərində qurulub və bu, faktlarla, təsdiq olunur -


    Martın 31-i ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətinin 105-ci ilidir. Bu tarixi faktlar bu gün də öz revanşist, işğalçı iddialarından əl çəkməyən Ermənistan və havadarlarının əsl mahiyyətini ortaya qoyur. Ermənistan adlı dövlət Azərbaycanın tarixi torpaqları üzərində qurulub və bu, faktlarla, təsdiq olunur. Bizim həqiqətimiz hələ ki, tarixi arxivlərdə saxlanır və hələ də erməni revanşizmi davam edir. Bu gün Qarabağa kimi gəlib çatan regionda gərginlik, müharibə ilə “qidalanan” erməni terrorçularının apardığı siyasətə 31 Mart Azərbaycanlıların soyqırımı faktı üzərindən baxmaqla, baş verənlərə bir daha tarixin gözü ilə diqqət çəkəcəyik. Bu istiqamətdə hafta.az-a AMEA-nın Şərqşünaslıq İnstitunun aparıcı elmi işçisi, tarixçi alim Sübhan Talıblı danışacaq.

    -31 mart erməni soyqırımı hansı imperialist siyasətin nəticəsi idi?

    -Tarixi faktlar sübut edir ki, ermənilərin Cənubi Qafqazda, tarixi Azərbaycan ərazilərində məskunlaşdırılması Rusiyanın hazırladığı strateji plana uyğun XIX əsrin əvvəllərindən başlanıb. “Dənizdən dənizə Böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi faşist iddiaları ilə türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan XIX əsrin axırlarında yaradılmış “Daşnaksutyun” partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsi üçün ermənilər dünyanın hər yerində törətdikləri kütləvi qırğınlar, qətliamlar, terror aktları, soyqrımı, etnik təmizləmə, soyğunçuluqlar, qarətlər və s. həyata keçiriblər.

    - Azərbaycan türklərinə qarşı törədilən erməni soyqırımı, azərbaycanlıların öz torpağında qətlə yetirilib qovulması, soyqırımı 1905-1906-cı illərdə Cənubu Qafqazda törədilən qırğınları da yada salır. Görünən odur ki, torpaq və millətimizə qarşı mənfur siyasət yeni deyil və bitmir, kimlərsə bu faktlardan dərs çıxarmır, amma bilməlidir…

    -1905-1906-cı illərdə Cənubu Qafqazda törədilən qırğınlar mahiyyət etibarilə ermənilərin XX əsrdə azərbaycanlılara qarşı mərhələlərlə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Böyük dövlətlərin hətrərəfli dəstəyi ilə erməni silahlı dəstələrinin cənubi Qafqazda törətdikləri qarətlər, soyğunçuluq, kütləvi qırğınlar, terror aktları və qətliamlar barədə o dövrün yerli və xarici mətbuatında, ayrı-ayrı müəlliflərin əsərlərində, xatirlərində tarixi faktlar mövcuddur. Tədqiqatlardan, arxiv materiallarıandan, o dövrki mətbuatdan, yerili və xarici müəllifilərin əsərlərindən məlum olur ki, ermənilər 1905–1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında-İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı və 8 şəhərində-Bakı, İrəvan, Naxçıvan, Gümrü, Şuşa, Gəncə, Qazax, Tiflis etnik təmizləmə və kütləvi qətliamlar törətmişlər. 1905-1906-cı illər soyqırımları zamanı Cənubi Qafqazda 286 kənd viran edilmiş və 8 şəhər dağıntılara məruz qalmışdır. Soyrqımlar zamanı kənd və şəhərlərin təqribən 200-ü azərbaycanlı yaşayış məntəqələri dağıdılmış və xarabalığa çevrilmiş, 15 mindən artıq ailə, təqribən 100 min nəfər ev-eşiyindən didərgin düşmüş, 10 min nəfərdən artıq insan tələfatı olmuşdur. 1905-1906-cı illərdə baş vermiş faciələrin bilavasitə şahidi olmuş müəlliflərin əsərləri, həmin dövr tarixşünaslığı, Məmməd Səid Ordubadinin “Qanlı illər” 1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni -müsəlman davasının tarixi və Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərləri həmin qanlı hadisələrə istər tarixi və elmi həqiqətlər baxımından, istərsə də faktiki materialların zənginliyi baxımından əhəmiyyətlidir. Bundan başqa çar Rusiyası dövrünün arxiv sənədləri, Azərbaycan Respublikası Tarix Arxivinin fondlarında saxlanılan sənədlər, Azərbaycan və xarici müəlliflərin Azərbaycan, rus, erməni və ingilis dilində faktiki materiallar əsasında yazdıqları əsərlər və dövri mətbuatda materialları 1905-1906-cı illərdə baş vermiş faciələr haqqında məlumat öz əksini tapmışdır.

    Bütün bu faktlardan aydın olur ki, məqsəd azərbaycanları soyqırıma məruz qoymaqla tarixi Azərbaycan torpaqlarında soyqrımı həyata keçiriməklə türk-müsəlmansız region yaratmaqdır.

    -Həmin siyasət, Azərbaycana qarşı törədilən cinayət hadisələri 1918-ci ildə mart soyqırımı ilə təkrarlandı və daha böyük əraziləri, insanlarımızı itirdik. Əlimizdə hansı faktlar var və bu, mənbələrdə öz əksini necə tapıb və nəhayət nə zaman öz sözünü deyə biləcək?

    -1918-ci il avqust ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri Fətəli xan Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradılıb. FTK əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xarici işlər, sonra isə ədliyyə nazirlikləri yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə qədər rəsmi təhqiqat orqanı fəaliyyət göstərib. Əsas məqsədi erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün yaradılıb.

    FTK-nin sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında, komissiyasının üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda ermənilər tərəfindən dağıdılmış və yandırılmış binaların şəklinin çəkmişdir. Bakıda azərbaycanlıların soyqırımı zamanı təxmini hesablamalara görə, 15-20 min azərbaycanlı qətliam edilib. Şamaxıda törədilmiş soyqırımla bağlı FTK tərəfindən hazırlanmış 23 qərar layihəsi və 72 cild, 952 vərəqdən ibarət təhqiqat materialları erməni silahlı dəstələri tərəfindən Şamaxı şəhəri və Şamaxı qəzası üzrə törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verilib. 1918-ci il noyabr ayının 22-də Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirinə Şamaxı şəhəri və Şamaxı qəzasının Azərbaycan kəndlərinin talan edilməsi və müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzə edib.

    1919-cu il aprel ayının 3-də Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyi Şamaxı qəzasının rəisinin FTK-ya həmin qəzanın 3 polis sahəsi -Qəbristan, Mədrəsə və Kaşun üzrə ermənilər tərəfindən dağıdılmış kəndlərinin siyahısı verilib. FTK materiallarına əsasən azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini vəhşicəsinə qətliam ediblər. Quba və ətraf yerlərdə Azərbaycan əhalisi üzərində ermənilərin törətdikləri vəhşilikləri araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyasının 1918-ci il dekabrın 12-də aprelin 12-də fəaliyyətə başlaması və 1920-ci il aprelin 20-də başa çatıb. Araşdırma zamanı erməni cinayətkarlığını üzə çıxaran 1 qərar layihəsinin hazırlanması, 3 cilddən ibarət 451 vərəq tərtib olunub. FTK-nın üzvü A.Novatskinin “Quba şəhəri və Quba qəzasının kəndlərinin dağıdılması və qeyd olunan şəhər və kəndlərin əhalisinə qarşı edilən zorakılıqlar haqqında məruzəsi” etmiş, FTK-nın şahid ifadələrində mayın 1-də Qubaya daxil olan Hamazaspın erməni silahlı dəstələrinin törətdikləri qətliamlar və özbaşınalıqlar haqda məlumatlar verilib. Bundan başqa Quba hadisələrində bolşeviklər tərəfindən iştirakçı olmuş yəhudi Savi İlyansevin, 1918-ci il qırmızı qvardiyaçı olmuş Q.Nağıyevin, 1918-ci il bolşevik drujinaçısı olmuş Arustamovun xatirələri, Quba şəhər rəisi Ə.Əlibəyovun məlumatı, Qubanın nüfuzlu şəxslərindən olan Hacı İsmayıl Orucovun ifadəsində erməni vəhşilikləri haqda məlumatlar öz əksini tapıb. Şaumyanın tapşırığı ilə Qubaya birinci olaraq David Gelovaninin başçılığı altında 187 nəfərlik silahlı dəstə, 1918-ci il mayın 1-də Bakı Xalq Komissarları Soveti Qubaya daşnak Hamazaspın və onun köməkçisi Nikolayın komandanlığı altında, tərkibi ermənilərdən ibarət dəstə göndərilib. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib.

    Şərqi Anadoludakı erməni vəhşikilərinə baxdıqda, o dövrün mənbələri göstərir ki, 1914-1915-ci illərdə Qars vilayətinin Ərdahan dairəsində 110, Qağızman dairəsində 75, Qars dairəsində 130, Oltu dərəsində 90 kənd tamamilə dağıdılmış və əhalisi soyqırıma məruz qalıb. Ümumiyyətlə, Qars vilayətində təkcə 1914- 1915-ci illərdə 405 kənddə ermənilər türklərə qarşı soyırım törədiblər. Bununla bağlı 1920-ci il martın 6-da tərtib olunmuş sənəd XV Nizami Ordu Komandanlığına göndərilib.

    Türkiyə Baş nazirliyini Osmanlı arxivində olan məlumata əsasən, 1920-ci il 30 iyun tarixli sənədin şahid və nümayəndələrin imzası ilə ingilis nümayəndəsinə göndərilib. Bu sənəddə Qaraurqan, Ərzurum, Qars, Bəyazit, Sarıqamış, Naxçıvan və Araz ətrafında ermənilər tərəfindən tödərilmiş qətliamlar və vəhşiliklər haqda məlumatlar verilib. Ermənilər və onları dəstəkləyən qüvvələr tərəfindən 1920-ci ilin avqustunda Qars-Gümrü yolu üzərində olan Şabanlar və Avnil, Uluxanlı yaxınlığında Çeçal kəndlərinə törədilmiş soyqırım və vəhşiliklər törədilib.

    İrəvan bölgəsində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlar Türkiyənin Baş nazirliyinin Osmanlı arxivində 03 iyul 1919-cu il tarixli “Ermənilərin Sevan”-Göyçə əhalisinə rəva gördükləri mezalimlerin icra edildiyi məntəqələrin təsviri” adlanan xəritə məlumat verilib. 1919-cu ilin iyulunda tərtib olunmuş bir sənəddə Araz çayı boyunca soyqırımların həyat keçirildiyi ərazilərin təsvirinin başqa bir xəritədə göstərilib.1920-ci ilin fevralında İrəvan quberniyasının Şörəyel qəzasında 1350 nəfər əliyalın əhali kəndlərini tərk edərkən, həmin ilin mart ayında Şörəyel qəzasında 2000 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətl edilmiuşdir. Həmin tarixi sənədlər şahidlərin imzası ilə ingilis nümayəndəsinə və Osmanlı dövlətinin XV Nizami ordu rəhbərliyinə ünvanlanıb. 1920-ci ilin iyununda erməni silahlı birləşmələri Uluxanlı (İrəvan) ətrafındakı – Qaraoğlu, Lələoğlu, Novosəlim, Qaraçayır, İğdır, Ağpinar, Qırxpinar, Ağçaqala Çuxuru kəndlərini yandıraraq əhalisini tamamilə məhv ediblər.

    FTK-nın üzvü N.Mixaylovun 1918-ci il ərzində Zəngəzur qəzasında törədilmiş vəhşiliklərin təhqiqatı əsasında məruzə hazırlayıb. Zəngəzur bölgəsində azərbaycanlılara qarşı kütləvi zorakılıqlar 1917-ci ilin sonu – 1918-ci ildə olmuşdur. Zəngəzur bölgəsində erməni təcavüzünün genişlənməsi və onun nəticələri 1919-cu il – 1920-ci illərin əvvəllərini əhatə edib. Azərbaycan hökumətinin 29 yanvar 1919-cu il tarixli qərarına əsasən Zəngəzur, Şuşa, Cavanşir, Cəbrayıl qəzaları hüdudlarında müvəqqəti general-qubernatorluğun təsis edilməsi və nüfuzlu dövlət xadimi Xosrov bəy Sultanovun general-qubernator təyin edilib. Bundan başqa Azərbaycan hökumətinin həyata keçirdiyi diplomatik-siyasi, hərbi tədbirlər, müttəfiq qoşunların komandanlığı ilə apardığı danışıqlar nəticəsində Andranikin bölgəni tərk edib. Qarabağ, Zəngəzur, Naxçıvan bölgələrində yaranmış mürəkkəb hərbi-siyasi vəziyyətin Azərbaycanın yenicə formalaşmış Parlamentinin 10 dekabr 1918-ci il tarixli iclasında və Parlamentin 16 yanvar 1919-cu il tarixli iclasında Zəngəzurda erməni vəhşilikləri nəticəsində oradan didərgin düşmüş soydaşlarımızın ağır vəziyyəti haqda müzakirələr olub. Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı isə qaçqın düşüb.

    Erməni və aysorların 1918-ci ildə Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlıların soyqırımına məruz qoymasının ağır nəticələri olub. Cənubi Azərbaycanın təkcə Urmiya, Xoy və Salmas şəhərlərində ermənilər tərəfindən soyqırımı edilənlərin sayı 160-200 min nəfər arasında olub. Əslində bu rəqəm göstəriləndən qat-qat çoxdur. Rza şah, sonra isə onun oğlu Cənubi Azərbaycandakı müsəlman-türklərin soyqırımı haqda yazmağı və təhqiqat aparmağı yasaq etdiyindən 1918-ci ildəki müsəlman qətliamında öldürülənlərin sayı indiyə qədər dəqiq verilməmişdi. Təbrizdə çıxan “Dilmanc” jurnalı isə 1918-ci ilin sözügedən soyqırımında ölənlərin sayını 100 min nəfər, Əhməd Kəsrəvi “Azərbaycanın 18 illik tarixi” kitabında 130 min nəfər, Camal Ayrumlunun Urmiyada çıxan “Nəvide Azərbaycan” qəzetindəki məqaləsində 150 min nəfər, Həsən Səfəri “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” adlı əsərində 200 min nəfər yaxın olduğu göstərilir.

    Azərbaycanın digər regionları kimi Lənkəran da 1918-ci ilin mart-aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə məruz qalan bölgələrdən biri olub. Həmin dövrdə Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük, Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törədilib. Ümumilikdə, Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla yerlə-yeksan edilib, 2000-dən çox dinc sakin qətlə yetirilib.

    Erməni-daşnak quldur dəstələri 1918-ci ilin iyununda Bakıdan 2 zirehli, 4 nəqliyyat gəmisi ilə Xəzər dənizi vasitəsilə Kür sahilinin mənsəbinə gəlib çatmışdılar. Arxix materialları və sənədlərdə gəmələrin adları “Krasnovodsk”, “Yelets”, “İraq”, “Bakinets”, “Salyanets”, “Demosfen” kimi göstərilir. Gəmilər Kür çayına keçmiş və erməni-daşnak silahlı birləşmələri çayın ətrafında olan kəndləri qarət etmiş, əhalinin mal-mülkünə ziyan vurmuş, insanların vəhşicəsinə qətliam etmişdilər. Erməni-daşnak silahlı birləşmələri və quldur dəstələri Neftçalanın Bankə, Xıllı, Seyidlər, Uzunbabalı, Tatarməhlə, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngan, Kürqaraqaşlı kəndlərindən hücumlar edərək, qarət, soyğunçuluq, vəhşicəsinə qətllər törətmişlər. Soyqrımla bağlı Azərbaycan qəzetinin 1918-ci il 3 noyabr tarixli nömrəsində dərc edilmiş “Maraqlı sənəd” məqalədə, Nəsir Yücəərin “Birinci Dünya müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı” kitabında, 5-ci Qafqaz piyada firqəsi ərkanı hərb rəisi Rüşdü Kazım Türkər “Böyük hərbdə Bakı yollarında” əsərində məlumat verilmişdir.

    Bundan başqa Əlimərdan bət Topşubaşov Fövqəladə Təhqiqat Komissiyasının hazərladığı materialları və fotoşəkilləri Paris Sülh Konfransına təqdim etmişdi. .

    - Ermənilərin Azərbaycan torpaqlarında tarixin müəyyən dövrlərində və müasir dövrümüzə qədər olan dövrdə törətdikləri soyqırımları, qətliamları, işğal siyasətini təsdiq edən faktları ədaləti öz maraqlarlnda görən bu dünyaya tanıtmaq üçün hansı addımları atmalıyıq?

    - Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” haqqında verdiyi fərmanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 18 yanvar tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamının ermənilərin cinayətkar və terror əməllərinin araşdırlması, o cümlədən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük tarixi, siyasi və hüquqi rolu olmuşdur. 2007-ci il aprelin 1-də Qubada aşkar olunmuş ermənilərin törətdiyi soyqırımı məzarlığı 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş və 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Kütləvi məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

    Fikirmcə, həm yerli, həm də dünya ictimaiyyətinə Azərbaycanlıların soyqırımının baş verdiyi tarixi şəraiti, türk-müsəlman əhaliyə qarşı törədilmiş soyqırımın səbəblərini, mahiyyətini, nəticəsini, erməni-daşnak, bolşevik və xarici qüvvələrinin məqsədlərini durmadan anlatmalı və qəbul edilməsi üçün tədbirlər görməliyik. Erməni təcavüzkarlarının çirkin niyyətlərinin həyata keçirilməsinə havadarlıq edən regional və beynəlxalq qüvvələrin məqsədlərini, müstəqil Azərbaycan Respublikasının azərbaycanlıların soyqırımı ilə bağlı həyata keçirdiyi tədbirlərin mahiyyətini və əhəmiyyətini azərbaycanlıların soyqırımı ilə bağlı tarix faktları həm Azərbaycan, həm də xarici dilli mənbəşünaslığa, tarixşünaslığa, arxiv materiallarına, elmi ədəbiyyata, dövrü mətbuata, fotolara, Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının materiallarını, eləcə də tarixi sənədlərdən çıxış edərək bəşəriyyyətə qarşı cinayət faktı kimi əsaslandırmalıyıq. Bakı, Quba, Şamaxı, Şərqi Anadolu, Naxçıxan, Zəngəzur, İrəvan, Salyan, Neftçala, Lənkəran, Cənubi Azərbaycanın Xoy, Salmas, Urmiya bölgələrinin şəhər, qəsəbə, kəndlərində və digər bölgələrdə baş vermiş soyqırım haqqında tarixi həqiqətləri ətraflı şəkildə çatdırılması sön dərəcə mühüm və əhəmiyyətlidir. Xüsusilə də xarici KİV-lərdə, elmi jurnallarda həm aəzrbaycanlı, həm də xarici müəlliflərlə birgə məqalələr, kitablar yazmalı, xaric ölkələrin institut, tədqiqat, araşdırma mərkəzlərində, QHT-lərində müştərək tədbir, senimar, konfranslar keçirilməlidir.

    Xarici ölkələrdə azərbaycanlıların soyqırmını araşdıran mütəxəssislərə, tədqiqatçılara dəstək verilməli, onları mövzu ilə əlaqəlli Azərbaycanda keçirilən konfranslara mütəmadi olaraq dəvət edilməsi məqsədəuyğun olardı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR