Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi komanda dünyada ilk dəfə olaraq COVID-19-un “Omikron” və “Delta” variantları da daxil olmaqla, bütün variantlarına qarşı effektiv qoruyuculuğu təmin edən peyvəndlər hazırlayıb.
Bu barədə Aztibb.az-a professor Tərlan Məmmədov məlumat verib.
T.Məmmədovun sözlərinə görə, hazırladıqları peyvəndlərlə bağlı “Plant-produced RBD and cocktail-based vaccine candidates are highly effective against SARS-CoV-2, independently of its emerging variants” ("Bitki əsaslı RBD və kokteyl peyvənd namizədləri SARS-CoV-2-nin bütün variantlarına qarşı yüksək effektivliyə malikdir) adlı hesabat-məqalə “BioRxiv”də (biologiya elminə aid elmi tədqiqatların onlayn arxivi və nəşr edilməsi imkanı təqdim edən sistem) dərc olunub.
Alim qeyd edib ki, hazırda dünyada koronavirusa qarşı istifadə olunan heç bir vaksin “Omikron”a qarşı effektli deyil və bu haqda heç bir məlumat yoxdur. T.Məmmədovun "Science" jurnalında nəşr olunan məqalələrinə istinadən “hər dozası 30 mikroqramdan ibarət olan 2 doz sintetik mRNT (ümumilikdə 60 mikroqram) tərkibli "Pfizer/BioNTech” peyvəndi “omikron” variantına qarşı effektsizdir və heç bir qoruyuculuğa malik deyil".
Hazırladığımız bitki RBD və kokteyl əsaslı peyvəndlərin “Omikron” ştamına qarşı da effektivliyini sübut etdik”, - deyə T.Məmmədov bildirib və bu elmi nəticələrin "Nature communication" jurnalına göndərildiyini, 2 gün öncə BioRxiv-də nəşr olunduğunu diqqətə çatdırıb: "Beləliklə, biz dünyada ilk dəfə olaraq "Omikron" da daxil olmaqla SARS-CoV-2-nin bütün variantlarına qarşı effektiv olan vaksinlər haqqında bütün dünyaya məlumat verdik".
Alim əlavə edib ki, hazırda bu vaksin insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.