(Emil Rasimoğluna)
Elə inamından bu günə qaldı
şerimin ağılı, quşun ağılı!
...daha şeirlərimin yiyəsi sənsən,
əyər sən tərəfi daşın ağırı!
...söz - söz, misra - misra ağzım yanıbdı,
mənə tutduqları bir ağır toydu!
...sənə göndərirəm şerlərimi,
bəlkə başlarına sən ağıl qoydun.
...nə yaxşı sən varsan, Emil əfəndi!
Örtürsən torpağı dənin üstünə!..
...dərdi saxlayıram özüm çəkməyə,
şeri göndərirəm sənin üstünə!
***
...dərsi də bağladım - ilin sonuydu!
Eh, dərz də bağladım - qışa tədarük!
...yazmadıqlarım da bir bağlı yükdü,
beləcə, saxladım başa da bir yük.
...il - ildən bəlkə də gözəl gələcək,
belə qabaqcadan ağlamaq olar?
...içini doldurub ipini çəkmək —
dərsi də dərz kimi bağlamaq ola!
"Hər şey tərsinədi" dərsini keçdik...
...tər sinə tərs könlə tərs aşiyandı!
...kitab daşımadı qollarım onda,
indi ona görə dərzdaşıyandı!
***
Yenə işin avand kötüklər üstdə...
...yazı sızıldasın, qışı sağalsın!
Hansı başdı, cəllad kəsirsən yenə?
Kəs cəllad, yenə də başın sağ olsun!
...bir daşdan çörəyi çıxırdı, neynək,
çaxmaqlı çağında bir daşdan odu!
...min başın içində bir baş nədi ki—
kəs cəllad, minindən bir baş da odu!
Kəs cəllad, kəsdiyin nə misralardı?
...Dur!-deyib çıxdımı kimsə önünə?
Kəs cəllad, bu şer də qurbandı sənə
—qurbandı bir şer də imza gününə!..
Eşqin ötəsində bir şer...
...içmişəm eşq badəsini,
mən eşqə tək- tək gələnəm.
...sədəfəm balıq qarnında,
mən eşqə tək-tək gələnəm.
Kim gələr boş, gedər dolu?
...eşq yoxdusa—hədər olu!
...tənhalığım kədər dolu,
mən eşqə tək - tək gələnəm.
Gör, necə gerçək gəlmişəm!
—şəklimi çək, çək...gəlmişəm!
...mən dünyaya tək gəlmişəm —
mən eşqə tək - tək gələnəm.
Paşa Talıblı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.