...Bu gecə də gəldi keçdi,
keçdi, az durdu, sağ olsun!
...sağ olsun, qara libası,
qarı bazburdu, sağ olsun!
...gecə var qalanı yalan!
Bir şahdı - qalanı alan.
...başımda gündüzdən qalan
qurdu azdırdı, sağ olsun!
...gəldi üstümü kəsdirdi,
ruhuma əl də gəzdirdi..
...yenə könlümü küsdürdü,
şer yazdırdı, sağ olsun!
*
Sənə sevdalıyam...sənə
yalnızca, yalnızca...gör də!
...sevdalanmış rüzgar röya,
fəsillər də sirdə, sirdə!
Mənəm o deyilən naşı...
İçindən oydum hər daşı!
...hər şey - tablo, vaxt, göz yaşı,
hər yer pəjmürdə, pəjmürdə!
...hərzələndik hərzə düşdük,
hər yola hər üzə düşdük.
...bilməm, nədən tərsə düşdük-
mən göydəyəm, ruhum yerdə!
Vaxtdı...üç günə beş günə
bal kimi işıq köşkümə.
Sənə...heç kimə, heç kimə,
sənə sevdalıyam...bir də.
*
...Dərddi bu canımı fırladan elə!
Fırlanır dövrəmdə dərdin neçəsi.
Mən dərdi gecələr çəkirəm, qardaş...
Yaman uzun olur dərdin gecəsi!
...dərddi qaranlığa məni öyrədən,
dərddi qaranlıqdan məni baxdıran!
...eh, yerim dərdlərin qaranlığıdı,
məni qaranlıqda tapır axtaran.
Dərdim çəkilidi, batmannan gəlir...
Ağırdı gözümün yaşı...çəkili!
Qaranlıq dövrüdü dərdi çəkməyin...
Dərd, qardaş, gecələr yaxşı çəkilir!
Paşa Talıblı
Rusiya...Volqoqrad şəhəri...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.