Nizami Səfərov,
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun göstərişi ilə SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı birləşmələrin hərbi hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, mülki əhali müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Bu qəddar və xüsusi amansızlıqla həyata keçirilən əməliyyat nəticəsində 149 nəfər qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 841 nəfərin qanunsuz olaraq azadlığı məhdudlaşdırıldı. İnsan hüquqlarının və əsas azadlıqlarının ən ağır pozuntuları ilə müşahidə edilən bu qəddar əməliyyat Sovet dövründə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq məqsədi daşıyımaqla yanaşı, ən ağır beynəlxalq cinayət olan insanlığ əlehinə cinayət idi.
Mülki əhaliyə qarşı irimiqyaslı və ya sistematik hücumlar çərçivəsində törədilən qətllər, şəxsi azadlığın məhdudlaşdırılması, işgəncələr və sairə qeyri-insani və qəddar əməllər istər daxili qanunvericilikdə, istərsə də beynəlxalq cinayət hüququnda insanlığ əlehinə cinayətlər kimi tövsif edilir.
Hər zaman olduğu kimi, xalqımız üçün ən əğır məqamda Ulu Öndər Heydər Əliyev bütün dünya ictimaiyyətinin diqqətini 20 yanvar faciəsinə yönəltdi. Artıq yanvarın 21-də Sovet rejiminin qadağalarına və həyatına olan təhlükələrə rəğmən, Ümummilli Lider Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, faciənin təşkilatçılarını törətdikləri cinayətlərə görə ittiham etdi və rəsmi açıqlama verilməsini tələb etdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.
Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ulu Öndərin tarixi sözləri bir daha yada düşür: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq, həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.”
Ulu Öndərin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.
Azərbaycan xalqının ümumi rəyini özündə əks etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi.
1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verilib.
20 Yanvar günü Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir.
Ümummilli Lider Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Ölkə Başçısının vurğuladığı kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.